Bakının “bit bazarında”: Satıcısı alıcısından çox...



...Bakının Sabunçu rayonunda yerləşən və el arasında “bit bazarı”, “rus bazarı” kimi tanınan, köhnə əşyaların, geyinilmiş pal-paltarın satıldığı məkanda həftənin bazar günü qələbəlikdir. Amma bazarda alıcıdan çox satıcı var. Pərakəndə halda yerə sərilmiş kağız parçalarının üzərində qulpu qırılmış qazandan tutmuş bir neçə yerdən yamaq vurulmuş paltoya, kabeldən tutmuş xarab olmuş telefon aparatına, mis və ya bürünc samovara, qədim bəzək əşyalarına, o cümlədən, müxtəlif ölkələrin pul vahidlərinə, kitab-dəftərədək ağla gələn və gəlməyən hər şey satılır.







Ötən həftənin bazar günü “bit bazarı”na baş çəkib  həm bazardakı alış-verişi izlədim, həm nənəmizdən qalma “Nikolay pulu”nu  və sovet dövründə Ağdamda kolxozda fəhlə, briqadir işləmiş nənəmin təltif olunduğu “Əmək veteranı” ordenini  (xüsusi vəsiqəsi ilə birlikdə) da “satmağa” çalışdım. Amma qədim əşya satanlardan biri ordeni cəmi 1 manata, gümüş pulu isə üzərində zədə olduğundan 3 manata qiymətləndirdi. 
****
Bu  bazarda “yer haqqı” yüksək deyil, digər bazarlarla müqayisədə qəpik-quruşdur. Satıcıların dediyi kimi, nə qədər ki ehtiyac sahibləri var, o vaxta qədər bu bazar da olacaq.
Satıcısı alıcısından çox...
Bir neçə il əvvəl Sabunçu Vağzalı yenidən quruldu, kanalizasiya xətti yeniləndi, yağış yağarkən yaranan gölməçələr qurudu. Amma vağzalın cəmi bir neçə metrliyində yerləşən, bir tərəfdə meyvə-tərəvəz, ət, toyuq-cücə, digər tərəfdə isə həftəsonları işləyən “bit bazarı” olmaqla iki hissəyə ayrılmış bazarda vəziyyət olduğu kimi qalır. “Bit bazarı”nın satıcılarının əksəriyyəti yaşlılardır. Onların sözlərinə görə, bazar sayəsində heç kimə möhtac deyillər, az da olsa, çörək pulunu çıxara bilirlər.
















“Yeni gələnlərə baxmayın, çoxdan alver edənlər bilirlər, hərənin öz “biznesi” var. Geyim satan əşya, yaxud, əşya satan kitab biznesinə girişməz. Kasıb bazarı olsa da, ac qalmırıq”,- yaşlı satıcı deyir. Əlavə edir ki, şəkil çəkməsək yaxşıdır, nəvələrinin, dost-tanışın yanında utanmasınlar.
65 yaşlı Arif Qasımov isə həyat yoldaşının cehizindən qalmış köhnə qab-qaşıqlarını satışa çıxarıb. Deyir ki, özü də qız köçürəcək, köhnələri satır ki, yenilərini ala bilsin.    
Danışmaq üçün “rüşvət” istədi: “1 banka enerji içkisi al, danışım...”
Bazarda təzə əşya tapmaq çətindir. Amma belə görünür ki, burada sınıq qulaqcıqların, köhnə, həm də sınmış telefon aparatlarının, tutacağı qırılmış qazanların da alıcıları varmış. Satıcılardan biri sualımıza cavab vermək üçün təklif edir ki, yaxınlıqdakı mağazadan ona enerji içkisi alaq, yalnız bundan sonra suallarımıza ətraflı cavab verə bilər. Bu vaxt digər satıcı söhbətə qarışır, deyir ki, səhər tezdən axşam saat 6-dək burdadırlar. Soyuqda dayanmaq olmur, hər saat çay içməklə günü yola verə bilmirlər. Yəni bu miskin bazarda satıcıların gün-güzəranı heç də jurnalistlərə danışmaq həvəsi yaratmır...

Amma qədim əşyalarla bağlı vəziyyət bir qədər başqadır. Bəzək aksessuarlarının, qədim pul vahidlərinin, sovetlər dönəmində verilmiş orden və medalların, təsbehlərin, təbii daşların qiyməti bazardakı digər əşyalara görə bahadır. 
Oqtay adlı satıcı deyir ki, daşlar təbiidir, xüsusilə cavan qızlar öz bürclərinə uyğun gələnlərini alırlar. Daşların qiyməti qədimliyinə görə müəyyənləşir. Məsələn, bir əsr yaşı olan Aqat daşı 35 manat, mirvari boyunbağılar 30-40 manatadır. SSRİ dövründən qalmış qəpik və kağız pullar 50 qəpik-2 manat, orden və medallar isə təltif tarixinə, çəkisinə görə qiymətləndirilərək satılır. Bazara çıxarılan qaralmış mis əşyaların, sovet istehsalı olan radio avadanlıqların daimi alıcıları var. 
Nənəmim ordenini və “Nikolay pulu”nu “satmaq" cəhdi...
Maraq üçün nənəmizdən qalma iki yadigarı-SSRİ dövründə çoxillik vicdanlı əməyə görə təltif olunduğu “Əmək ordeni”ni və çar Nikolayın dövründən qalma gümüş sikkəni bazarda “satmaq” istəyirəm, onları çıxarıb qədim, əntiq əşyaları satanlara göstərirəm.

