Gəncliyimdən azadlığımı heç kimə, valideynlərimə belə vermədim


Bu dünyadan nigarançılğı əsərlərinin yarımçıq taleyi ola biləcəyini düşünən bəstəkar Cavanşir Quliyevlə sənət və cəmiyyət barədə söhbət
Özündən əvvəl mahnılarıyla başlayıb tanışlığımız. Qırx ilin sönbətidir. Üstündən təqribən on il sonra şəxsi tanışlığa imkanımız olub. Sovetin axır-axırıydı o vədə. Çox adamın başında dəli bir sevda, azadlıq havası… Bizim qəhrəman da belələrindəniydi. Peşəsi, ürəyi-diləyilə səfərbəriydi, meydanlarda səsini ucaldırdı.
Təkrarən müstəqilliyə qovuşan Azərbaycanımızın həyatı kimi, onun da taleyində çox sınaqlar oldu. Amma usanmadı, çarpışmağa, ayaq üstə durmağa, çalışmağa özündə güc-qüvvə tapdı. İndi deyəsən yaxşıya doğru dəyişikliklər, şad xəbərlər qapısını döymək üzrədir. Hər halda bəzi hadisələrin gedişatı, münasibət sanki bundan xəbər verməkdədir. Yaxın əyləşin, oxuyun, baxın, dinləyin, daha ətraflı onun dilindən eşidin.  
Tanışılıq:
Cavanşir Rəhim oğlu Quliyev 1950-ci il noyabrın 22-də Şəkidə doğulub. Orta məktəbi 1967-ci ildə rus dilində bitirib. 1968-ci ildə Şəki Musiqi Texnikumunda tar ixtisası üzrə təhsilini tamamlayıb. Bakıya üz tutub. Elə həmin il Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyasının (BMA) Xalq çalğı alətləri fakültəsinin tar şöbəsinə daxil olub. İki ildən sonra təhsilini bəstəkarlıq fakültəsində davam etdirib və 1975-ci ildə görkəmli bəstəkar, professor Cövdət Hacıyevin sinifini bitirib.                                   
Böyük simfonik orkestr üçün “Birinci Simfoniya” adlı diplom işi yazıb. Hələ tələbə ikən, bəstəkarlıqda eksperimentlərə başlayıb. İkinci kursda oxuyarkən yazdığı “Birinci kvartet”də, gələcəkdə əsas yaradıcılıq prinsipi – milli musiqinin çağdaş bəstəkarlıq texnikası ilə sintezləşdirərək, yeni musiqi tərzinin üzə çıxmasına nail olub. Əsər böyük maraqla qarşılanıb, bəyənilib və uzun müddət “millilik və müasirlik” baxımından yaradıcı mübahisələrə səbəb olub. Konservatoriyalararası bir sıra konfranslarda, o zamanki SSRİ Bəstəkarlar İttifaqında (Moskva) səsləndirilib, böyük maraq doğurub. C.Quliyevin sonradan bu üslubda bəstələdiyi başqa əsərləri Avropanın müxtəlif ölkələrində və Amerikada ifa olunub, ona şöhrət qazandırıb.
Bəstəkar müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir. O, ilk dəfə sazı kamera musiqisində kamanla, violonçellə, fleyta ilə bərabər şəkildə tədbiq edib. C.Quliyev ilk dəfə sazı və zurnanı simfonik və simfo-caz orkestrlərin tərkibinə daxil edib, əsas alətlər şəklində işləyib. Tələbəlik illərindən, yəni 1973-cü ildən başlayaraq 17 il Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində səs rejissoru, sonra üç il Azərbaycan Dövlət Qastrol-Konsert Birliyində bədii rəhbər vəzifəsində çalışıb.
1980 – 1998-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA-da), 1994 – 2003-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərib. Paralel olaraq 1992-ci il sentyabr ayının 1-dən 2005-ci ilədək Akademik Milli Dram Teatrında musiqi hissə müdiri işləyib. 2003-cü ildən Azərbaycən Milli Konservatoriyasının dosenti, 2005-ci ildən professoru, 2005-ci ildən Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitetinin Səhnə sənətləri fakültəsinin professoru, hazırda həm də dekanıdır.
1992-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
-Salam! Hər vaxtınız xeyir, Cavanşir bəy!
– Əleyküm-salam! Aqibətiniz xeyir!
– Vətəndə xoş gördük deməyə adamın dili gəlmir. Amma həqiqət budur ki, artıq uzun illərdir vətənimizdə az olursunuz, nəinki qürbət sayılan yerdə.
