Bu həftə Bakıda Azərbaycan, Pakistan və Türkiyə parlamentləri sədrlərinin və nümayəndə heyətlərinin ilk üçtərəfli iclası keçiriləcək. İclasda "Bakı Bəyannaməsi" adlı üçtərəfli sənədin imzalanma mərasiminin keçiriləcəyi gözlənilir.44 günlük İkinci Qarabağ Müharibəsi dövründə yadda qalan məqamlardan biri də ölkə boyu hər yerdə - küçələrdə, binalarda, müxtəlif tədbirlərdə Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı üçüncü ölkənin də bayrağının qaldırılmasıdır. O bayraq Pakistanın idi.
"Azərbaycanın Qarabağ müharibəsində qələbəsi və öz ərazi bütövlüyünü bərpa etməsi hər bir müsəlman, hər bir pakistanlı üçün möhtəşəm hadisədir", - bu sözləri Pakistan Quru Qoşunlarının komandanı, ordu generalı Qamar Caved Bacva Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşərkən deyib. Pakistanın yüksək səviyyəli hərbi nümayəndə heyəti Azərbaycanda ötən ayın sonunda olub.
Qamar Caved Bacva ilə görüşdə Prezident Əliyev "Pakistanın və Azərbaycanın iki qardaş ölkə" olduğunu və İslamabadın Bakıya verdiyi dəstəyi qeyd edib: "Biz, xüsusilə İkinci Qarabağ müharibəsində Pakistanın Azərbaycana göstərdiyi çox fəal dəstək mövqeyinə görə minnətdarıq".
Pakistan 1990-cı illərin əvvəllərində Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət idi. Pakistan həmçinin Azərbaycanın bəzi ərazisini işğal etməsi faktına görə uzun illər Ermənistanı tanımayıb və onunla diplomatik əlaqələr qurmayıb. İkinci belə ölkə Türkiyədir.
Rəsmi olaraq İslam Respublikası adlanan Pakistanı azərbaycanlılara və Azərbaycana yaxın edən təkcə dini və mədəni yaxınlıq deyil. Hər iki ölkənin qarşılaşdığı siyasi problemlər də bənzərdir. "Azərbaycan Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyir. Bizim açıq mövqeyimiz dəfələrlə nümayiş etdirilib. Bu mövqe ədalət, beynəlxalq hüquq və qardaşlıq əlaqələrimizə əsaslanır. Biz bütün məsələlərdə qardaşlarımızı dəstəkləməliyik", - Prezident Əliyev general Bacva ilə görüşündə deyib.
2019-cu ildə Dehli, Hindistanda yeganə müsəlman çoxluqlu ştat olan Kəşmirə verdiyi muxtariyyatı ləğv edib. Kəşmirin bir hissəsinə isə Pakistan nəzarət edir. Azərbaycan beynəlxalq tədbirlərdə Kəşmir məsələsində Pakistanın yanında olduğunu nümayiş etdirir.
Pakistan da, öz növbəsində, Azərbaycan müstəqilliyini elan edən ilk gündən onun ərazi bütövlüyünü dəstəkləyib və hazırda Azərbaycanla hərbi əlaqələri genişləndirməyə çalışmaqdadır.
BMT qətnamələrində Pakistanın rolu Politoloq Rasim Musabəyov hesab edir ki, Azərbaycan üçün Pakistanın siyasi dəstəyi vacibdir. O əlavə edir ki, Pakistan Azərbaycanı müstəqilliyinin elan olunmasının ilk günündən ardıcıl olaraq dəstəkləyib. "Pakistan müsəlman dövlətidir, nüvə silahına malikdir, əhalisi 250 milyondur. İndoneziyadan sonra Pakistan ən böyük əhalisi olan ikinci müsəlman dövlətidir".
Rasim Musabəyov xatırladıb ki, 1993-cü ilin aprelində, Kəlbəcərin işğal olunması məsələsi BMT-nin Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılarkən Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edən 822 saylı qətnamənin qəbul edildiyi iclasa məhz Pakistan sədrlik edib: "Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən qətnamələr Pakistanın dəstəyi ilə qəbul olunub".
