17 yaşından başlayan həbsxana yolu, “Yaponçik “ və “Ded Xasan”la düşmənçilik...
Məşhur "qanuni oğru", kriminal aləmdə "Taro" ləqəbiylə tanınan Tariel Onianin azadlığa buraxılması barədə məlumat vermişdik. Bildirilir ki, Oniani İspaniyada həbsdən çıxdıqdan sonra naməlum istiqamətdə ölkəni tərk edib.Qeyd edək ki, İspaniya məhkəməsi Onianıni 4 il həbs cəzasına məhkum edib. O, ölkədə çirkli pulların yuyulması məqsədi ilə yaradılmış cinayətkar qrupa üzv olmaqda günahkar bilinib.
Siam.az Musavat.com-a istinadən “Taro” haqda ilginc məlumatları diqqətinizə çatdırır.
Gürcü-svan, “Kutaisi qruplaşması”nın əvəzsiz lideri
Rusiyada və keçmiş SSRİ məkanında kriminal aləmin ən əfsanəvi fiqurlarından biri - Tariel Oniani - “Taro” 1952-ci ildə Gürcüstanda (Tkibuli) anadan olub. O, rəsmi polis məlumatlarında “Kutaisi qruplaşması”nın lideri kimi də tanınır. Milliyyətcə gürcü-svan olan Onianin atası şaxtada baş vermiş qəza zamanı həlak olub. Onianinin həbsxanaya yolu 17 yaşından başlayıb.
Oniani “oğru tacını” 1970-ci illərdə alıb. SSRİ dönəmində - 1980-cı illərdə o, Moskvada ən nüfuzlu “qanuni oğru” kimi tanınıb. “Taro”nun slavyan qruplaşması ilə ilk qarşıdurması İrkutsk türməsində baş verən bir olayla başlayıb. Onianinin dəstəklədiyi “Maxo” ləqəbli avtoritet İlya Simoniya ilə Vyaçeslav İvankov (“Yaponçik”) arasında problem yaranır. “Sxodka” ların birində “Yaponçik” “Ded Xasan”ın dəstəyi ilə “Maxo”nu oğru adından məhrum edir. Oniani bunu özünə yönəlmiş addım hesab edir və bu klanlar arasında ilk qarşıdurma başlayır.
1991-ci ildə İvankov vaxtından əvvəl azadlığa buraxılanda artıq Avropada da yaxşı əlaqələr qurmağı bacarmış Oniani biznesinin əhəmiyyətli hissəsini “köhnə qitə”yə köçürür. Onun “Yaponçik”lə münaqişəsi Avropada da davam edir.
1990-cı ildən başlayaraq o, əvvəl Fransada, sonra isə İspaniyada tikinti biznesi ilə məşğul olur. Oniani tezliklə İspaniyada möhkəmlənə bilir və onun ardınca daha bir neçə “qanuni oğru” bu ölkədə özünə yer edir. İspaniya qəzetləri artıq tez-tez Barselonanın ən bahalı məhəlləsində məskunlaşan Onianinin evini “rus mafiyasının mərkəzi qərargahı” adlandırmağa başlayır. 2005-ci ildə İspaniya polisinin Avropada kriminal qruplaşmalara qarşı keçirdikləri irimiqyaslı əməliyyat zamanı bir neçə gürcü “vor zakon” həbs edilsə də, “Taro” polisdən gizlənə bilir. Amma bu əməliyyatda Usoyan klanına yaxın olan Zaxari Kalaşov (“Şakro Molodoy”) həbs edilir ki, (hazırda yenə həbsdədir ) o da sonradan Oniani ilə konfliktə girir.
Bundan sonra “Taro”nun lideri olduğu qruplaşmaya qarşı həm Avropada, həm də Rusiyada əsl müharibə başlayır.
“Yaponçik” və “Ded Xasan”a qarşı-ikisi də ölü...
Ona yaxın olan kriminallar “Yaponçik” və “Ded Xasan”la barışıq üçün çağırılmış “oğru toplantısı”nda həbs edilir. Qeyd edək ki, gəmidə çağırılmış “sxodka”ya “Yaponçik” və “Ded” gəlmir və bunun ardınca polis orada xüsusi əməliyyat keçirir. Bundan sonra “Taro”nun “Yaponçik”lə bərabər Aslan Usoyanla da münasibətləri düşmənçilik həddinədək kəskinləşir.
Nəhayət, 2009-cu ildə Oniani də Rusiyada(o vaxta kimi artıq Rusiya vətəndaşı olan) hüquq-mühafizə orqanlarının əlinə keçir. Moskva rayon məhkəməsində Onianiyə qarşı biznesmen Conni Manaqadzeni girov götürüb 500 min dollar almaqla bağlı ittiham verilir. Vəkilləri onun şərti azadlığı üçün 15 milyon rubl təklif etsələr də, onu həbsdən buraxmırlar.
“Qanuni oğru”ların hökmü: “Taro”nu vurun!
“Matrosskaya tişina”da saxlanılan Oniani barədə 36 “qanuni oğru”nun (“Yaponçik”,"Ded Xasan", “Laşa Rustavski”, “Şakro Molodoy” və sair) imzası ilə məktub hazırlanır və “onu vurun” “proqon”u verilir. Rəsmi məlumatlara inansaq, bu məktubu həbsxana nəzarətçiləri ələ keçirib. Bu məktub “Yaponçik”ə sui-qəsddən sonra Rusiya KİV-lərində tirajlanıb.
Bundan sonra başda “Ded Xasan” olmaqla “Yaponçik”ə sui-qəsdə əsas fiqurant kimi Kutaisi qruplaşmasının və onun rəhbəri Onianin adı hallanır. Bir müddət sonra zəhərli olduğu deyilən güllədən yaralanan “Yaponçik” vəfat edir. Oniani isə məhkəmənin qərarı ilə 10 il azadlıqdan məhrum edilir. 2010-cu ilin sentyabrında “Ded Xasan”a da sui-qəsd edilir. Bu işində əsas fiqurantı kimi yenə Onianin adı çəkilir. Oniani bu dəfə vəkili vasitəsilə xəbər göndərir ki, “Ded”ə olan sui-qəsdə onun əli yoxdur. Oniani cəzasını çəkmək üçün Kemerovodakı həbsxanaya köçürülür.
2011-ci ilin mart ayında İspaniya hökumətinin xahişi ilə Oniani bu ölkəyə ekstradisiya olunur. Aprel aylında isə onun yenidən Rusiya həbsxanasına qaytarıldığı elan olunur. 2018-ci ilin aprelinə qədər həbsdə qalan Oniani azadlığa çıxan kimi yenidən qandallanır. Bu dəfə onu İspaniyaya təhvil verirlər. Budur, kriminal ailəmin əfsanə ismi yenidən qayıdır...
Tarix: 9-10-2021, 22:38