– Haqlısınız! İstəməsək də, bu duruma düşmüşük. İntəhası, bir fərq var ki, yaşadığım o yer bizə heç də qürbət sayılmaz. Mən böyük türk dünyasının bir ölkəsindən digər diyarına getmişəm. Yaşadığım, çalışdığım Şimali Kiprdə özümü yad hiss etmirəm. Hər zaman, hər yerdə doğma, xoş münasibət görürəm. Və yəqin ki, məni ruhdan düşməyə, darıxmağa qoymayan məqamlar üçərisində bu dediyim amil də rol oynayır.  
– Adətən kənardan hər şey daha aydın görünür. Bu mənada Azərbaycanda hansı dəyişikliklər gözdən yayınmır?
– Müsbət dəyişikliklər var, bunu danmaq olmaz. Yol infrastrukturu, binaların tikilişi və sair ümumən ürəyaçan və rahatlıq gətirən mənzərədir. Amma adamların sosial durumu haqqında bunu demək çətindir. Səhər-səhər zibil yeşiyində nəsə axtaran yaşlı qadını gördüm. Çox pis təsir elədi mənə. Bir suyu da rəhmətlik nənəmə oxşayırdı… Əvvəllər belə şeylərlə rastlaşmazdıq. Hər halda millətimiz üçün ayıb sayılacaq haldır. Biz belə olmamışıq. Adam axı zibil yeşiyindən yararlı nə tapa bilər? Aidiyyatı qurumlar, şəxslər ciddi düşünməlidir. Vətəndaşın sosial durumunu yaxşılaşdırmaq lazımdır ki, belə xoşagəlməz hallar aradan qalxsın.
– Madam söhbət sosial-iqtisadi vəziyyətdən düşdü, çalışdığınız tanınmamış türk cümhuriyyətiylə bəzi müqayisələri aparmağı istərdim. Üç yüz min nəfər sakini olan neft-qazsız ada-dövlətdən deyəsən görüb-götürməli çox şey var.
– Əslində Azərbaycan kimi müstəqil dövlətlə Şimali Kipri müqayisə eləmək mübahisəlidir. Çünki oranın siyasi-iqtisadi taleyi bilavasitə Türkiyəylə bağlıdır. Siyasi maraq xatirinə Türkiyə daim dəstəkləyir və yardım edir. Ona görə də ciddi sıxıntıları yoxdur.
– Azərbaycanı on altı il əvvəl tərk etdiniz. Şimali Kiprdə dərs deməyə başladınız. Bu, necə deyərlər, kefiköklükdən olan seçim yox, zorən atılan addımıydı…
– Bəli! Məni qınamaq istəyənlərə, “kim getsə də gərək sənin kimi vətənpərvər getməyəydi” söyləyənlərə həmişə deyirəm ki, başqa hansı seçimim varıydı? Əvvəlcə Mədəniyyət və İncəsənət Universitetində, sonra Milli Konservatoriyada dərslərim kəsildi. Telekanalların qapıları üzümə bağlandı. Mahnılarımın efirdə səslənməyinə, haqqımda söz deyilməyinə qadağa qoyuldu. Bəstəkarı ağrısız, iynəsiz məhv eləməyin ən yaxşı üsulu budur. Təsəvvür edin, küncə-bucağa sıxışdırılmış vəziyyətdə, pulsuz-parasız qalmışdım, ən çox yediyimsə çay idi. Çıxış yolu da görünmürdü. Belə olan halda Türkiyəyə, Şimali Kiprə işlə bağlı sorğular göndərdim. Əksər yerdə boş vəzifə yoxuydu. Bəlkə də gözləsəm olardı. Amma darmacallığıydı. Şimali Kipdən müsbət cavab alanda, razılaşdım. Üstəlik, onlar da mənə güzəştə getdilər. Belə ki, həmin il parlament seçkilərinə namizədliyim qeydə alınmışdı. Və prosedura görə, deputatlığa namizəd kimi noyabr ayının əvvəlinədək burada olmalıydım. Fikir verin, dərslər başlayıb, mənsə buradayam. Universitetin rəhbərliyi sağ olsun, mənə imkan yaratdılar. Hərçənd seçilməyəcəyimi öncədən bilirdim. Doğrudur, Şəkidə beş min nəfər tərəfdarım meydana çıxmışdı. Və rəsmi sənədlərdə bunu yerli-dibli danmağı düşünməmişdilər, sayı yarı da olsa göstərmişdilər. Vaxt yetişdi, seçki keçirildi, adım qutudan çıxmadı. Və şələ-küləmi yığıb getdim.