Hərbi əməkdaşlığa aparan yol Hərbi ekspert Murad Sadəddinov Azərbaycan-Pakistan ikitərəfli münasibətlərin Heydər Əliyev və Pərviz Müşərrəf dövründə yeni keyfiyyət aldığına diqqəti çəkib. Onun sözlərinə görə, həmin dövrdə Pakistan Azərbaycana "Qarabağın işğaldan azad olunmasında hərbi yardım göstərəcəyini və işğaldan azad olunmasında yaxından iştirak edəcəyini" vəd edib.
Hərbi ekspert tərəflər arasında 2000-ci ildə Tehranda İqtisadi Əməkdaşlıq Çərçivəsində keçirilmiş danışıqların və verilmiş bəyanatların da əhəmiyyətini yada salıb.
"Bu, çox ciddi və ikitərəfli hərbi əlaqələrin gələcəyi üçün mühüm rol oynamış bəyanat idi. Həmin görüşdən sonra iki ölkə arasında hərbçilərin qarşılıqlı səfərlərinin intensivliyi artmağa başladı," - Sadəddinov deyib.
Azərbaycanlı hərbi ekspert Sadəddinov İslamabadın Bakıya verdiyi dəstəyin daha bir vacib aspektinə toxunub: Pakistan nüvə silahına sahib yeganə müsəlman ölkəsidir, həm də həmin silahı daşıya bilən müasir raketləri də var.
"Bəzi dəyərləndirmələrə görə, Pakistanın onlarla nüvə silahı vahidi var. Bu, qeyri-rəsmi məlumatdır. Lakin Türkiyənin dəstəyi ilə yanaşı, belə silahı daşıya bilən müasir raketlərin mövcudluğu da Azərbaycan üçün ciddi mənəvi və siyasi təminatdir və bir növ təhlükəsizlik çətiri rolunu oynamış olur," - Murad Sadəddinov qeyd edib.
Politoloq Rasim Musabəyova görə, Pakistanın nüvə ölkəsi statusuna baxmayarq, Bakı üçün "ilk növbədə Pakistanın siyasi dəstəyi mühüm əhəmiyyət kəsb edir". Onun qənaətincə, Pakistanla sıx müttəfiqlik əlaqələri Bakı üçün ilk növbədə İslamabadın verdiyi etibarlı siyasi dəstək anlamında qiymətlidir.
"Pakistanın nüvə dövləti statusuna sahib olması - bu, əbəttə ki, ilk növbədə, siyasi dəstəkdir, amma eyni zamanda da Azərbaycanı hədələmək fikrinə düşənləri, Ermənistanın tərəfini saxlayan nüvə ölkələrini Azərbaycana və Azərbaycanı dəstəkləyən Türkiyəyə həddən artıq təzyiq göstərmək cəhdlərindən çəkindrə biləcək bir amildir," - Musabəyov deyib.
Hərbi təcrübə mübadiləsi Təhlilçi qeyd edir ki, hərbi sahədə əməkdaşlığın perspektivi baxımından Pakistan 40-50 ildir ki, Hindistanla dağlıq ərazidə mübarizə aparması və müvafiq təcrübəyə malik olması nəzərə alınmalıdır.
"Pakistanın çox yüksək hazırlıqlı dağlıq ərazidə əməliyyatlar aparan xüsusi təyinatlı bölmələri var. Və bu mənada Azərbaycan üçün həm təcrübə, həm taktika baxımından Pakistanın dağ xüsusi təyinatlılarının taktika və təcrübəsi vacib idi. Və düşünürəm ki, bu sahədə Pakistan Azərbaycana müəyyən yardım göstərib,"- Rasim Musabəyov əlavə edib.
Hərbi-sənaye kompleksi Təhlilçilərin fikrincə, Bakı ilə İslamabad arasında hərbi-texniki əməkdaşlığın digər bir istiqaməti Pakistanın müəyyən dərəcədə Çinin dəstəyi ilə istehsal etdiyi hərbi təyyarələri ola bilər. "Azərbaycanın Pakistandan bir neçə ədəd JF-17 təyyarələri alması ilə bağlı məlumatlar olub," - Murad Sadəddinov xatırladıb.
