Sovet İttifaqının dağılmasından 30 il ötür. Son 30 ilə qədər 70 il SSRİ-nin tərkibində olan Azərbaycanın gəncləri üçün bu tarix yad olsa da, hələ də sovet nostalgiyası ilə yaşayan, o dövrdə qazandıqlarının hesabına bu gün böyük uğurlara imza atan soydaşlarımız az deyil. İttifaq nə qədər məkrli və ziyanlı ideologiya ilə qurulsa da, müəyyən müsbət tərəfləri də olmamış deyildi. Əsas müsbət cəhəti isə insanlara sosial statuslarına görə deyil, bacarıqlarına, qabiliyyətlərinə görə qiymət verilməsi idi. Təsadüfi deyil ki, məhz partiya rəhbərliyinin dəstəyi ilə sadə zəhmətkeş və kənd uşaqları SSRİ-nin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilir, sonradan isə yüksək vəzifələrə irəli çəkilirdi.
Hazırda dövlət idarəçiliyində, özəl sektorda, elm, istehsalat, səhiyyə, hərbi və digər sahələrdə çalışan peşəkar kadrların çox böyük bir qismi sovet məktəbinin yetirmələridir. 15 müxtəlif dövləti təmsil edən dövrün gəncləri arasında sonradan dostluq münasibətlərini davam etdirən və bu günə qədər qoruyub saxlayanlar da var. Hətta elə azərbaycanlılar da var ki, onların keçmiş dostları bu gün müxtəlif dövlətlərin rəhbəridir.
Hokm.az dünya prezidentlərinin azərbaycanlı dostlarını araşdırıb.Araşdırma nəticəsində məlum olub ki:
Rusiya prezidenti
Vladimir Putinin azərbaycanlı dostu
İlham Rəhimov hazırda həm Bakıda, həm də Moskvada yaşayır. Ötən əsrin 80-ci illərindən ədliyyə sistemində çalışan İ.Rəhimov Ədliyyə Nazirliyi yanında Ekspertiza İnsitunun direktoru vəzifəsinə qədər yüksəlməyi bacarıb. Eyni zamanda elmi araşdırmalar aparan və tədrislə məşğul olan Rəhimov elmdə ən böyük dərəcə sayılan – doktorluq dissertasiyasını müdafiə etməyə müvəffəq olub.
Hüquqşünas alim professor elmi adına da layiq görülüb. Bir müddət müxalif partiyalarda təmsil olunub. Azərbaycan Demokrat Partiyası (ADP) və Ədalət Partiyasında sədr müavini postlarını tutub. 2000-ci ilin parlament seçkilərində deputatlığa namizəd olsa da, qeydiyyata alınmayıb. Azərbaycan Diplomatiya Kollecində çalışıb, burada gələcəyin diplomatlarına hüquq fənnini tədris edib.
1999-cu ildə isə
“Lukoil Azərbaycan” şirkətində departament rəhbəri təyin olunub. Onun bura dəvəti tələbəlik dostu
Vladimir Putinin göstərişi ilə olub. Ölkə mətbuatına müsahibəsi zamanı professorun özü belə deyib. Daha sonra yolunu Moskvadan salıb və hazırda Rusiyanın ən zəngin adamlarından biridir. Azərbaycanlı ortaqları
Qod Nisanov və
Zarah İliyevlə birlikdə böyük ticarət şəbəkəsinə rəhbərlik edir.
Putinlə isə eyni qrupda təhsil alıblar. Hər ikisinin idmana olan marağı, ziyanlı vərdişlərdən uzaq olması onların arasında dostluq münasibətlərinin təməlini qoyub. Bu gün də ailəvi dostluqları davam edir. Rusiya lideri əslən Tovuzdan olan professorun evində də olub. İddialara görə, Rusiya liderinin üç ən yaxın dostundan biridir. Hər il məzun olmalarının ildönümü günündə ailəvi olaraq toplaşdıqları, övladları arasında da isti münasibətlərin mövcud olduğu deyilir.
Ukrayna prezidentinin azərbaycanlı dostu
Şakir Eminbəyli isə “Voice of Azerbaijan” televiziya agentliyinin rəhbəri, Ümumrusiya Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin (VQTRK) Azərbaycandakı rəsmi nümayəndəsidir. Media prodüseri olaraq zəngin təcrübəyə malikdir. Bu sahədə fəaliyyəti nəinki ölkəmizdə, postsovet məkanında da maraqla izlənilir. Məhz elə bu səbəbdən də onun fəaliyyəti təkcə ölkəmizlə bağlı deyil.
