Məşhur türkiyəli komediya ustası Cem Yılmazın bir monoloqu var, insanların bilmədikləri mövzuda danışmalarından, yol göstərmələrindən bəhs edir. Cem qardaşın sözünün məğzi budur ki, əgər bir şeyi, bir ünvanı, bir mətləbi bilmirsənsə, sakitcə “bilmirəm” demək ən yaxşısıdır. Belədə adamları ən azı yanlış yola yönəltməzsən.Eyni söhbət bizdə də aktualdır. Hərçənd bir xeyli sadə adam var ki, çox vaxt onlardan nəsə soruşanlara “vallah, nə deyim, yalançı olaram” deyir, tanımadıqları ünvanlara dair yanlış bilgi vermir, bilmədikləri şeyi demirlər.
Amma özünü sadə, sıradan biri hesab etməyən, ən azı ziyalı, politoloq, ekspert, mütəxəssis, uzman sayanların işi başqadır. Onlar hər şeyi bilirlər və düşdükləri məclisdə eyzən alim-alim danışırlar. Kənardan baxanlar da deyir, halaldır, “çox talkovı adamdır”.
Bu çoxdanın söhbətidir ki, nəinki bizdə və region ölkələrində hamı futbolu və siyasəti əla bilir. Nadir adamlar olar ki, “yox, bu işlərin öz mütəxəssisi var, qoy onlar danışsın” deyər. Məsələn, qardaş Türkiyədə futbolu Fatih Terimdən yaxşı bilən 20-30 milyon adam var. Onların çoxu siyasəti də Dövlət Baxçalıdan yaxşı bilir, tez-tez “Dövlət bəy də düz eləmir” deyirlər.
ABŞ-da bir qədər fərqlidir, camaat əsasən öz dərd-sərləri ilə məşğuldur və heç kəs iddia etmir ki, siyasəti Corc Buşdan yaxşı bilir. Amma sonradan ortalığa çıxan təfərrüatlar göstərir ki, belə düşünməyə haqqı çatanlar daha çox imiş. Çünki bu günlərdə Corc Buş (oğul) özü etiraf etdi ki, siyasətdən bildiyi bir şey yoxdur. Hələ bir müddət əvvəl jurnalistlər ABŞ vitse-prezidenti olmaq istəyən bir xanımı danışdırmışdılar, məlum olmuşdu ki, xanım dünya ölkələrinin tam əksəriyyətini tanımır, tanıyıb-bildiyi bir Rusiyadır, bir də Çin, vəssalam. Ta ABŞ-ın müttəfiqi kimdir, düşməni kimdir, vitse-prezident olmaq istəyən xanımın xəbəri yoxdur.
Biz başqayıq. Biz yeri gəlsə, dünya siyasilərinə coğrafiyadan, politologiyadan, tarixdən dərs deyərik. Məsələn, bəlkə də Makronun Fransa inqilabına dair bilgiləri bizimki qədər deyil. Bizdə nə Napelonşünaslar var. Ağzımızı açar, Taleyrandan, Fuşedan, Robespyerdən, nə bilim, Monteskyödən saatlarla danışa bilərik. Rusiya tarixini bizdən soruş. Dünyəvi dinləri bizim kimi bilən varmı? Tövratı, İncili, Quranı elə təfsir edərik, ravvinlər, papalar, şeyxlər ağzı açıq qalar.
Çox şey bilirik biz. Hamımız mütəxəssisik. Bircə minusumuz var ki, bu qədər ağıl-kamalla, dərin savadla əlimizdən danışmaqdan başqa bir şey gəlmir. Bildiklərimizi həyata tətbiq edə bilmirik.
Son vaxtlar tibb elmini də çözmüşük. Koronavirus pandemiyası barədə bizdən bilgili ikinci millət yoxdur. Həkimlərimizlə yanaşı, çilingərlərimiz, santexniklərimiz, təkərqaraldanlarımız da bu haqq-hesabı bilir. İnanmırsınız, çıxın soruşun. Hamısı deyəcək ki, koronavirus Amerikanın oyunudur, masonlar bu xəstəliyi dünya əhalisinin sayını azaltmaq üçün icad ediblər, məqsəd Yer kürəsində 1 milyard əhalinin qalmasına nail olmaqdır.
Düzdür, koronavirus xəstəliyi çıxandan bəri dünya əhalisinin sayı yarım milyard da artıb və 2-3 ilə 8 milyarda çatacaq, amma nə bilmək olar, bəlkə də axırda lənətə gəlmiş masonlar 7 milyard adamı birdən qıracaqlar. Çox gizli təşkilatdır, qarınlarının altını heç cür bilmək olmur.
O qədər gizli təşkilatdır ki, təxminən 5 milyard adam masonların Amerika tərəflərdə yeraltı bunkerlərdə, əyinlərinə qara mantiya geyərək, dəyirmi masa ətrafında ciddi-ciddi müzakirələr apardıqlarını, plan qurduqlarını, yeni-yeni oyunlar fikirləşdirklərini bilir. Di gəl, bu qurumsaqların qarşısını heç cür almaq, kimliklərini ortaya çıxarmaq olmur. Boyunlarına almırlar alçaqlar.
Baxarsız, axırda onları məhz biz ifşa edəcəyik. Arıtq izlərinə düşmüşük, bilirik ki, başçıları Bill Qeytsdir.
Ümumiyyətlə, biz başqa ölkələrdə məkri planlar quranların kimliyini əla bildiyimiz kimi, öz ölkəmizdə də kimlərin kimi masa kimi istifadə etdiyini, kimin arxasında hansı qüvvələrin durduğunu, hamının əsl məqsədinin nə olduğunu dərhal və dəqiqliyi ilə bilirik.
Məsələn, yeni bir aeroport tikilirsə, bu, elə-belə deyil, məqsəd başqadır, dar ayaqda aradan çıxmaq üçündür, ultramodern xəstəxana tikilirsə, demək, nəsə daha pis pandemiya yayacaqlar, özləri orada müalicə olunacaq, qara camata isə qırılıb gedəcək, yeni həbsxana istifadəyə verilirsə, deməli, oranı doldurmaq üçün kütləvi repressiya aparılacaq və sair və ilaxır. Heç kəs bizi aldada bilməz.
O gün bir məclisdə söhbət Ukrayna və Rusiyanın Donbasda müharibə həddinə çatmalarından düşmüşdü. Ömründə kitab oxumamış və heç yeri gəzməmiş, amma çox bilgili, həm də “talkovı” bir adam qəti şəkildə və yek kəlməylə dedi ki, hamısı Amerikanın oyunudur. Məcslidəkilərin də hamısı razılaşdı.
Gəlirsən, İnternet resurslarında dərin-dərin araşdırırsan, bəyanatları tutuşdurursan, analiz, sintez, dializ eləyirsən, görürsən ki, kişinin oğlu düz deyir, hamısını eləyən Amerkadır. Bir də masonlar.
Belə hər şeyi bilən adamlarla məcburən həmsöhbət olanda, “neprav” çıxarılmamaq üçün ən yaxşısı Cem Yılmaz demişkən, “vallah, bilmirəm, yalançı olaram” deməkdir. Qoy biləndarlar danışsın. Demirlərmi, “vaksin boş şeydir”, dinmə, sən get yaponlara, yəhudilərə qoşul, vaksinini vurdur, Qoy onlar vurdurmasın. 1-2 ilə görəcəyik, necə olacaq.
Tarix: 3-01-2022, 15:32