SSRİ niyə dağıldı? Hələ də əhəmiyyətini itirməmiş 5 səbəb


25 dekabr 1991-ci ildə Mixail Qorbaçov SSRİ-nin Prezidenti postundan formal olaraq istefa verdi. Bir gün sonra – dekabrın 26-da SSRİ Ali Soveti 15 sovet respublikasının müstəqilliyini tanıdı və Sovet İttifaqının mövcudluğuna xitam verdi. Bir zamanlar dünyanın ən güclü dövlətlərindən biri olmuş dövlətin simvolu – Kremlin üzərindəki oraq-çəkicli qırmızı bayraq endirildi.
1985-ci ildə hakimiyyətə gələn Qorbaçovun onda cəmi 54 yaşı vardı. O, ölkə iqtisadiyyatındakı durğunluğu aradan qaldırmaq üçün ard-arda islahatlar keçirməyə başlamışdı.
Bir çoxları iddia edirlər ki, həmin islahatlar – yenidənqurma (bərpa və struktur dəyişikliyi) və aşkarlıq (açıqlıq və söz azadlığı) ölkəni iflasa sürükləyib. Digərləri isə hesab edirlər ki, sərt strukturu SSRİ-ni xilas etməyə imkan verməzdi.
Rusiyanın özünə baxışına və dünyanın qalan hissəsiylə əlaqələrinə dərindən təsir edən bu çöküşün əsas səbəbləri hansılardır?

1. İqtisadiyyat

SSRİ-nin ən böyük problemi dağılmaqda olan iqtisadiyyatı idi. Bir çox ölkələrdəki bazar iqtisadiyyatından fərqli olaraq orada mərkəzləşdirilmiş planlı iqtisadiyyat hökm sürürdü.
SSRİ-də nəyi nə qədər (neçə maşın, ayaqqabı və ya çörək) istehsal etməyi dövlət müəyyənləşdirirdi.
Hər bir vətəndaşa hansı məhsuldan nə qədər lazım olduğunu və həmin məhsulların qiymətini də dövlət təyin edirdi.
Mağazada növbə
Şəklin alt yazısı,Sovet İttifaqının son illərində ilkin tələbat malları çatışmırdı, mağazalarda uzun növbələr var idi
Nəzəri baxımdan bu sistem effektli və ədalətli idi, praktikada isə normal işləmirdi.
Tələb həmişə təklifdən geri qalırdı, çox vaxt pulun heç bir faydası olmurdu.
Sovet İttifaqında insanların çoxu kasıb deyildi, amma onlar əsas tələbat mallarını ala bilmirdilər, çünki ölkədə qıtlıq idi.
Maşın almaq üçün illərlə növbə gözləmək lazım idi. Adamlar palto və ya qış çəkməsi almaq üçün saatlarla növbədə durmalı olurdular və sonda onlara lazım olan ölçülərin satılıb qurtardığını öyrənirdilər.
SSRİ-də nəsə almaq barədə yox, nəsə tapmaq barədə danışırdılar.
SSRİ və ABŞ arasında 50-ci illərdən başlamış kosmik tədqiqatlar və silahlanma yarışına külli miqdarda vəsait xərclənməsi vəziyyəti daha da qəlizləşdirirdi.
SSRİ kosmosa insan göndərən, nüvə silahı və yüksək texnologiyalı ballistik raketləri olan bir dövləti idi, amma bütün bunlar çox baha başa gəlirdi.
Bu yarışın xərcini Sovet İttifaqı özünün neft və qaz kimi təbii ehtiyatları hesabına ödəyirdi, amma 80-ci illərin əvvəllərində neft kəskin ucuzlaşdı və bu, ölkənin onsuz da dayanıqlı olmayan iqtisadiyyatına ciddi zərbə vurdu.
Qorbaçovun “Yenidənqurma” siyasəti bazar iqtisadiyyatının bəzi elementlərinin tətbiqinə imkan yaratmışdı, amma nəhəng sovet iqtisadiyyatını tez bir zamanda dəyişmək mümkün deyildi.
İstehlak malları yenə çatışmırdı, inflyasiya artırdı.
1990-cı ildə hakimiyyət pul islahatı keçirdi və bu, milyonlarla insanın cüzi məbləğli əmanətlərini belə məhv etdi.
Hakimiyyətdən narazılıq çoxalırdı.

Bu gün bu nə üçün vacibdir?

Xalq istehlakı məhsullarının uzun müddət qıt olması postsovet insanının təfəkküründə dərin izlər buraxdı.
Hətta indi – nəsil dəyişikliyindən sonra da insanlarda ilkin tələbat mallarını tapa bilməmək qorxusu qalır.
Elementar məhsulların qıtlığından qorxmaq güclü emosiyadır və seçki kampaniyaları zamanı asan manipulyasiya edilə bilir.