– İyulun 27-də Şuşaya səfər edən nümayəndə heyətində siz vardınız. Nə yaxşı yada düşmüsünüz?
– Səfər Xaricdə Yaşayanlarla İş üzrə Dövlət Diaspora Komitəsinin xəttiylə təşkil olunmuşdu. Heyyət müxtəlif ölkələrdə yaşayan, çalışan həmyerlilərimizdən ibarətiydi. Yetmişdən artıq adam getmişdik. Ötən il mənə komitə medal da vermişdi. Məlum pandemiya şəraitiylə əlaqədar iki iliydi gələ bilmirdim. Medalı bu il təqdim etdilər. Səfər zamanı komitə sədri Fuad Muradovla və əməkdaşlarla yaxşı ünsiyyətimiz yarandı. Xoş təsir bağışladılar. Bu səhər Aztv-yə də dəvət olunmuşdum. Aygün Bəylər üç mahnımı oxudu. Otuz ilə yaxınıydı o qapıdan içəri girmirdim…
– Sizə münasibətin istiləşdiyini söyləmək olar?
– Vallah istiləşmə yox, yumşalma sözü məncə, daha yerinə düşər. Bir dəfə bir vəzifəli şəxsə dedim ki, doğrudanmı günahım belə ağırdı? Bu qədər vaxt təcrid olunmağım, kənarda yaşamağa məcbur edilməyim bəs deyil? Görünür, yavaş-yavaş anlayırlar ki, nahaq belə mövqe tutublar. Daha doğrusu, məmurların bir qismi dəyişib deyə, vəziyyət də fərqli şəkil alıb. İndi vəzifəyə gətirilənlərin bəzisi cavan, hətta lap cavandır. Və onlar da tanıyıb bilmədiyindən mənimlə işləri yoxdur.
– Hər ziyanda bir xeyir var. Kənarda yaşasanız da yaradıcılq baxımından uğurlarınız az deyil.
– Elədir. Ümumən bu illər məhsuldar keçib. Baletlər, oratoriyalar yazmışam, opera başlamışam. Altı əsərimi Türkiyənin Mədəniyyət Nazirliyi qəbul edib. Səhnəyə çıxacağı günü gözləyirəm.
– Mən də bu məsələyə toxunacaqdım. Bilirəm ki, “Oğuznamə” baletiniz neçə ildir bəyənilib. Bəs tamaşası niyə yubanır?
– Burada bəzi məsələlər var. Teatrlar nazirliyin qəbul elədiyi əsərləri gözdən keçirirlər. Yaradıcı və texniki imkanlarıyla üst-üstə düşürsə, o halda əsəri tamaşaya qoyurlar. Yəqin belə münasib şərait hələ yetişməyib. Əlbəttə, orada əsərlərimin ifasına sevinərəm. Amma açığı Azərbaycanda oynanılmasını daha çox arzulayıram.
– Bəs bunun üçün təşəbbüsünüz olub, mədəniyyət nazirliyinə müraciət etmisiniz?
– Təbii ki, etmişəm. Keçmiş mədəniyyət nazirinin dövründə mənə dedilər ki, opera və balet teatrıyla danışmalıyam. Teatrdansa “indi yox, növbəti il baxarıq” söylədilər. Sonra da xəbər çıxmadı. Daha sonra dünyanı pandemiya bürüdü, hər şey dayandı.
– Şuşanı görəndə nə hisslər keçirdiniz?
– Bunu sözlə ifadə eləmək çətin məsələdir. Füzulidən ora yeni çəkilən “Zəfər yolu”yla getdik. Şəhərə çatanda sanki içimdə vulkan püskürdü. Ata-analı illərim, indi həyatda olmayan əzizlərim gəlib gözümün önündə dayandı. Şuşa mənə doğma yerdi. Uşaqlığımın neçə yayı orada keçib.
Söhbətin bu yerində Cavanşir bəyin doluxsunmuş gözləri diqqətimdən yayınmır. O, sakitcə danışmağa çalışır, amma hidd edirəm ki, həyəcanlıdır.
