"O, oğru müharibəsinin strateqiydi" - Ded Xasanın azərbaycanlı “sağ əli”nin öldürülməsi Moskvanın kriminal aləmini həmişəlik dəyişdirdi


"O, oğru müharibəsinin strateqiydi" - Ded Xasanın azərbaycanlı “sağ əli”nin öldürülməsi Moskvanın kriminal aləmini həmişəlik dəyişdirdi
 
İyul ayının əvvəlində “qanuni oğru” Hacı Beyləqanski 2012-ci ilin aprelində Moskvanın mərkəzində İlqar Danabaşı güllələdiyinə görə 19 il azadlıqdan məhrum olunub.
 
Danabaş  “qanuni oğru”, eləcə də bir zamanlar bütün postsovet məkanında ən nüfuzlu kriminal avtoritet olan Ded Xasanın silahdaşı və müşaviri idi.

Danabaşın öldürülməsi oğru klanları müharibəsində dönüş nöqtəsi olub: əslində bu, bir zamanlar hər şeyə qadir olan Ded Xasanın kriminal imperiyasının sonunun başlanğıcı idi.
 
Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu cinayətin necə açıldığını Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin istintaqda iştirak edən əməkdaşları söyləyiblər.
 
Məlumata görə, Rusiya kriminal aləminin lideri Aslan Usoyanın (Ded Xasan) silahdaşı və müşaviri, kriminal aləmdə İlqar Danabaş kimi tanınan İlqar Əliyev 2012-ci il aprelin 19-da Moskvadakı Presnenski Val küçəsində, məşhur “16 ton” klubunun qarşısında öldürülüb.

Killer səkidə dayanıb Əliyevin ağ rəngli “Land Cruiser”inin ona yaxınlaşmasını gözləyib. İş günü həmişə Presnensky Valda tıxac olur və burada maşınlar yavaş sürətlə hərəkət edirlər. Yerli vaxtla saat 15:15-də həmin avtomobil killerin gözündən yayınmayıb.
 
Qatil səkidən yolun kənarına çıxıb, trolleybusu keçib, hərəkətdə olarkən sviterinin altından tapançanı çıxarıb, “Land Cruiser”in sürücüsünün qapısına yaxınlaşıb və iki dəfə Əliyevə, sonra da ön oturacaqda oturan qadına tərəf atəş açıb.

Qadın həmin an sol əlində tutduğu telefonla danışıb. Güllə biləyini, sonra “Nokia” telefonunu deşib və başına dəyib. Qadın sağ qalıb, ancaq atəş açanın üzünü görə bilməyib.
 
Bununla belə, killeri iki şahid aydın şəkildə görüb: biri trolleybusdakı sərnişin, digəri qonşu maşınlardan birindəki qadın sürücü olub.
 
Bazarlara nəzarət edən
 
Bir saat sonra bütün əməliyyat xidmətlərinin onlarla əməkdaşı hadisə yerinə toplaşıb.
 
İlqar Əliyev postsovet məkanındakı cinayət aləminin liderlərindən biri Ded Xasanın yaxın ətrafına daxil idi. Əliyevə "Dədənin katibliyinin müdiri" deyirdilər.
 
2012-ci ilin reallıqlarını nəzərə alaraq əməliyyatçılar qatilin “qanuni oğru” Rövşən Caniyevin (Lənkəranski) çevrəsindən biri olduğuna şübhə etmirdilər.
 
Ədliyyə polkovniki, Rusiya İstintsaq Komitəsinin Moskvanın Şimal-Qərb dairəsi üzrə İstintaq idarəsinin rəhbəri Aleksey Pişulinin sözlərinə görə, (bu iş onun rəhbərliyi ilə araşdırılıb) o zaman Ded Xasan və Rövşən Lənkəranski klanları arasında hələ 2008-ci ildə başlayan Moskva bölgəsindəki bazarlar üzərində nəzarət müharibəsi getdiyi yaxşı bilinirdi.

İlqar Danabaş, əslində, bu oğru müharibəsinin beyin mərkəzi olan strateq idi.
 
