41-45-də Yeni il bayramı – General Vatutin küknar bəzəməyən zabitin rütbəsini aşağı salıb


Yeni il bayramının ilk dəfə nə vaxt qeyd olunması ayrı-ayrı mənbələrdə fərqli tarixlərdə göstərilir. Bəzi mənbələrə görə isə bu bayramın ən azı 25 əsrlik tarixi var. Hansı zamandan bayram kimi qeyd olunmasından asılı olmayaraq Yeni il həmişə böyük təntənə, sevinc və növbəti ilə böyük ümidlə, əsl bayram ovqatı ilə qarşılanıb. Hətta sovet-alman müharibəsi illərində də ön xəttdə, cəbhə bölgələrində bayram tədbirləri təxirə salınmayıb. Elə 1941-ci ilin dekabrın 31-də də dövlət başçılarının ənənəvi yeni il təbriki məhz sovet hərbçilərinə, öz xəttdə döyüşənlərə ünvanlanıb. Bu təbriki radio vasitəsi ilə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Mixail Kalinin səsləndirib.
Müharibə illərində yeni ilin gəlişi cəbhə bölgələrində bir neçə gün əvvəldən hiss olunub. Məhz bu ərəfədə hərbi hissələrə arxa cəbhədən gələn bağlamaların sayı daha çox olub. Bağlamaların əksəriyyətinin konkret ünvanları olmayıb. Onlar xüsusi mərkəzlərdə toplanaraq ön xətdə xidmət edənlərə göndərilib. Qış fəsli olduğundan bağlamalara əsasən isti geyimlər, corab və əlcək qoyulub. Bununla yanaşı döyüşçülərə şirniyyat, siqaret, konservləşdirilmiş qida məhsulları, kitab, qeyd dəftərçəsi, qələm və s. göndərilib. Yeni il ərəfəsində cəbhədə döyüşənlər tanımadaqları adamlardan saysız-hesabsız təbrik məktubları alıblar. Bu məktublarda sevgi etirafları da az olmayıb.
nagrady_1942_ria_d_850.jpg (170 KB)
Arxa cəbhədən sıravi vətəndaşlardan gələn hədiyyələrlə yanaşı ölkənin hərbi rəhbərliyi tərəfindən də döyüşçülərə hədiyyələr təqdim olunub. Məhz bayram günlərində döyüşlərdə fərqlənənlər orden və medallarla təltif ediliblər. Komandanlıq tərəfindən verilən əsas hədiyyələrdən biri də qol saatları olub. Bundan başqa bayram günlərində şəxsi heyətin qida rasionu dəyişdirilərək əlavə ərzaqlarla zənginləşdirilib.
Cəbhə bölgələrində Yeni il bayramının əsas atributlarından biri olan küknar ağacının bəzədilməsi də yaddan çıxmayıb. Bəzək aksessuarlarını döyüşçülər özləri taxta və kağızlardan düzəldiblər. Küknar ağaclarının işıqlandırılmasına əksər hərbi hissələrdə, xüsusilə ön xəttdə dislokasiya olunmuş hissələrdə icazə verilməyib. Bu işıqlar məkanın müəyyənləşdirilməsi üçün rəqib tərəfə işarə olacağı nəzərə alınaraq buna qadağa qoyulub.
boicy_poluchaiut_elku.jpg (130 KB)
İşıqsız bayram küknarları bəzən səngərlərdə də qurulub, bəzən komandanlar bunu vacib sayıblar. 1941-ci ilin dekabrın 31-də Şimal-Qərb cəbhəsinin qərargah rəisi general Nikolay Vatutin səngərləri gəzdikdən sonra siyasi işlər üzrə komandir müavini (zampolit) polkovnik Naskoviçi yanına çağırtdıraraq onu tənbeh edib:
- Nəyə görə səngərlərdə bayram küknarı yoxdur?
- Yoldaş general, müharibədir, göydən bomba yağır.
- Müharibə öz yerində, bayram öz yerində. Səngərdə dayanan əsgərin bayram ruhu olmalıdır. Bu ruh olmasa, biz heç bir uğurdan danışa bilmərik.
- Mən indi nə etməliyəm, gedib küknar axtarmalıyam?
- Sən artıq heç nə etməməlisən, çünki sən qorxaqsan, müharibəyə yararsızsan və çiyinlərindəki rütbə sənə ağırlıq gətirir. Sən xidmətdən azadsan.
1018676334.jpg (139 KB)
Bu söhbətdən sonra Vatutin Naskoviçin vəzifədən azad olunması və rütbəsinin aşağı salınması ilə bağlı komandanlığa təqdimat göndərib. “Zampolit” rütbəsi və vəzifəsi bir pillə aşağı salınıb. Vatutin isə yeni ilə bir saat qalmış yenidən səngərlərlə yollanıb, general bayramı sıravi döyüşçülərlə qeyd edib.
Müharibə dövründə qeyd olunan 4 yeni il sakitliklə, rahatlıqla qarşılanmayıb. Elə hallar da olub ki, yeni ilə dəqiqələr qalmış sovet qoşunları hücum əməliyyatına başlayıblar.
Yeni il gecəsi hərbi əməliyyatların uğurlu keçməsi sovet döyüşçülərinin həm bayram ruhunu, həm də bayram süfrəsini daha da zəngin edib. 1943-cü ilin dekabrın 31-də Stalinqradda sovet qoşunları tərəfindən Vermaxtın tank diviziyasının dislokasiya olduğu ərazi ələ keçirildikdən sonra texnika, silah-sursatla yanaşı xeyli sayda ərzaq məhsulları da qənimət kimi götürülüb. Məhz bu uğurlu hərbi əməliyyat nəticəsində nasist ordusunun döyüşçülərinin bayram ərzaqları - şokolad, siqaret, konservlər, şnaps içkiləri sovet hərbçilərinə qismət olub.
4086af4bb9a6d7caa96247e74e4fbf32.jpg (193 KB)
Müharibə dövründə hərbçilərin mənəvi-psixoloji ruhunu yüksəltmək məqsədilə yeni il ərəfəsində təbliğat işləri daha da gücləndirilib. Təkcə 1941-ci ildə, müharibənin ən qızğın vaxtında Moskvada “İncəsənət” nəşriyyatı 300 min tirajla xüsusi açıqcalar buraxıb. Bu açıqcaların üstündə maraqlı şəkillər əks olunub - Şaxta babanın əlindəki silah Hitlerə tuşlanıb, mərminin üzərində “Şaxta babadan hədiyyə” ifadəsi yazılıb, Şaxta babanın Reyxstaq binası qarşısında Qar qızla rəqsi və s.
8c07100a8e40115d072af58d721ca01a.jpg (119 KB)
Müharibənin Yeni il bayramlarında Stalinin qərarı ilə hər döyüşçüyə verilən 100 qram arağın isə xüsusi yeri olub. Əgər adi günlərdə içməyənlər öz araq paylarını içənlərə “təmənnasız” veriblərsə, Yeni il bayramında əməlli-başlı “mal mübadiləsi” gedib. İçməyənlər öz paylarını içənlərə bayram hədiyyəsi qarşılığında veriblər. Amma bu cür “mübadilə” çox az sayda olub. Çünki təxmini statistikaya görə 100 qram araq payı alanların təxminən 85 faizdən çoxu bu məhsuldan özləri istifadə edib.
İlham Cəmiloğlu, Musavat.com
Tarix: 31-12-2021, 20:55
Xəbəri paylaş





Xəbər lenti