"Gender bərabərliyi və feminizm fərqli məfhumlardır"


Lalə Mehralı: "Təəssüf ki, bizim ölkədə bu məsələləri adətən qarışdırırlar"

Feminizm cinslər arasında bərabərliyi təşviq edən ictimai-siyasi hərəkatdır. Feministlər deyirlər ki, kişilərlə qadınlar bərabər imkanlara, hüquqlara malik olmalı, onlara eyni cür rəftar və hörmət edilməlidir. Feminizm qadınlara verilən ictimai qiymətləndirmədə ədalətsizliyin olmasının qəbul edilməsindən meydana çıxıb. O, qadınların sıxışdırılmasının əsaslarını və səviyyələrini təhlil edərək, onların azadlığına nail olmağa çalışır. Feminist hərəkatlar qadınların hüquqları uğrunda mübarizə aparırlar. 

Bu hüquqlara təhsil almaq, işləmək, səs vermək, dövlət vəzifələri tutmaq, müqavilə bağlamaq, mülkiyyət sahibi olmaq, ədalətli əmək haqqı almaq, nikahda bərabər hüquqlara sahib olmaq və s. daxildir. 

Onu da qeyd etmək lazımdır ki, müasir feminizm qadınların seçim hüququna əhəmiyyət verir. Müasir feministlər inanırlar ki, istənilən qadının iddialı və ya ənənəvi həyat tərzi sürmək seçimi olmalıdır. Burada əsas məqam, qadının nə seçdiyi deyil, istədiyini seçə bilməsidir. Feminizm hərəkatı əhəmiyyətli dəyişikliklərə nail oldu. Bu hərəkat sayəsində, qadınlar səs verə, mühüm siyasi postlar tuta, ənənəvi olaraq kişilərin gördüyü işləri görə bilirlər. Lakin təəssüf ki, mübarizə hələ bitməyib. Dünyanın bir çox yerində qadınlar hələ də konservativ patriarxal cəmiyyətin qurbanlarıdır və nə qədər ki, bu status-kvo dəyişməyib, feminizm hərəkatı da aktual olacaq. Feminizm hər zaman bütün dünyada çətinliklərlə, əngəllərlə üzləşib. Feminist hərəkatlarının ən böyük problemləri siyasi qeyri-bərabərliklə bağlı olub: bir çox ölkələrdə qadınlar XX əsrin ortalarına qədər səsvermə hüququndan məhrum edilmişdilər. Birincisi, səsvermə hüququ olmadan onların səslərini dinləyən dövlət xadimlərini seçmək çətin idi. İkincisi, qadınlara həmişə kişilərdən daha az məvacib ödənilirdi və bu fakt indi də dəyişməz qalır. İqtisadi çatışmazlıqlar ucbatından qadınlar öz mübarizələrində qalib gələ bilməzdilər və müttəfiqlərə ehtiyacları var idi. Üçüncü problem isə qadınlara qarşı zorakılıqdır. Cinsi zorakılıq həmişə qadını susdurmanın bir üsulu kimi istifadə olunub. 

Mövzu ilə bağlı sosioloq Lalə Mehralı “Şərq”ə açıqlamasında bildirib ki, bəzən bizim kimi cəmiyyətlərdə feminizm ilə gender bərabərliyi eyni ad altında istifadə edilir. Sosioloq qeyd edib ki, ancaq əslində hər ikisi tamamilə fərqli məfhumlardır: 

“Çox təəssüf ki, bizim ölkədə bu ədətən qarışdırılır. Feminizm qadınlara səs, seçim, söz azadlığının verilməsi uğrunda başlanmış bir hərəkatdır”. 

Sosioloqun sözlərinə görə, bizim ölkədə bu tip problemlər yaşanmır və ona görə də bununla bağlı keçirilən aksiyalar da gərəksizdir: 

“Bildiyimiz kimi, Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə olub. Bu halda ölkəmizdə hansı qadın hüquqlarının pozulmasından, qadınların səsinin boğulmasından söhbət gedə bilər?! Bu baxımdan hesab edirəm ki, bizim kimi cəmiyyətlərdə bu tip addımlar tamamilə gərəksiz və şou xatirinə edilən addımlardır.  Bir neçə ay öncə özlərini feminist kimi qələmə verən bir qrup qadının feminizm adı altında Bakıda həyata keçirdikləri yürüşü yəqin ki, görmüsünüz. O qadınların başları üzərinə qaldırdıqları plakatlarda yazılmış yazılar, ifadələr utancverici idi. Biabırçılıqla nəticələnən və heç bir ədəb-ərkan qaydalarına sığmayan bir aksiya idi. Elə feminizmin bizim insanlara yanlış tanıdılmasında birbaşa özlərini “feminist” adlandıran qadınların rolu böyükdür. Onlar feminizmi əxlaqsızlıq dəyərləri altında tanıtdılar və bununla da yalnız öz fəaliyyətlərinə ləkə saldılar”.
Tarix: 25-11-2021, 08:58
Xəbəri paylaş





Xəbər lenti