“Daxili İşlər Nazirliyinin və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları çox keçmədən bizə bazarlara və tərəvəz bazalarına baxanın Əliyev olduğu barədə məlumat verdilər: bazarlara sahib olan şirkətlərə himayədarlıq və hücumlardan qorunma təmin edir, ayrıca kreditlərin və borcların geri ödənməsinə nail olurdu”, - Pişulin deyib.
 

Polkovnik Pişulinin sözlərinə görə, məhz Danabaş Ded Xasanın imperiyasında əsas fiqurlardan idi - hüquq-mühafizə və nəzarət orqanlarındakı korrupsiya əlaqələrinə məsul idi və bu səbəbdən çox məlumata malik olub.
 
Ded Xasan onun ölümündən sonra, xüsusilə paytaxtdakı ən böyük meyvə və tərəvəz bazaları üzərində - o cümlədən Biryulevdəki nəzarəti sürətlə itirib. Həmin bazar ildə “Dədənin” “obşak”ına 9 milyon rubla yaxın gəlir gətirirdi.
 
Cinayətin aydın motivinə baxmayaraq, qətldən dərhal sonra Danabaşı kimin dəqiq vurduğu məlum deyildi.
 
Sirlərlə bürünmüş iş
 
Qısa müddətdə öldürülən İlqar Danabaşın formal olaraq Moskvanın mərkəzindəki Povarskaya küçəsindəki “Karetny Dvor” restoranının administratoru siyahısına salındığı məlum olub. Bura eyni zamanda Ded Xasanın mənzil-qərargahı idi. Danabaşın yaralanan sevgilisi – 2008-ci ildən onunla vətəndaş nikahında olan qadın həmin restoranda ofisiant kimi işləyib.
 
2013-cü ilin əvvəlinə qədər Danabaşın hay-küylü qətli ilə bağlı cinayət işinin araşdırılması heç bir nəticə vermir: öldürülən “qanuni oğru”nun ətrafındakılardan heç biri tutarlı dəlil vermirlər. Bəzən müstəntiqlər açıq-aşkar yalanlarla qarşılaşırlar - məsələn, “Karetny Dvor”un direktoru bəyan edir ki, məhz o Danabaşa restoranın adminstratoru olmağı təklif edib. Guya Əliyev daimi müştəri olub və hər zaman onun diqqətini çəkən hər hansı bir pozuntuya reaksiya verib.
 
Dindirlənlərin hamısı Danabaşın restoranda işləməkdən başqa bir şey etmədiyini və qazancının yalnız 10 min rubl maaş olduğunu iddia ediblər.
 
Sui-qəsd zamanı güllə yarası alan hətta qız da iddia edib ki, “qanuni oğru”nun işindən qətiyyən xəbərdar deyil: guya o, bütün danışıqları yalnız Azərbaycan dilində aparıb və o, bu dili bilmir. Cinayət aləmi ilə heç bir əlaqələri olmayan güllələnmə anının şahidləri də əvvəlcə onlara təqdim olunan fotoşəkillərdə qatilin kimliyini tanıya bilməyiblər.
 
Bu arada, Danabaşın öldürülməsindən doqquz ay sonra, 75 yaşlı Ded Xasan, həmin “Karetny Dvor” restoranının girişində ölümcül yaralanıb. Killer Rusiya cinayət aləminin liderini 2013-cü il yanvarın 16-da yerli vaxtla saat 13:55-də güllələyib.
 
Ələkeçməz oğru
 
Ded Xasanın dəfn mərasimindən qısa müddət sonra, hüquq-mühafizə orqanlarına əməliyyat məlumatları gəlməyə başlayır və nəticədə onun sağ əlinin, Danabaşın qətlinin açılmasına imkan yaranır.
 
“İstintaq müəyyənləşdirib ki, 2012-ci ilin dekabr ayında Rövşən Lənkəranski Birləşmiş Ərəb Əmirliklərindəki toplantı zamanı o vaxt 30 yaşı olan və indi Hacı Beyləqanski kimi tanınan Hacı Talıbxanlını taclandırıb. Lənkəranski həmin tədbirdə açıq şəkildə söyləyib ki, Hacı ona yaxın adamdır, Danabaşı məhv etdiyinə görə “qanuni oğru” tituluna layiqdir”, - Pişulin vurğulayıb.
 