Hər qarışına bələdəm o gözəl, bənzərsiz şəhərin. Dağlardan kəklikokotu yığardıq. Oradakı gül- çiçəyin, otların ətri başqa yerdəkilərdən fərqlənir. Bir özgə aləmdir Şuşa. Adamları, məişətləri, bazar-dükanı – hər şeyilə seçilirdilər… Uşaq vaxtı dağdan kəklilotu yığıb bazara düşəndə gördüyüm bir əhvalat indi də yadımdadır: Demək, kişi kəklikotu satır. Alıcı da çənə vurur ki, bir az ucuz alsın. Amma kişi ayağını dirəyib, qiymətdə düşənə oxşamır. Mən kənarda durub baxırdım. Dözmədim, dedim, ay dayı, bax sən də mənim kimi bu kəklikotunu dağdan yığıb gətirmisən. Əkməmisən, sulamamısan, qulluq eləməmisən. Allahın otudur, öz-özünə bitib, sulanıb, əmələ gəlib. Sən bu hazır şeyi yığıb, azca qurutmaqdan savayı heç nə eləməyə-eləməyə niyə baha verirsən? Kişi hirslənib məni qovdu…(gülür)
– Demək, uşaqlıqdan ədalət axtarırsınız, haqsızlıqla barışmırsınız…
– Axı yan-yörəndə baş verən haqsızlığa necə göz yumasan? Bu gün qonşuna, dostuna, həmkarına qarşı ədalətsizlik varsa, sabah sən də yaxanı kənara çəkə bilməyəcəksən. Haqqın yanında dayanmaq lazımdır.
– Bundan əvvəl axırıncı dəfə Şuşada nə vaxt olmuşdunuz?
– 1987-ci ilin yayında. Həmin il Xankəndində Mirzə Fətəli Axundzadənin iki əsərinin – Lənkəran xanının vəziri” və “Müsyö Jordan və dərviş Məstəli şahı”n əsasında bir tamaşa hazırlayırdılar. Qarşıda festival varıydı.
– Yadıma düşdü, Həmin il Axundzadənin 175 illik yubileyi keçirilirdi. Və Xankəndində tamaşa erməni dilində oynanacaqdı.
– Belə təklif olunmuşdu ki, rejissor və rəssam Yerevandan, bəstəkar və baletmeystr Bakıdan gəlib orada birgə çalışsınlar. Bizdən mən və rəhmətlik Əli Əşari getmişdik. Şuşada qalırdıq. Hər səhər gəzə-gəzə üzüaşağı Xankəndiyə düşürdük. Mehriban münasibət vardı bizə. Heç yadımdan çıxmaz, tamaşa təhvil veriləndə yerli erməni teatrşünaslar, yazıçılar bir bəh-bəh söylədilər, gəl görəsən. Sonra o tamaşanı Bakıda Milli teatrda festival çərçivəsində oynadılar. Şəki teatrı birinci yerə, Xankəndi teartrı ikinci yerə layiq görüldü. Aktrisa Zoya Qalustyan xalqlar dostluğundan elə danışdı ki, hamı hayıl-mayıl oldu. Ermənilər mükafat olaraq iki min beş yüz manat aldı. Amma mənim qonorarım verilmədi… (gülür)
Zoyanın nə adını, nə özünü heç vaxt unutmaram. Təsəvvür edin, noyabrda Bakıda Milli teatrın səhnəsində Axundzadə irsinə vurğunluğundan, xalqlarımızın min illik (?) dostluğundan danışanı az sonra televizorda ermənilərə azadlıq şüarıyla yürüşun başında gedən gördüm. Demək, bunlar neçə illəriymiş xəlvətcə öz planlarını qururmuşlar. Belə məkrli işlər görənlərlə yanaşı yaşamaq ağlabatan məsələ deyil. Bəlkə də nə zamansa mümkün olar, indilikdə çətin. Yaralar dərindi, qaysaq bağlamayıb. Sinəsinə dağ çəkilən minlərlə adam var, müsibətli necə unutsunlar?
Bayaq Şuşayla bağlı danışırdıq. Əlavə onu deyim ki, inşallah tezliklə gözəl görkəmdə qurulacağına inanıram. Gərgin iş gedir. Günəş batareyalarıyla şəhərin enerji təchizatı nəzərdə titulub. Həm qeyri estetik göründüyündən, həm də təhlükəli olduğundan ora qaz xətti çəkilməyəcək. Bütövlükdə Qarabağın bərpası, dirçəldilməsi böyük vəsait tələb edir. Hazırda bildiyimə görə hökumətimiz bu məqsədlə dünya təcrübəsinə söykənib buraya böyük investorları çəlb etməyə çalışır. Bəlkə də vətəndaşlardan “Qarabağ vergisi” şərti adıyla verginin yığılması da tətbiq olundu.