2. İdeologiya

Qorbaçovun aşkarlıq siyasəti onillərlə repressiv rejimin hökm sürdüyü, insanların öz düşüncələrini deməkdən, şikayətlənməkdən və sual verməkdən qorxduğu ölkədə söz azadlığının sərhədlərini nisbətən genişləndirməyə yönəlmişdi.
O, İosif Stalinin hakimiyyəti dövründə (1924-1953) milyonlarla insanın ölümüylə nəticələnən repressiyaların gerçək miqyasını üzə çıxaran arxivləri açmağa başlamışdı.
Qorbaçov Sovet İttifaqının və idarəetmə strukturlarının gələcəyini, ölkənin inkişafına səbəb olacaq islahatları müzakirə etməyə çağırırdı.
Mixail Qorbaçova qarşı etiraz çıxışı
Şəklin alt yazısı,Mixail Qorbaçov beynəlxalq aləmdə rəğbətlə qarşılansa da, ölkə daxilində çox populyar deyildi
O, hətta Kommunist Partiyasının hökmranlığına son qoyacaq çoxpartiyalı sistem haqqında da danışırdı.
Bu ifşalar sovet ideyasına sadəcə düzəlişlər etməklə yox, bir çoxlarını kommunist partiyası tərəfindən idarə olunan sistemin – bütün məmurların ya təyin edildiyi, ya da alternativsiz seçkilərdə seçildiyi quruluşun korrupsiyaya açıq, effektsiz və repressiv olduğunu anlamağa məcbur etdi.
Qorbaçov hakimiyyəti tez bir zamanda seçki prosesinə azadlıq və ədalət elementləri əlavə etməyə çalışdı, amma artıq çox gec idi.

Bu gün bu nə üçün vacibdir?

Rusiya Prezidenti Vladimir Putin güclü milli ideologiyanın vacibliyini tez dərk etdi – xüsusilə də tam şəffaf və demokratik olmayan hökumət üçün.
O, öz Prezidentliyinin güclü milli idealını yaratmaq üçün Rusiyanın və SSRİ-nin müxtəlif dövrlərinə aid motivlərdən istifadə etdi: insanlarda qürur və vətənpərvərlik hissləri oyatmaq üçün (və Rusiyanın gündəlik həyatındakı çoxsaylı problemlərə fikir verilməməsi üçün) imperiya dövrünün zənginliyi və cazibəsi, Stalin dövrünün İkinci Dünya müharibəsindəki igidlikləri və qələbə qurbanları, 70-ci illərin sakit stabilliyi eklektik şəkildə qarışdırıldı.

3. Millətçilik

Rusiya İmperiyasının hüquqi varisi olan Sovet İttifaqı çoxmillətli dövlət idi.
O nəzəri olaraq, bərabərhuquqlu qardaş xalqların yaşadığı 15 respublikadan təşkil olunmuşdu.
Əslində isə Rusiya hamısından böyük və qüdrətli idi, bir çox sahədə rus dili və mədəniyyəti üstünlük təşkil edirdi.
Ukraynada müstəqillik tələbilə keçirilən nümayiş
Şəklin alt yazısı,Ukrayna kimi respublikalarda keçmişdəki təqiblərdən xəbər tutan insanlar arasında millətçilik hissləri artırdı
Aşkarlıq digər respublikalarda yaşayanların bir çoxunu keçmişdəki etnik basqıları, o cümlədən Ukraynadakı “Qolodomor”u, SSRİ və nasist Almaniyası arasındakı dostluq paktına əsasən, Baltikyanı ilə Qərbi Ukraynanın işğal edilməsini və İkinci Dünya müharibəsi zamanı çoxsaylı etnik qrupların məcburi deportasiyalarını görməyə vadar etdi.
Bunların və digər faktların üzə çıxması millətçilik dalğasının yaranması və müstəqillik tələblərinin səslənməsiylə nəticələndi.
SSRİ-nin millətlərin xoşbəxt ailəsi olması ideyası ölümcül şəkildə iflasa uğradı, respublikalara daha geniş muxtariyyət təklif etməklə tələsik islahatlar keçirmək cəhdləri isə çox az və gecikmiş hesab edildi.

Bu gün bu nə üçün vacibdir?

Öz aparıcı rolunu və təsir dairəsini saxlamağa çalışan Rusiyayla postsovet ölkələri arasında gərginlik qalmaqdadır.
Rəsmi Moskvanın Baltik ölkələri və Gürcüstanla, lap bu yaxınlarda isə Ukraynayla gərgin münasibətləri Avropanın və digər bölgələrin geosiyasi mənzərəsini formalaşdırmağa davam edir.