Onun sözlərinə görə, istintaq zamanı məhz Hacı Beyləqanskinin Danabaşın ölümündən sonra Moskva regionundakı meyvə və tərəvəz bazalarını tamamilə nəzarətinə götürdüyü də müəyyənləşdirilib.
 
Ancaq Lənkəranski özü 2012-ci ildən sonra Ded Xasanın adamlarının ondan intiqam alacağından çəkindiyindən Rusiyaya gəlməyib.
 
Nəticədə, 2013-cü ilin sonunda əməliyyatçılar, “qanuni oğru” Danabaşı vuran Hacı Beyləqanskinin olduğunu təsbit ediblər. Beyləqanski isə həmin vaxt gah Dubayda, gah da İstanbulda yaşadığından Rusiyaya gəlməyib.
 
Bundan əlavə, “qanuni oğru” hərdən Kiyevə də gələrək tərəfdarları ilə görüşlər keçirib və külli miqdarda pul alıb. Ancaq 2018-ci ilin aprelində Beyləqanski Rusiya paytaxtındakı bazarlara nəzarətin başqa qruplara keçdiyini hiss edib. O vaxta qədər patronu Rövşən Lənkəranski artıq iki il idi ölmüşdü: qatillər onu 2016-cı ildə İstanbulda vurmuşdular.
 
Buna görə Beyləqanski, digər mütəşəkkil cinayətkar qrupların nümayəndələri ilə Moskva regionundakı təsir sahələrinin yenidən bölüşdürülməsi ilə bağlı danışıqlara başlayır. Ancaq razılaşmaları imzalamaq və itirilmiş mövqeləri bərpa etmək üçün Beyləqanski Moskvaya gəlməli idi. “Qanuni oğru” doğma qardaşının xarici pasportu ilə Vnukovo hava limanına uçur.
 
Məhkəmə davası
 
Hacı Beyləqanski 2018-ci il mayın 31-də “Ağ ev” restoranında tutulur. Ertəsi gün “qanun oğru”ya qətldə və qanunsuz silah saxlamada, daha sonra sənədlərin qanunsuz istifadəsində günahlandırılaraq ittiham irəli sürülür.
 
Polkovnik Pişulinin qeyd etdiyi kimi, istintaq Hacı Beyləqanskini qatil kimi tanıyan şahidlərin təhlükəsizliyini təmin etməli olur. Eyni zamanda, “qanuni oğru”nun müdafiəsi müstəntiqlərə fəal şəkildə qarşı çıxır: onlar yalan şahidlər və sənədlərin saxta surətlərini tapırdı.
 
Beyləqanskinin dünyanı gəzib-dolaşdığı pasportlarının orijinallarını isə vəkilləri istintaqa təqdim etməkdən imtina edirlər. Sonda bütün mübahisələri təkzib edildikdə, “qanuni oğru”nun müdafiəçiləri istintaqın qeydiyyat bazalarının və hətta aviabiletlərin məlumat bazasının saxtalaşdırıldığını bildirirlər.
 
Cinayət işinin bütün materialları araşdırılandan sonra yekdil qərar qəbul olunur: istintaq tərəfindən toplanan dəlillər İlqar Danabaşın qatilinin Hacı Beyləqanski olduğunu açıq şəkildə göstərir. O, cəzasını ciddi rejimli həbsxanada çəkməklə 19 il azadlıqdan məhrum olunur.
 
Hacı Beyləqanskinin vəkilləri hökmdən şikayət edirlər, ancaq Ali Məhkəmə onu qüvvədə saxlayır.
 
Beləliklə, Ded Xasanın ən yaxın köməkçisini öldürən “qanuni oğru” iyulun 5-də həbsxanaya göndərilir.
Tarix: 27-07-2021, 09:06
Xəbəri paylaş





Xəbər lenti