HƏBSXANAYA BƏNZƏR MÜHACİR HƏYATI – Avropa heç də hamıya xoşbəxtlik bəxş etmir...


"Almaniyada özünüzlə bağlı hər hansı kiçik bir məlumatı gizlətsəniz, bu, deportasiya olunmağınıza gətirib çıxara bilər".
Bunu "AzPolitika.info"-nun əməkdaşı ilə söhbətində Almaniyada sığınacaq alaraq 4 ilə yaxın yaşamış Asif Muradov deyir. O, iki il əvvəl deportasiya olunaraq Azərbaycana göndərilib. Həmsöhbətimiz qeyd edir ki, buna səbəb Almaniyaya gələrkən, İtaliya ərazisindən istifadə etdiyini miqrasiya xidmətindən gizlətməsi olub. "Bu səbəbdən, müddətsiz olaraq deportasiya ilə üzləşdim. Buradan aydın olur ki, məsələ təkcə sənədlərdə deyil, kiçik yalanlar belə bəzən, böyük problemlərə səbəb olur", - deyə A. Muradov qeyd edir.
İtaliyada mühacir həyatı yaşayan Soltan Quliyev isə yerli orqanlar tərəfindən necə cərimələnməsindən bəhs edir. Onun sözlərinə görə, Avropa ölkələrində sənədlərindən biri saxta olan əcnəbini həbs və ya cərimə gözləyir: "İtaliya ərazisinə daxil olarkən, məndən bu ölkədə nə qədər qalacağımı soruşanda "1 həftə" dedim. Əslində məqsədim işləmək və uzun müddət İtaliyada yaşamaq idi . 3-4 ay sonra yaşadığım ünvana məhkəmə qərarı gəldi. Orada ya həbs olunacağım, ya da 900 avro cərimə ödəməli olduğum yazılmışdı. Göstərilən məbləğdə cəriməni hissə-hissə ödəməli oldum. Hazırda hər ay 30 avro ödəyirəm"

Son onillikdə Azərbaycandan Avropa ölkələrinə və ABŞ-a mühacirət edənlərin sayı kəskin artıb. Təkcə siyasi fəaliyyətlə məşğul olanlar deyil, rahat həyat, yüksək maaşlı iş axtaranlar da müxtəlif yollarla inkişaf etmiş ölkələrə üz tutub. Bu sırada təəssüf ki, yüksək ixtisaslı kadrlar, Qərbin nüfuzlu ali məktəblərinin məzunları, iş adamları da var. Onlar üçün Avropaya, ABŞ-a getmək asan və rahat olsa da, bu heç də bütün mühacirlər üçün əlçatan deyil. Xüsusən, mühacir alverçilərinin vədlərinə aldananların ümidləri qısa müddətdə puç olur, külli miqdarda vəsaitləri əllərindən çıxır, sonda oturum ala bilməyərək deportasiya edilirlər.
Qeyd edək ki, Avropa İttifaqı ilə Azərbaycan hökuməti arasında "Readmissiya Sazişi" var. Həmin sənədə görə, qanunsuz miqrantlar Avropa hüdudlarından deport olunduqdan sonra hökumət onların təhlükəsiz yaşamasına, təqib edilməməsinə təminat verməli, habelə sosial rifah problemlərini həll etməlidir.
Ölkədən mühacir axını bu sahədən varlanmaq istəyən işbazların çoxalmasına şərait yaradıb. Onların bəziləri haqqında hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülüb. Məsələn, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, vətəndaşların külli miqdarda pulunu mənimsəyərək, onlara saxta vədlər verib xarici ölkələrə göndərən bir sıra şirkətlər var. Bildirilir ki, 2021-ci ilin 10 iyul tarixində "No Border Travel Agency" MMC-nin rəhbəri Ramin Hacılı, "Yes Travel" MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov vətəndaşların külli miqdarda pulunu mənimsəyərək onlara viza alınması və mühacir statusunun veriləcəyi vədləri ilə qeyri-qanuni yollarla sənədlərin saxtalaşdırılmasını həyata keçiriblər. DİN adıçəkilən şəxsləri Cinayət Məcəlləsinin 178.3.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) maddəsi ilə şübhəli şəxs qismində həbs edilib.

Dövlət Miqrasiya Xidməti (DMX) vətəndaşları belə hallar zamanı diqətli olmağa, bu kimi elanlarla qarşılaşarkən Xidmətin "qaynar xətti"-nə müraciət etməyi tövsiyə edir. "Əgər, artıq ölkəni tərk etmisinizsə, oradakı Azərbaycan nümayəndəliklərinə müraciət edə bilərsiz", - DMX bildirir. 
Qeyd edək ki, koronavirus pandemiyası dünyada miqrasiya axınlarına da ciddi zərbə vurub. Sərhədlərin bağlanması, müxtəlif sərt qadağalar insaların hərəkətini kəskin məhdudlaşdırıb. Nəticədə, Azərbaycandan gedənlərin sayında da hədsiz azalma qeydə alınıb. Bunun əksinə, Avropa ölkələrindən deportasiya edilən azərbaycanlıların sayı xeyli artıb. Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumata görə, 2021-ci ilin ilk 6 ayı ərzində xarici ölkələrdən 201 azərbaycanlı deportasiya olunub. Onların əksəriyyəti Almaniyada məskunlaşmış mühacirlərdir. Avropadakı mühacirlərdən biri "AzPolitika.info"-ya bildirirb ki, həbs düşərgələrində, həbsxanadan fərqlənməyən kamplarda minlərlə azərbaycanlı var: "Əgər sığınacaq almaq istəyirsənsə, bu kamplarda dünyanın müxtəlif yerlərindən gələn əcnəbilərlə bir yerdə yaşamaq məcburiyyətindəsən. Fərqli mədəniyyətə, adət-ənənəyə, dinə, dilə məxsus insanların bir arada yaşaması çox çətindir. Bu səbəbdən tez-tez müxtəlif anlaşılmazlıqlar və mübahisələr baş verir. Belçikada yaşadığımız kampı tez-tez dəyişməyə məcbur olduğuma görə bir neçə məktəb dəyişməli oldum. Onlara uyğunlaşmaq çox çətindir və orada qalmaq heç də siyasi sığınacaq veriləcəyi anlamına gəlmir. Məsələn, 7 ildir bu düşərgələrdə yaşayan birinə sonda rədd cavabı verilmişdi. O, mənim təsəvvürümdə bu müddətdə günahsız yerə həbs həyatı yaşayan insan idi..."
Tarix: 12-08-2021, 22:49
Xəbəri paylaş





Xəbər lenti