Rasim Musabəyov Pakistanın istehsal etdiyi ən son model hərbi təyyarələrinin 5-ci nəsilə yaxın olduğunu, "hər halda ən azı 4+ nəsil səviyyəsinə aid edilə biləcəyini" qeyd edib.
Musabəyovun sözlərinə görə, Azərbaycan Pakistanın hərbi təyyarə istehsalına "maraq göstərir, planlar mövcuddur, müəyyən danışıqlar aparılır, amma bu məsələ hələ götür-qoy ediləsidir, çünki Qarabağ müharibəsi, əslində, dronlardan istifadə edilməsinin daha effektiv olduğunu göstərib".
Millət vəkili Azərbaycanın Türkiyə ilə birlikdə hərbi sənaye kompleksini inkişaf etdirmək niyyətində olduğunu da xatırladıb.
"Azərbaycanın bu sahədə imkanları Türkiyə və Pakistanın imkanları qədər olmasa da, mütəxəssislərimizin və maliyyə imkanlarımızın mövcudluğu hərbi təyinatlı məhsulun buraxılmasında üçtərəfli əməkdaşlığı faydalı edir. Bizim hərbi məhsul bazarımız böyük olmasa da, Türkiyə və Pakistanın bazarı həcmcə böyükdür və bü cür əməkdaşlıq layihələri çərçivəsində buraxılan məhsula tələbat əvvəlcədən təmin olunur," - Musabəyov söyləyib.
Minalanmış ərazilərin təmizlənməsi Pakistanın Azərbaycana yardım göstərməyə hazır olduğu daha bir sahə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsidir. Müdafiə naziri Zakir Həsənovla danışıqlar zamanı bu məsələyə pakistanlı general Bacva diqqət yetirib.
"Ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesində pakistanlı mütəxəssislər iştirak etməyə hazırdır," - general vurğulayıb.
Prezident Əliyevlə görüşü zamanı isə Pakistanın Quru Qoşunlarının komandanı daha bir diqqəti çəkən məsələyə toxunub.
"Azərbaycanla bizim ortaq tərəfdaşlarımızdan biri də Türkiyədir. Sizin "bir millət, iki dövlət" dediyiniz kimi, Türkiyə bizim də qəlbimizə çox yaxındır. Dünyada ən yaxın əlaqələrimiz Türkiyəylədi. Hər üç ölkə arasında sıx əlaqələrin olması əməkdaşlığımız üçün hədsiz imkanlar açır," - pakistanlı general deyib.
Pakistanı Türkiyəyə bağlayan nədir? Bəs Türkiyə, generalın dediyi kimi, ''Pakistanın qəlbinə'' niyə bu qədər yaxındır? BBC Türkce xidmətinin jurnalisti Ece Göksedefin sözlərinə görə, bu əlaqələrin tarixçəsi ən azı yüz il bundan əvvəlki dövrə, Hindistanın Britaniyanın müstəmləkəsi olduğu zamana gedib çıxır.
"O zaman Pakistan hələ siyasi xəritədə yox idi, Hindistan müsəlmanları isə Osmanlı imperiyasını müsəlman aləminin mərkəzi qüvvəsi sayırdılar".
Birinici Dünya Müharibəsindən sonra Türkiyənin xarici qüvvələr tərəfindən işğalı onun Britaniya protektoratına çevrilməsinə gətirib çıxardı. Məhz həmin illərdə müsəlmanların etiraz dalğası, o cümlədən Mahatma Qandinin Britaniyanın Hindistanda müstəmləkəçi üsul-idarəçiliyinə qarşı başladığı müqavimət hərəkatını da enerji ilə təmin etdi.
Həmin dövrdə Hindistanda yaranmış müsəlmanların kütləvi "Xilafət hərəkatının" əsas məqsədi işğal altında olan Türkiyəyə dəstək verilməsi idi", - Ece Göksedef qeyd edir.
