Metavers nədir? Texnologiya şirkətləri nə üçün bu sahəyə böyük pullar ayırırlar
Mark Zuckerberg Facebook-un adının ‘Meta’ olacağını açıqlayandan sonra virtual reallıq texnologiyası metavers yenidən gündəmə gəldi. “Metaverse” (uydurma kainat) son vaxtlar böyük texnologiya şirkətlərinin, marketoloqların və analitiklərin dilindən düşməyən bir sistemdir. Hamının diqqətini çəkən bu sistem Mark Zuckerberg və “Epic Games” şirkətinin baş direktoru Tim Sweeney kimi qabaqcıl texnologiya təmsilçilərinin sərmayələrini də özünə cəlb edir. Facebook-un ad dəyişikliyi ilə bağlı açıqlamasında bildirilir ki, əhatə dairəsini sosial mediadan virtual gerçəkliyə doğru genişləndirən şirkət üçün “Meta” adı daha uyğundur. “Ümid edirəm ki, zaman keçdikcə biz metavers şirkət kimi görünəcəyik və gələcəkdə inşa edəcəyimiz şeyin təməli kimi həm biznesimizdən, həm də şəxsiyyətimizdən istifadə edə biləcəyik”, -Mark Zuckerberg belə deyib. Bəs “İnternetin gələcəyi” hesab edilən metavers nədir?
Metavers nədir?
İlk baxışda virtual gerçəklik (Virtual Reality VR) texnologiyasının təkmilləşdirilmiş versiyası kimi görünsə də, bəziləri metavers texnologiyasını internetin gələcəyi hesab edir. Bir çoxları inanır ki, 1980-ci illərin böyük cib telefonlarıyla müqayisədə müasir smartfonlar nədirsə, virtual gerçəklik texnologiyası üçün də metavers odur. Kompüter qarşısında oturmaq əvəzinə, metaversdə – bütün rəqəmsal mühitlərin olduğu uydurma gerçəklikdə yalnız qulaqlıq və eynəkdən istifadə etməklə virtual aləmə daxil ola bilərsiz. Daha çox kompüter oyunları üçün istifadə edilən hazırkı virtual aləmdən fərqli olaraq metavers vasitəsilə daxil olacağınız uydurma kainatda siz həm də işləyə, oyun oynaya, kinoteatra gedə və ya sadəcə gəzişə bilərsiz. Bir çoxları düşünür ki, həmin kainatda öz təmsilçimizi – üçölçülü (3D) avatarımızı yarada və istifadə edə biləcəyik. Ancaq hələlik bu, sadəcə bir ideya olduğu üçün metavers üçün razılaşdırılmış vahid tərif yoxdur.
Metavers niyə bu qədər populyarlaşdı?
Rəqəmsal dünyada və artırılmış reallıqda (augmented reality) bir neçə ildən bir bəzi trendlər ortaya çıxır, amma qısa müddət sonra dəbdən düşürlər. Bu aralar varlı sərmayəçilərdə və böyük texnologiya şirkətlərində metaverslə bağlı böyük bir həyəcan var – həqiqətən də internetin gələcəyi olacaqsa, başqalarından dala qalmamaq üçün. Üstəlik, kompüter oyunlarındakı VR (virtual reallıq) texnologiyasında qeydə alınan irəliləmə və cihazların əlaqələndirilməsində ehtiyac duyulan səviyyələrə yaxınlaşma texnologiyanın da bu sistemə uyğun olmasıyla bağlı ilk qənaətləri ortaya çıxarıb.
Facebook nə üçün müdaxilə etdi?
Facebook-un adının dəyişdirilməsi metavers quruculuğunu ən böyük prioritetlərdən birinə çevirdi. Şirkət “Oculus” dəsti yaratmaqla virtual reallığa böyük sərmayə qoymuş oldu və rəqibləriylə müqayisədə dəstlərin qiymətini xeyli aşağı saldı. Bəzi analitiklərin fikrincə, bu məsələdə şirkət zərər riskini də nəzərə almış ola bilər. Facebook sosial mühitlər və real dünyayla qarşılıqlı əlaqə quranlar da daxil, iş yerləri üçün virtual reallıq (VR) proqramları hazırlayır. Rəqiblərini satın almasıyla tanınan Facebook metavers texnologiyasının “tək bir şirkət tərəfindən bir gecədə yaradıla biıməyəcəyini” bəyan edərək birgə əməkdaşlıq vəd etdi. Adını dəyişdirməzdən əvvəl şirkət “həssaslıq və məsuliyyətlər çərçivəsində metavers yaradılmasına” yardım etmələri üçün qazanc məqsədi güdməyən qruplara 50 milyon dollar sərmayə ayırdı. Amma Facebook hesab edir ki, metavers ideyasının reallaşması üçün ən azı 10-15 il lazm gələcək.
