Xəbər verdiyimiz kimi, İŞİD-in “Türkiyə əmiri” olmuş Mustafa Dokumacının arvadı, Azərbaycan vətəndaşı Ülkər Məmmədova ötən ilin oktyabrında Suriyadan Türkiyəyə keçib və təslim olub.Pravda.az xəbər verir ki, o, istintaqla sövdələşməyə gedərək, bir sıra təhlükəli terrorçuların barəsində məlumat verib və dekabrın sonlarında məhkəmə Ü.Məmmədovanı azad edib.
O, özünün bildirdiyi kimi, Azərbaycanda imkanlı ailənin qızı olub, atası polkovnikdir və Mustafa Dokumacı ilə internetdə tanış olub, Türkiyəyə gedərək onunla evlənib və daha sonra əri və uşaqları ilə birlikdə Suriyaya gedib.
İŞİD daxilindəki “Dokumacılar qrupu”nun rəhbəri olan Musfata Dokumacı ötən il pilotsuz aviasiyanın zərbəsi ilə məhv edilib. Həmin qrupun üzvləri 2015-ci ildə Ankara dəmir yol vağzalında 100-dən çox adamın həlak olması ilə nəticələnən terror hücumunu törətmişdi.
Türkiyə mətbuatı Ülkər Məmmədovanın istintaqa bir neçə təhlükəli İŞİD terrorçusu barədə məlumatlar verdiyini yazır. Onlar Türkiyədən olan terrorçulardır və başlarına milyonlarla lirə mükafat təyin edilib.
Ü.Məmmədova Gaziantep Terrorla Mübarizə İdarəsinə verdiyi ifadədə Adıyaman bölgəsindən olan “Selman” ləqəbli İŞİD kəşfiyyat əmiri haqda danışıb.
“İlk dəfə 2015-ci ildə Suriyanın Telabyad bölgəsində görmüşəm. Salman adlı şəxsin geydiyi “əfqani” qara rəngli idi. Qara rəngli “əfqanini” əsasən İŞİD-in kəşfiyyatçıları geyinirdi. Ən son onu İdlibdə gördüm. Sonuncu dəfə görəndə saçları uzanmışdı, kökəlmişdi, yanında bir gənc qadın, qadının da qucağında körpə vardı”, - Məmmədovanın ifadəsində deyilir.
Ü.Məmmədova habelə 2014-cü ildə iki İŞİD yaraqlısı ilə birlikdə Gaziantepdə tutulan, lakin məhkəmənin “yaxşı davranışa görə” cəzasını endirib çox keçmədən azadlığa buraxdığı İŞİD cəlladı Ahmet Güneş haqda da danışıb.
İddia edib ki, həmin şəxsin üzərində heç vaxt qılınc (İŞİD-çilərin baş kəsmək aləti) görməyib, amma onun tapança daşıdığını görüb.
“2017-ci ilin sonlarında bombardman zamanı ölüb. Meyitini görməmişəm, amma qəbrini görmüşəm”, - azərbaycanlı qadın bildirib.
Ü.Məmmədova Gürcüstandan Türkiyəyə deportasiya edilsə də, qaçıb Suriyaya keçən digər İŞİD əmiri Nusret Yılmaz haqda da məlumat verib. Onun İŞİD daxilində “Fursan əl-Xilafi” bölüyünün əmiri olduğunu deyib.
“2017-ci ildə dron zərbəsi ilə öldürüldü. Dron vuranda üzərində daşıdığı partlayıcı da partlamışdı və bədəni parça-parça olmuşdu”, - o deyib. Nusret Yılmaz Türkiyə Daxili İşlər Nazirliyinin ən çox axtarılan terrorçular siyahısındadır, yaxalanmasına yardımçı olanlara 10 milyon TL mükafat vəd edilir.
Ü.Məmmədova habelə 2014-cü ildə Suruçda keçirilən əməliyyatla yaxalanan, amma 5 ay sonra qaçıb Suriyaya keçən Mustafa Delibaşlar adlı İŞİD terrorçusunu da tanıyır. “Menbiç şəhərinin polis əmiri idi. 2016-cı ildə Menbiç mühasirəyə alınanda öldürüldü”, - o deyib.
virtualaz.org
Tarix: 2-01-2022, 14:17