1980-ci illərdən sonra dünyanın bir çox nüfuzlu təşkilatları, həmçinin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi, SSRİ Nazirləri Soveti, SSRİ Dövlət Plan Komitəsi, iqtisadiyyat üzrə tanınmış müstəqil ekspertlər 1979-1989-cu illərdə güc dövlətlərinin bu ölkəyə nə qədər vəsait sərf etdiklərini müəyyənləşdirməyə cəhd ediblər. Ayrı-ayrı qurumlar ortaya fərqli rəqəmlər qoyublar. Əfqanıstan “xərclərini” heç kim dəqiq müəyyənləşdirə bilməyib.
SSRİ Əfqanıstana hələ Nikita Xruşovun hakimiyyəti dövründən yardım əlini uzadıb. 1955-ci ildə sovet lideri Hindistanda rəsmi səfərdə olanda SSRİ ilə Əfqanıstan arasında dostluq və əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən Moskva Kabula 200 milyon dollar həcmində güzəştli kredit təqdim edib. Beləliklə, SSRİ Əfqanıstan üçün ən vacib və sərfəli ticarət partnyorlarından birinə çevrilib. 1956-cı ilin avqust ayında SSRİ-dən Əfqanıstana güzəştli şərtlərlə hərbi texnikaların və silahların verilməsi ilə bağlı növbəti müqavilə imzalanıb.
Bütün bunlarla yanaşı Əfqanıstan üçün hərbi kadrların hazırlanması və hərbçilərinin peşəkarlığının artırılması ilə bağlı da xüsusi proqram təsdiq olunub. Təkcə 1956-1957-ci illərdə SSRİ-nin ali hərbi məktəblərində 3700 əfqan təhsil alıb. Əfqanıstandakı hərbi obyektlər, aerodromlar, təlim-məşq bazaları, hərbi hissələr də istər təchizat, istərsə də mütəxəssislər baxımından SSRİ tərəfindən təmin edilib.
1979-cu ilə qədər SSRİ Əfqanıstanda təmmənasız olaraq 127 sosial obyekt inşa edərək əfqanların istifadəsinə verib. Bu cür tikintilərin sayının 638-ə çatdırılacağı nəzərdə tutulub.
Xruşovdan sonra hakimiyyətə gələn Leonid Brejnev də büdcənin Əfqanıstana yönəldilməsində səxavətini əsirgəməyib. SSRİ Əfqanıstanda öz siyasi və hərbi maraqlarını təmin etmək üçün milyardlarından keçib.
1979-cu ilin mart ayında Kremldə 3 gün ərzində aparılan Əfqanıstan müzakirələrində Brejnev Əfqanıstana yardımların artırılmasını, bütün sahələrdə əməkdaşlığın yeni sürətli mərhələyə keçidini bəyan edib. Amma baş katib qoşunların Əfqanstana yeridilməsini hələ ki məqbul saymayıb. Cəmisi bir-neçə aydan sonra isə Brejnev bu fikrindən daşınıb. Siyasi Büro 1979-cu ilin iyul ayından başlayaraq sovet hərbi kontingentinin Əfqanıstana yeridilməsini əsas müzakirə mövzusuna çevirib.
Siyasi Büro üzvlərindən yeganə olaraq SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgin qoşunların Əfqanəstana yeridilməsi ilə bağlı büronun qərarına imza atmaqdan imtina edib. Bu da səbəbsiz olmayıb.
SSRİ-də iqtisadiyyatın və maliyyə resurslarının vəziyyətinə tam bələd olan Aleksey Kosıgin Əfqanıstana sərf olunan xərclərin öz ölkəsinə nəyin bahasına başa gələcəyini yaxşı anlayıb. Onsuz da 1970-ci illərin sonunda ölkə iqtisadiyyatının vəziyyəti çox da ürəkaçan olmayıb. Şişirdilmiş saxta rəqəmlərlə kommunizmə doğru iri addımlarla “irəliləyən” SSRİ-də həmin dövrdə kifayət qədər iqtisadi problemlər mövcud olub. Yəqin ki, o dövrdə yaşayanlar 1980-ci illərdə ərzaq mağazalarının boş piştaxtalarını, ən adi tələbat mallarının əldə olunması üçün uzun-uzadı növbələri, ərzaq qıtlığını yaxşı xatırlayırlar. Belə bir vəziyyətdə milyardları Əfqanıstana buraxmağın hansı fəsadlar törədəcəyini Kosıgin əvvəlcədən görüb. Brejnev və onun tərəfdarları üçün isə Əfqanıstanda hərbi və siyasi maraqlar öz ölkəsindəki iqtisadi maraqlardan daha üstün sayılıb. Məhz elə bu fikir ayırlığına, xasusilə də Əfqanıstan və digər məsələlərə görə Brejnev Kosıgini mədəni şəkildə təqaüdə göndərib.
Amerikalı politoloq Zbiqnev Bjezinski də SSRİ-nin Əfqanıstana “səxavətinin” nəticələrini araşdırarkən qeyd edib ki, Əfqanstan xərcləri SSRİ-nin iqtisadi potensialını darmadağın edib.
Rusiyanın tanınmış iqtisadçılarından biri, Boris Yeltsin hakimiyyətində yüksək vəzifələr tutan Yeqor Qaydar SSRİ-nin dağılmasının əsas səbəblərindən birinin məhz Əfqanıstan müharibəsi olduğunu qeyd edib.
SSRİ-nin Əfqanıstandakı “pullu əli” Amerika Birləşmiş Ştatlarının diqqət mərkəzində olub. Amerika rəsmiləri, xüsusilə də Ronald Reyqan buna cavab olaraq “pul kisəsini” daha geniş açıb. Bununla yanaşı ABŞ SSRİ-yə qarşı sərt sanksiyalar tətbiq edib ki, SSRİ-də ticarət dövriyyəsi 1980-1981-ci ildə 2 milyard dollar aşağı düşüb.
10 illik Əfqanıstan müharibəsi dünyanın iqtisadi müstəvisində ağılasığmaz rəqəmlər üzə çıxarıb. Bütövlükdə 1979-1989-cu ildə tərəflər Əfqanıstana 100 milyardlarla dollar vəsait sərf edib.
1985-1991-ci illərdə SSRİ Nazirlər Sovetinin sədri vəzifəsində işləyən Nikolay Rıjkov müsahibələrinin birində Əfqanıstana sərf olunan vəsaitlər haqqında fikirlərini belə bölüşüb:
“1988-ci ildə Mixail Qorbaçov bizə göstəriş verdi ki, son 3 il ərzində Əfqanıstana xərclənən vəsaitləri hesablayaq. Bu işə iqtisadçılardan ibarət böyük bir komanda cəlb olundu. Altı aydan artıq bir müddətdə biz ortaya dəqiq rəqəm çıxarda bilmədik...”
Milyardlar xərclənsə də, Əfqanıstanda sülhü bərqərar etmək mümkün olmayıb. Əksinə, bu ölkə az qala müstəqil dövlət statusundan çıxaraq güc dövlətləri üçün poliqon təyinatlı coğrafi məkana çevrilib.
Milyonlarla əfqan isə sığınacaq tapmaq üçün hara gəldi üz tutublar. Əfqan “ənənəsi” bu gün də davam edir. Bu gün də güc dövlətləri üçün Əfqanıstan hədəfə çevrilib..
ABŞ-ın isə son 20 ildə Əfqanıstana 2 tilyon dollar xərclədiyi bildirilir.(Musavat.com)
Tarix: 24-08-2021, 16:30