Metavers texnologiyasına daha kimlər maraq göstərir?
“Fortnit” oyununun tərtibatçısı “Epic Games” şirkətinin rəhbəri Sweeney də uzun zamandır metavers texnologiyasına marağı haqqında danışır. Çoxoyunçulu virtual oyunlar uzun illər boyu interaktiv dünyaları paylaşdı. Bunlar metavers sayılmır, amma bəzi ideyaları ortaqdır. “Fortnit” son illərdə məhsul çeşidini genişləndirdi, konsertlər və brend tədbirləri kimi fəaliyyətləri öz rəqəmsal dünyasına daxil etdi. Məsələn, “Roblox” minlərlə fərdi oyunun daha geniş ekosistemə qoşulduğu bir platformadır. Digər tərəfdən, 3D inkişaf platforması olan “Unity” real dünyanın rəqəmsal nüsxələrinə – “rəqəmsal əkizlərə” sərmayə qoyur, “Nvidia” qrafika şirkəti 3D virtual dünyaları birləşdirən “Omniverse” adlı platforma hazırlayır. Hər şey kompüter oyunları üçünmü dizayn edilir? Xeyr. Metavers texnologiyasının mahiyyətiylə bağlı əsas fikir ön planda sosial əlaqələrin olacağıdır. Misal üçün, Facebook “Workplace” adlı VR tətbiq və “”Horizons” adlı sosial mühit vasitəsilə sınaqlar keçirir. Hər ikisi öz virtual avatar sistemlərindən istifadə edir. Facebook-un “Workplace” tətbiqi gerçək dünyada hər kəsin öz kompüterini eyni anda istifadə edə biləcəyi VR toplantı mühiti dizayn edir. Digər bir virtual gerçəklik tətbiqi “VRChat”dır. Bu tətbiq tamamilə virtual dünyada dolaşmağa, çatlaşmağa hesablanıb və yeni mühitlər kəşf edib yeni insanlarla tanış olmaqdan başqa heç bir məqsədi yoxdur. Kəşf edilməyi gözləyən başqa tətbiqlər də ola bilər. Bu yaxınlarda “Vaşinqton Post” qəzetinə müsahibə verən Sweeney demişdi ki, yeni dünyanı belə təsəvvür edir: növbəti modelini reklam etmək istəyən avtomobil istehsalçısı “test sürüşü üçün maşını real zamanlı real dünyaya buraxa bilir”. Bəlkə də siz gələcəkdə internetdən alış-veriş edəndə əvvəlcə rəqəmsal paltarları geyinib baxacaq, sifariş vermək üçün gerçək dünyaya qayıdacaqsız.
Belə bir texnologiya varmı?
VR texnologiyası son illərdə qulaqcıq və eynək dəstləri istehsalında xeyli irəliləyib. Getdikcə daha çox populyarlaşan bu dəstlər vasitəsilə oyunçuları 3 ölçülü sistemdə izləmək mümkündür. “Oculus Quest 2VR” oyun dəsti 2020-ci ildə ən çox satılan Yeni il hədiyyələrindən biri olub. NFT-lərə marağın artmasıyla rəqəmsal məhsullara etibarlı sahiblik yolları da kəşf edilib. Bu isə virtual iqtisadiyyatın işləyə biləcəyini göstərir. Daha çox inkişaf etmiş rəqəmsal dünyaların daha yaxşı, daha sabit və daha etibarlı əlaqələrə ehtiyacı olacaq. Buna 5G texnologiyasının yayılması ilə nail olmaq olar. Hələlik hər şey çox erkən mərhələdədir. Metavers texnologiyasının təkamülü, – təbii, əgər bu baş verərsə, – növbəti onillikdə və daha uzun müddətə texnoloji nəhənglər arasında ən böyük yarış olacaq. bbc.com