Əməkdaşımızın Ağdamda kolxoz briqadiri işləmiş nənəsinin təltif olunduğu "Əmək ordeni" və həmin "Nikolay pulu". Bir vaxt həmin ordeni əmək qəhrəmanlarına verirdilər, özü də birbaşa Moskvanın qərarı ilə. İndi isə Sabunçunun "bit bazarında" cəmi 1 AZN təklif edən oldu...
Amma satıcı ordenə və “Nikolayın puluna”  qiymət qoymaq üçün 5 manat “xidmət haqqı” istəyir, təklifi ilə razılaşmıram.  Deyir ki, onsuz da indi qədim əşyalarını satmaq istəyən çoxdur, bəzən nisyə də verirlər, o da satandan sonra faizini götürür. Yaxınlıqda dayanmış digər satıcı isə ordenə və "Nikolay pulu"na gözucu nəzər salır, "ordenə 1 manat, "Nikolay pulu"na 3 manat verə bilərəm, çünki zədəlidir" deyir. Bu vaxt başqa satıcı söhbətə qarışır, deyir ki, ağlın olsun, o “Nikolay pulu” əslində kifayət qədər bahadır. Bu bazarda isə satıcılar kimi alıcılar da yoxsullardır, yəni çətin ki, o gümüş sikkəyə burada alıcı tapıla. Tapılsa da qəpik-quruşa alarlar...
Bu məqamda  qüssə məni bürüyür: işə bax ki, sovet dövründə Ağdam rayonunda uzun illər üzümçülük kolxozunun briqadiri işləmiş mərhum nənəmim SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə “çoxillik vicdanlı əməyə görə” təltif olunduğu “Əmək ordeni”ni indi Sabunçunun “bit bazarında” cəmi 1 manata almaq istəyirlər...

Əlbəttə, nənəmin yadigarı olan ordeni 1 manata satmaq fikrim yoxdur və onu qaytarıb çantama qoyuram. Və “bit bazarında” dolaşmaqda davam edirəm.
Bu bazarda ən ucuz mal kitabdır...
...Bazarın girəcəyində toxunma əlcək, corab, köhnə yumşaq oyuncaqlar satıcısı isə elə oturduğu yerdən müştəri səsləyir. Deyir ki, kabel, metal, avadanlıqlar satanların vəziyyəti yaxşıdır, bir də görürsən bahalı maşınla gəlib hansısa detal üçün bir neçə avadanlıq alan olur.  O isə  sovetlər dönəmindən bu bazarda alver edir, amma hələ də daimi müştərisi yoxdur.

Bu bazarda ən ucuz mal kitablardır. Kiril əlifbası ilə nəşr olunmuş bu əsərlərə, ola bilsin onların arasında çox dəyərliləri də var, cəmi 10 qəpik qiymət qoyublar...
Bazarın ən ucuz məhsulu kiril əlifbası ilə satılan kitablardır, yazıçıya, əsərə görə deyil, kitabın vəziyyətinə görə 10 qəpikdən 2 manatadək qiyməti var. Satıcı deyir ki, doğrusu onun özü də bu kitabların heç olmasa bir-ikisini oxumayıb, oradan-burdan toplayıb satır.
Yeri gəlmişkən, bu bazarın dəqiq yaşı da  bəlli deyil, uzun illərdir alver edənlər deyirlər ki, sovet dövründə də  bura mövcud olub. Son bir neçə ildə isə ərazisi genişlənib. Başqa bazarlardan nisbətən baha mal ala bilməyənlər bu bazara üz tuturlar, mallar köhnə olsa da, çeşid çoxdur.
“Nikolay pulu”nun qiyməti 30 min manat?

Nənəmizdən qalma “Nikolay pulu”na gəldikdə isə...Redaksiyaya dönüb internetdə qısa axtarış aparıram və məlum olur ki, elan saytlarından birində eynilə bu gümüş sikkədən 30 min manata satışa qoyublar. Nə dərəcədə real qiymətdir, bu gümüş sikkənin dəyəri əslində neçə manat ola bilər, bu haqda heç bir anlayışımız yoxdur. Amma hər halda “bit bazarında” şahidi olduğum yoxsulluq və səfalət mühitindən sonra əhvalım bir qədər düzəlir. Axı nənəmizdən qızıl dolu sandıqça miras qalmasa da həmin “Nikolay pulu”nun qiyməti deyəsən heç də qəpik-quruş deyilmiş axı. Yəni bu sikkəni nə vaxtsa dəyərini bilənə satıb varlanmaq ümidi də var...
Ü.Xudiyeva
virtualaz.org
 















Tarix: 20-12-2021, 10:01
Xəbəri paylaş





Xəbər lenti