“BBC” kanalı 15 Avqustda Əfqanıstanın paytaxtı Kabili ələ keçirən və Əfqanıstan xalqının taleyinin əlində olduğu “Taliban”ın liderlik quruluşu haqqında məlumatlar dərc edib.
Dünyaya "mötədil" mesajlar verən bu təşkilatın liderliyinə və təşkilati quruluşuna nəzər salaq ...
Tarix 7 oktyabr 2001-ci ili göstərdikdə, 11 sentyabr hücumları səbəbindən ABŞ Əfqanıstanı işğal etdi və hava hücumu ilə “Taliban” mövqelərini vurmağa başladı. Beləliklə, “Taliban” tədricən gücünü itirdi və hakimiyyətdən tamamilə uzaqlaşdırıldı.
Əlbəttə ki, 2001-ci ildən bəri “Taliban” boş dayanmadı. Xüsusilə 2015 -ci ildə NATO-nun quru qoşunları Əfqanıstanı tərk etdikdən sonra “talibançı”lar Kunduz şəhərinin mərkəzinə doğru hərəkət etdilər və əvvəlki güclərini bərpa etməyə çalışdılar.
İllərdir bir çox bölgəni əlində saxlayan təşkilat nəhayət, bu ilin 15 avqustunda paytaxt Kabili nəzarətə götürdü. Məlum olduğu kimi, bu hadisədən sonra Əfqanıstan Prezidenti Əşrəf Qani istefa verərək ölkədən qaçdı.
Hazırda hər kəsi maraqlandıran bir sual var. Əfqanıstan xalqının taleyinin əlində olduğu bu təşkilatın lideri kimdir? Dünyaya özlərini güzəştə gedən, humanist kimi təqdim edən bu təşkilatın quruluşu necədir?Əvvəlcə liderlərdən başlayaq. Fotoda gördüyünüz şəxs Haybatullah Akundzadədir. Haybatullah 2016 -cı ildə Molla Axtar Mansurun Amerika hücumunda öldürülməsindən sonra “Taliban” lideri oldu. Akundzadə siyasi, hərbi və dini işlərdən məsuldur.
Haybatullah Akundzadə 1980-ci illərdə Əfqanıstanda sovet hərbi əməliyyatlarına qarşı islamçı müqavimətə qoşulub, lakin o, ordu komandirindən daha çox dini liderdir.
Akundzadə 1990-cı illərdə şəriət məhkəmələrinin başçısı vəzifəsində çalışıb. Elə həmin ildə ilk dəfə hakimiyyəti ələ keçirdikdən sonra, “Taliban İslam qanunları”nın təfsirlərinə görə cəzalar verib. Onun cəzalarına görə qatilləri və zinakarları açıq şəkildə edam edib, oğruların əl -ayaqlarını kəsiblər.
2013-cü ildə öldüyü güman edilən “Taliban”ın qurucusu Molla Məhəmməd Ömərin rəhbərliyi altında isə televiziya, musiqi, film, makiyaj və 10 yaşdan yuxarı qızların məktəbə getməsi də qadağan edilib.
Dohadakı siyasi nümayəndəliyə rəhbərlik edən Molla Əbdülqani Baradar isə 1994-cü ildə Əfqanıstanda “Taliban”ı yaradan dörd nəfərdən biridir. Məlumat üçün onu da qeyd edək ki, ABŞ-ın ovaxtkı dövlət katibi
Mayk Pompeo Molla Əbdülqani Baradar ilə 2020 -ci ilin sentyabrında Dohada görüşüb.
Məhəmməd Yaqub isə “Taliban”ın qurucusu Molla Məhəmməd Ömərin oğludur, amma onun şəkli mətbuatda yoxdur. Şəkildəki şəxs atasıdır. Hazırda o, qrupun hərbi əməliyyatlarının lideridir.
2016 -cı ildə keçmiş “Taliban” lideri Axtar Mansurun ölümündən sonra bəzi silahlılar Yaqubu qrupun yeni lideri təyin etmək istəsələr də, bir çoxu onun hələ çox gənc və təcrübəsiz olduğunu düşünürdü. Yerli mətbuatın yazdığına görə, Yaqub hazırda Əfqanıstanda yaşayır.
Siracüddin Hakkani qrup rəhbərinin digər yüksək rütbəli müavinidir. Hakkani şəbəkəsi hazırda bölgənin ən güclü silahlı qruplarından biridir.
Siracüddin atası Cəlaləddin Hakkaninin ölümündən sonra son illərdə Əfqanıstan hərbi qüvvələrinə və Qərb müttəfiqlərinə qarşı ən şiddətli hücumlarla tanınan Hakkani şəbəkəsinin yeni lideri olub.
2020 -ci ilin sentyabrında “Taliban” Abdul Hakimi Dohadakı danışıqlar qrupunun yeni rəhbəri təyin edib. Pakistanın Ketta şəhərində bir mədrəsədə çalışdığı iddia edilir və oradan da “Taliban”ın məhkəmə sistemini idarə edir. Abdul Hakim həmçinin “Taliban”ın güclü din alimləri məclisinə rəhbərlik edir və onun lider Akundzadənin ən yaxın adamlarından biri olduğu deyilir.
“Taliban” da “Nazirlər Kabinetinə” sahibdir. Əsasən hərbi, kəşfiyyat, siyasi və iqtisadi olmaqla 17 fərqli sahədən ibarətdir.
Son olaraq “BBC” -nin hazırladığı bu cədvəldən “Taliban” hakimiyyəti ilə bağlı daha dolğun məlumat ala bilərsiniz:Turan OrucMusavat.com
Tarix: 22-08-2021, 08:21