Böyük sayda Hindistan müsəlmanları Türkiyənin işğala qarşı savaşında iştirak etmək üçün həmin illərdə bu ölkəyə yollanıblar.
Türkiyə XİN-in saytında Pakistanla qurulmuş sıx əlaqələrin təməlinə işıq salan yazıda Pakistan xalqının Türkiyənin müstəqillik uğunda mübarizəsində oynadığı rol barədə bunlar yazılıb: "Qurtuluş Savaşımıza alt qitədə yaşayan müsəlmanların verdiyi dəstək şüurumuzda xüsusi yer tutur".
"Digər tərəfdən isə, Türkiyənin müstəqillik uğrunda apardığı mübarizə və müasir bir dövlət qurulması işində qazandığı uğur Pakistan xalqını bu yolla irəliləməyə ilhamlandırıb", - Turkiyə XİN-i qeyd edib.
Türkiyədə müstəqillik savaşında qələbə qazandıqdan 25 il sonra Hindistan da müstəmləkə buxovunu, nəhayət qıra bilib, 1947-ci ildə Hindistan müsəlmanları müstəqil Pakistan dövlətinin yaranmasını elan ediblər.
Ece Göksedef qeyd edir ki, həmin dövrdə təzəcə ayaq üstə duran Pakistan dövləti üçün milli pul vahidi - rupi əskinaslarını çap edib ölkəyə təcili çatdıran məhz Türkiyə olub.
O vaxtdan bəri Türkiyə "daima Pakistanın yanında olub, qardaş ölkəyə dəstəyini əsirgəməyib və hazırda da Ankara ilə İslamabad arasında bütün sahələrdə sıx əməkdaşlıq mövcuddur".
2010-2107-ci illərdə ABŞ-ın Pakistanla hərbi sahədə münasibətləri geriləməyə başladı, ABŞ Pakistana hərbi sənaye məhsulunun satışını kəskin sürətdə məhdudlaşdırdı.
Bunu görə Türkiyə dərhal Pakistana yardım əlini uzadıb: 2017-2019-cu illərdə Türkiyənin Pakistana ixrac etdiyi hərbi məhsulunun həcmi üçqat artırılıb.
2016-ci ildə isə Türkiyədə hərbi çevriliş cəhdinin qarşısı alındıqdan sonra, ABŞ-ın Türkiyə ilə münasibətlərində problemlər yarandı, ABŞ türkiyəli hərbi pilotlara təlim keçirilməsinə əngəllər yaratmağa başladı. Həmin dövrdə bu dəfə Pakistan Türkiyəyə bu məsələdə yardım əlini uzatdı.
Uçtərəfli hərbi təlim planları Hərbi ekspert Murad Sadəddinova görə, Pakistan ordusu regionun ən mükkəmməl ordularından biridir və hərbiyyənin bütün sahələrində bu ölkə ilə əməkdaşlıq və təcrübə mübadiləsi Azərbaycan üçün faydalı olacaq.
Azərbaycan son aylarda Türkiyə ordusu ilə birgə müxtəlif qoşun növləri üzrə ardıcıl təlimlər keçirir. Yaxın zamanlarda bu cür təlimlərə, görünür, Pakistan da qoşulacaq. Uçtərəfli Azərbaycan-Türkiyə-Pakistan hərbi təlimləri sentyabr ayına təyin olunub. Bunu mətbuata müdafiə naziri Zakir Həsənov söyləyib.
Nazirin sözlərinə görə, Prezident Əliyevin tapşırığı ilə "Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlı qüvvələrinin birgə təlimləri keçirilməlidir".
"Biz buna hazırlıqlar görürük, artıq ekspert qruplarının bir qismi Azərbaycandadır, təlim ərazilərini yoxlayırlar. Onlar bizim hazırlığımızı yüksək qiymətləndirirlər", - Azərbaycanın müdafiə naziri vurğulayıb. (BBC Azərbaycanca)
Tarix: 27-07-2021, 14:23