4. Mənəvi məğlubiyyət

Uzun illər boyu sovet vətəndaşlarına Qərbin “çürüdüyünü”, kapitalizmdə insanların yoxsulluq və deqradasiya şəraitində yaşadıqlarını deyiblər.
80-ci illərin sonlarından etibarən – sovet vətəndaşları xaricə daha çox getməyə başladıqdan və adi insanlar arasında əlaqələr artdıqdan sonra bu fikirlər daha böyük şübhəylə qarşılandı.
Sovet vətəndaşları gördülər ki, digər ölkələrdə həyat səviyyəsi və şəxsi azadlıqlar SSRİ-də olduğundan qat-qat yaxşı vəziyyətdədir.
Reagan və Qorbaçov
Şəklin alt yazısı,Xaricdə getdikcə daha çox məşhurlaşan Qorbaçov, SSRİ-də getdikcə daha sərt tənqid olunurdu
İnsanlar xarici səyahətlərin qadağan edilməsi, xarici radioların (məsələn, BBC Dünya Xidmətinin) əngəllənməsi, SSRİ-də yayılmasına icazə verilmiş xarici ədəbiyyata və filmlərə senzura tətbiq edilməsi yoluyla hakimiyyətin onlardan gizlətməyə çalışdığı digər şeyləri də görə bildilər.
“Soyuq müharibə”nin bitməsini və nüvə qarşıdurması təhlükəsinin sovuşmasını Qorbaçovun xidməti hesab edirlər, ancaq münasibətlərin yaxşılaşmasının qeyri-ixtiyari nəticəsi sovet adamlarının digər ölkələrin vətəndaşlarıyla müqayisədə necə pis yaşadıqlarını görmələri oldu.
Xaricdə getdikcə daha çox məşhurlaşan Qorbaçov, SSRİ-də getdikcə daha sərt tənqid olunurdu.

Bu gün bu nə üçün vacibdir?

Rusiya hökuməti Kütləvi İnformasiya Vasitələrinin (KİV) xəbərlərini öz maraqlarına uyğun şəkildə manipulyasiya etməyi öyrənib.
Digər ölkələrlə xoşagəlməz müqayisədən yayınmaq üçün çox vaxt Rusiyanı həm mədəni, həm də tarixi baxımdan unikal fonda – bədxahlarla əhatə olunmuş tənha döyüşçü kimi təqdim edirlər.
Rusiyalıların diqqətini gündəlik problemlərdən yayındırmaq və milli unikallıq ideyasını populyarlaşdırmaq üçün KİV-də davamlı olaraq ölkənin elmi nailiyyətlərindən, İkinci Dünya müharibəsindəki qələbəsindən və mədəni irsindən bəhs edilir.

5. Liderlik

Qorbaçov bilirdi ki, sovet iqtisadiyyatının və ictimai əxlaqın getdikcə pisləşməsi prosesini durdurmaq üçün radikal islahatlar lazımdır, ancaq onun buna necə nail olmaq barədə düşüncələri, ola bilsin, tam aydın deyildi.
“Soyuq müharibə”ni bitirdiyinə görə dünya Qorbaçovu qəhrəman hesab edirdi, amma SSRİ-də islahatçılar onu təşəbbüsü əldən verməkdə, mühafizəkarlarsa çox irəli getməkdə günahlandırırdılar.
Bu, nəticə etibarilə hər iki düşərgənin Qorbaçovdan uzaqlaşmasına gətirib çıxardı.
Qorbaçov
Şəklin alt yazısı,1991-ci il dekabrın 26-da vida məclisində qədəhini qaldırarkən təsvir olunan Mixail Qorbaçov enerjili, lakin qətiyyətsiz lider sayılırdı
1991-ci ilin avqust ayında mühafizəkarlar onu devirmək üçün hakimiyyət çevrilişinə cəhd etdilər.
SSRİ-ni qoruyub saxlamağa hesablanmış bu uğursuz cəhd onun çöküşünü sürətləndirdi. Üç gün hələ tamam olmamış çevriliş cəhdinin liderləri ölkədən qaçmağa çalışdılar və Qorbaçov hakimiyyətə qayıtdı. Ancaq bu vəziyyət uzun çəkmədi.
Rusiyada Boris Yeltsin, digər respublikalarda isə yerli liderlər ön plana çıxdılar.
Sonrakı aylarda bir çox respublikalarda müstəqillik referendumları keçirildi, dekabr ayında isə super dövlətin taleyi həll olundu.

Bu gün bu nə üçün vacibdir?

Vladimir Putin Rusiyanın ən uzunömürlü rəhbərlərindəndir.
Bunun sirlərindən biri Rusiyanı birinci yerə çıxarmaq, ya da ən azı elə görünməsini təmin etmək istəyidir.
Mixail Qorbaçovu Sovet İttifaqının nüfuz dairələrindən birtərəfli qaydada imtina etməkdə, məsələn, sovet qoşunlarını Şərqi Almaniyadan tələsik çıxarmaqda günahlandırırdılarsa, Vladimir Putin Rusiyanın maraq dairəsinə aid hesab etdiyi hər şey üçün var gücüylə mübarizə aparır.
Putin Şərqi Almaniyada Dövlət Təhlükəsizlik Xidməti (SSRİ-nin gizli xidmət idarəsi) zabiti kimi fəaliyyət göstərib, Berlin divarının sökülməsinin və sovet qoşunları bu ölkədən çıxarılan zaman yaşanmış xaosun şahidi olub.
30 il sonra, o, qəti şəkildə NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasına qarşı çıxır və Rusiya qoşunlarını Ukrayna sərhədinə toplamasından da göründüyü kimi, buna zorakı yolla da mane olmağa hazırdır.
Amerikanın səsi
Tarix: 28-12-2021, 08:38
Xəbəri paylaş





Xəbər lenti