-İnşallah mən də ölkəmizin, xalqımızın tezliklə tam azad, firavan günlərə çıxacağına ümidliyəm. Qayıdaq yaradıcılıq söhbətinə. Mahnılardan savayı, filmlərə, tamaşalara musiqi, oratoriya, balet, marş, himn yazmısınız. Hazırda opera üzərində işləyirsiniz. Belə çoxşaxəli yaradıcılığa baxmayaraq sizi düşünəndə ilk xatırladığım vaxtilə Akif İslamzadənin ifasında zövqümüzü oxşayan mahnılardı. Bax, elə bu səhər də “Aya baxdım” mahnısını dinlədim. Sazla işləməniz və fortepianoyla onu uzlaşdırmağınız qiyamətdir. Belə mahnılar bir də ərsəyə gələcəkmi?
– Yazmışıq, yenə də yazarıq. Şövqümüz, məsuliyyətimiz də yerindədir. Amma ifaçıdan çox şey asılıdır. Qadınların arasında belə bir ifaçı var: Aygün Bəylər. Tam mənada yetişmiş, güclü yaradıcılıq potensialı, səsi, istedadı olan müğənnidir. Kişilərin arasındasa Akif İslamzadəni əvəz edəcək sənətçini görmürəm. Bəlkə də belə bir müğənni var, mən tanımıram. Bəstəkarın uğuru yalnız yaxşı əsər yaratmağında deyil, həm də gözəl ifaçılarla işbirliyindədir. Təkcə Tofiq Quliyevi yada salsaq, yetər. Görün kimlər oxuyub onun mahnılarını: Rəşid Behbudov, Şövkət Ələkbərova, Mirzə Babayev… Hərəsi bir cür gözəl, yaddaqalan…
– Yaxşı tarzən olmaq potensialınız varkən, bəstəkarlığı seçdiniz. Özünüzü Üzeyir bəyin mənəvi nəvəsi –davamçısı kimi neçə hiss edirsiniz?
– Müəllimim rəhmətlik Cövdət Hacıyevi nəzərdə tutub belə deyirsinizsə, onda həm də Şostakoviçin nəvəsiyəm (gülürük). Zarafat bir yana, lütf etdiniz, mənim üçün böyük şərəf olar. Özümü dahi Üzeyir bəyin davamçısı hesab etməyə çətinlik çəkirəm. Onu əminliklə deyə bilərəm ki, rəhmətlik sağ olsaydı, mənə görə utanmazdı…
– Adətən yaşlandıqca müdrikləşən adamlar axirət haqqında fikirləşir. Allah ömür versin, artıq yetmişi keçmisiniz və yəqin dediyim məsələ sizi də düşündürür. Bu dünyadan nigarançılığınız nədən ola bilər?
– Hə, adam qocaldıqca filosof olur (gülür). Vallah nəinki indi, hələ çoxdan bu barədə düşünüb-daşınıram. Hətta, Şəkidə qəbrimin yeri də hazırdır. Ölüm hamı üçün var, sadəcə vaxtını-vədəsini bilmirik. Məncə, adam dünyanın harasında olursa olsun, sonda öz doğulduğu torpağa qayıtmalıdıdır. Qismətdirsə, mən də Şəkiyə qayıdacam bu aqibət üçün. Qaldı ki, nigarançılığıma, şükür, peşimanlıq çəkəcək ömür sürməmişəm. Yenidən doğulsaydım, yenə eyni ilə bu qaydada  yaşayardım həyatı. Çünki mən istədiyim kimi yaşadım bütün illəri. Gəncliyimdən azadlığımı heç kimə, hətta valideynlərimə belə vermədim. 
– Bəs onda bu dünyadan nigarançılığınız nədən ola bilər?  
– Əsərlərim bir qıraqda yarımçıq, boynübükük mənə baxa-baxa qalarsa, ondan olar nigarançılığım. Ayrı heç nədən! Dünən dünəndə qaldı, bu gü bu gündür və hər şey axarındadır.
– Məncə, biz də bu günümüzü birgə, maraqlı keçirdik. Diqqətinizə görə təşəkkür edirəm. Var olun!
– Səmimi, maraqlı söhbət alındı. Xoş oldu, mən təşəkkür edirəm.
Söhbət bitir, çəkiliş dayanır. Zarafatı, hazırcavablığıyla həmişə seçilən, proqramımızın hələlik ən cavan qonağı sayılan Cavanşir bəylə sağollaşmazdan öncə ayaqüstü beş-on kəlmə də kəsirik. Necə deyərlər, bu da son akkordlar. Söhbət də mahnı kimidir. Gərək melodiyası, sözü,  intonasiası yerində ola, bir nəfəsə oxuna…
Seymur Elsevər
Contact.az
Tarix: 20-08-2021, 09:03
Xəbəri paylaş





Xəbər lenti