Ukrayna lideri ilə dostluğuna gəlincə isə,
Vladimir Zelenski dövlət başçısı seçilənə qədər şoumen kimi fəaliyyət göstərib. 2006-cı ildə Zelenski “Ulduzlarla rəqs-1” layihəsinin Ukrayna versiyasında iştirak edib. Televiziya şousu ekranlarda rekord sayda tamaşaçı toplayıb və bundan sonra gələcək prezident populyarlıq qazanmağa başlayıb. O, bir çox ekran əsərlərində aktyor kimi yer alıb. “95-ci kvartal” stand-up şousunun yaradıcısı, “Qudalar” serialının prodüseri, “Xalqın xidmətçisi”, “Böyük şəhərdə sevgi” və “İlk 8 görüş” seriallarının qəhrəmanı kimi tanınıb.
“Xəzər Travel” turizm agentliyinin layihəsi çərçivəsində Zelenski ilə tanış olan Ş.Eminbəyli onunla birlikdə regionlarımızı gəziblər. Qəbələ sərgüzətşləri isə daha maraqlı olub. Bu qısa səfər zamanı onlar arasında dostluq münasibətləri yaranıb. Birgə layihələrdə iştirak ediblər. Sonradan da dost münasibətlərini davam etdiriblər. Hazırda da onların arasında dostluq münasibətlərinin hökm sürdüyü bildirilir. İddialara görə, Zelenski ictimai müzakirələr zamanı Eminbəylini həm gözəl dost, həm də peşəkar mütəxəssis adlandırır.
Cəbrayıl rayonundan olan məcburi köçkün
Akif Hüseynovun Türkmənistan prezidenti
Qurbanqulu Berdımuhəmmədovla dostluq münasibətləri olub. Türkmənistan Dövlət Tibb Institutunda oxuduğu illərdə tanış olan dostlar arasında münasibətlərin əsasını həmin insitutun kafedra müdiri Qurban Paşayev qoyur. Sonradan Q.Paşayev həmin insitutun rektoru təyin edilir. Səmərqənd Milis Məktəbinin məzunu kimi həmin insitutda ictimai asayişin mühafizəsinə rəhbərlik edən Akif Hüseynovla gələcək prezident arasında dostluq münasibələri yaranır.
O zamanlar insitutun Stomatologiya fakültəsində çalışan Q. Berdımuhəmmədovun azərbaycanlı dostunun dediyinə görə, Türkmənistan rəhbəri ciddi və eyni zamanda səmimi insan idi: “Üzərinə düşən vəzifəni sonadək yerinə yetirməyi sevərdi. İctimai əsaslarla bizə yardımçı olduğu vaxtlarda, fəallığı ilə digərlərindən əhəmiyyətli dərəcədə fərqlənməyi bacarırdı. Onu başqalarından fərqləndirən xüsusiyyəti, hamıyla dil tapması idi”.
Bu dostluğu da dərinləşdirən amil hər ikisinin idmana marağı olub. Onlar birlikdə idman dərslərinə gediblər. Hazırda onların birgə dostluq etdiyi şəxslərin çoxu Türkmənistanda yüksək vəzifə daşıyır, Daxili İşlər, Müdafiə nazirliklərində çalışırlar. Q.Berdımuhəmmədov bacısının, oğlunun kiçik toylarında qonaqları qarşılamağı azərbaycanlı dostuna – Akif Hüseynova tapşırıb.
Ukrayna Ali Radasının deputatı
Roman Nəsirovla Gürcüstanın sabiq prezidenti
Mixail Saakaşvili arasında dostluq münasibətləri var. Bu münasibətlər Saakaşvilinin Odessaya rəhbərlik etdiyi dövrə təsadüf edir.
Onların arasında birgə fəaliyyət də olub. Belə ki, hər iki qafqazlı Odessa gömrüyündə birgə islahat layihəsi hazırlayıblar. 100 gün ərzində həyata keçirilən bu layihə gömrükdə rüşvəti tamamilə aradan qaldırmağı nəzərdə tuturdu.
Ukraynanın 14-cü Baş naziri
Yuliya Timoşenkonun əri azərbaycanlı olub. Rabil Qurbanov adlı bu şəxs Timoşenko ilə bir neçə il rəsmi nikahda olub. Əslən Lerik rayonundan olan R.Qurbanov Bakıdakı tikinti şirkətlərindən birində fəhlə çalışır. Deyilənə görə, Timoşenko Bakıya səfər edərkən onunla görüşmək istəsə də, bu istəyinə nail olmayıb.
Tarix: 28-11-2021, 08:48