SSRİ dövrünün bayramlarda, xüsusilə də Yeni il bayramında ənənəvi olan öz qayda-qanunları vardı.Məsələn, ərzaq qıtlığı şəraitində ildə bir dəfə sifarişlə xüsusi olaraq hisə verilmiş kolbasa və ya kürü almaq mümkün idi. Ən dəbdəbəli sifarişlər böyük şəhərlərdə və ilk növbədə veteranlar üçün idi.
Cebhe.info Rusiya mətbuatına istinadən, SSRİ dövründə yaşayan insanların xatirələrinə əsaslanaraq "Yeni il süfrəsi" üçün ərzaqların nəhəng ölkəyə necə çatdırılmasını təqdim edir.
*Moskva, Pyotr Kamençenko
: "Sovet şampanı" və "Mavi işıq"-1958-ci ildə anadan olmuşam. Həyatımın çox hissəsini SSRİ dövründə yaşamışam və hər şeyin necə olduğunu yaxşı xatırlayıram. Buna görə də Sovet İttifaqını zəngin ölkə kimi təqdim edən insanların bu cür fikirləri məndə ikrah hissi doğurur. Sovet ticarətinin iki əsas sözündən biri “defisit” (qıtlıq) sözü idi. Mənzillərdən tutmuş tualet kağızına qədər hər şey qıt idi. Əgər pulunuz varsa, bu o demək deyildi ki, gedib istədiyiniz məhsulu ala bilərsiniz. Lazım olan məhsul "əl altından" satılırdı, həm də kimə gəldi yox, məhz "blat"a görə, həm də tanışlıqla axtardığın məhsulu əldə edə bilərdin.
“Blat” sovet ticarətində ikinci əsas sözdür.
"Blat"a görə və ya tanışlıqla rəngli televizordan, maşın növbəsindən tutmuş yataq dəstinə qədər istədiyin məhsulu əldə etmək olardı. Eyni zamanda mal mübadiləsi puldan yüksək qiymətləndirilirdi. Məsələn, mən sizə Aleksandr Dümanın kitablarının "makulaturasına" görə "talon" verirəm, siz isə əvəzində mənə rumın qış çəkməsi və ya Çin termosu verirsiniz.
Vətəndaşların üzləşdiyi qıtlığı aradan qaldırmaq üçün sovet dövründə "talon"lar da mövcud idi. Bu, sosial siyasətin mühüm hissəsi idi. Hökumət bununla qıtlığı hamının arasında bölüşdürürdü və bunu sistemli formada həyata keçirirdi. Baxmayaraq ki, bu proses o qədər də sadə deyildi.
O vaxt Moskvada Kremlin sifarişləri ilə dövlət univermağına qara kürü, Fin servelat kolbasası, xaricdən gətirilən şirniyyatlar və s. çatdırılırdı.
Valideynlərim sıravi həkim idilər, heç partiya üzvü də deyildilər, ona görə də univermağa çatdırılan Kremlin sifarişlərindən bizə pay düşmürdü. Onun üçün hakimiyyətə yaxın əlaqələrin olmalı idi.
SSRİ dövründə sovet bayramlarında və xüsusilə də Yeni il bayramında valideynlərimə iş yerindən sifarişlə qırmızı kürü, konservləşdirilmiş xərçəng, Mərakeş sardinaları, naringilər, şampanlar, hisə verilmiş kolbasa verilirdi. Sonra sifarişlər siyahısından xərçənglər yoxa çıxmağa başladı, daha sonralar isə qatılaşdırılmış süd, konservləşdirilmiş Yuqoslaviya vetçinası, yaşıl noxud və bankalarda mayonez də sifarişlə gəlməyə başladı.
O dövrdə belə sifarişlərin yerinə yetirilməsini iş yerində Həmkarlar İttifaqı şöbəsinin sədri həyata keçirirdi. Bayrama bir neçə həftə qalmış sifarişlə ərzaq almaq istəyən şəxslərin siyahıları tərtib edilir və pul yığılırdı. Sifarişlər bayram ərəfəsində verilirdi, adətən hər məhsuldan adambaşına bir ədəd hesablanırdı, bəzən uşaqlar üçün başqa bir şey də verilirdi, amma bu nadir hallarda olurdu.
Dediyim kimi, sifarişlə gələn bu ərzaqlardan Yeni il bayram süfrəsi qurulurdu.
Spasskaya qülləsində saat 12 tamamı vuranda isə "Sovet şampanı" şüşələrinin qapaqları açılırdı, hamı "ura" deyib qışqırırdı və televizorda "Mavi işıq" verilişinə baxırdı.
*Moskva, Yelena Doroxova:
"Qiymətlər baha olmurdu"-İşdə sifarişlə iki dəfə geyim, bir dəfə çəkmə almışam. Bu sifarişlər sənə çatana qədər bilmirsən ki, onlar nə rəngdə, hansı ölçüdə olacaq. Nəticədə buna evdə, ailədə hamılıqla sevinirdik. Deyim ki, qiymətlər də o qədər baha olmurdu.
Mən iki dəfə də başqa məhsul sifarişlə aldım. Bunlardan biri o dövrdə hamının ən çox arzuladığı hind çayı idi. Digəri isə bənövşəyi rəngdə torlu kolqotkalar idi. Sifarişlər həmişə belə olurdu, biri yaxşı məhsul olanda, digəri adama mənasız olan geyim və ya ərzaq olurdu. Bir dəfə qara kürü sifariş verdik, yanında mağazalarda tapılan balıq konservləri də əlavə gəldi.
Özüm işləməyənə qədər sifarişlə gələn belə məhsulları valideynlərim iş yerindən sifarişlə gətirərdi. Mənə maraqlı deyildi, bu necə olur, yəni əhəmiyyət vermirdim.
1991-ci ildə mən məktəbi bitirdikdən sonra EHM operatoru işlədim və 130 rubl maaş alırdım və valideynlərim mənə dedilər ki, bu, çox yaxşı maaşdır. Həm də bayramlarda sifarişlə ərzaqlar alırdım.
*Samara, Qalina İvanova:
"Ərzaqlar Moskvadan 18 saata gətirilirdi"-Sifarişləri mənim valideynlərim, sinif yoldaşlarımın valideynləri alıblar. Kuybışev (indiki Samara-red.) mağazalarda heç vaxt və heç bir şey olmayan bir şəhər idi, amma insanlar orada yaşamağı bacarırdılar. Çünki "blat"a görə və tanışlıqla soyuducularını doldurmaq imkanları vardı. Çünki yaşamağın başqa variantı yox idi.
"Əl altından" mayonez, noxud ala bilirdik. Açıq satışda iki dəfə pendir satıldığını yaxşı xatırlayıram. Onda da iki tramvay dayanacağı arası uzunluğunda növbə yaranmışdı.
Xatırlayıram ki, o vaxt Kuybışevdə yaşayanlar, əsasən "Jiquli" firma qatarı ilə Moskvaya gedirdilər. Oradan ət, kolbasa, pendir, yağ alıb gətirirdilər. Həm də təkcə öz ailələrinə deyil, qohumlara, qonşulara da alınırdı. Növbəti gediş üçün sifarişlər də yazırdılar və beləcə yaşayırdılar. Maraqlı idi ki, belə həyat tərzinə hamı qane olurdu. Təsəvvür edin ki, 18 saat yol gələn ət nə vəziyyətdə olurdu, ətin suyu axıb tökülürdü.
Bir dəfə isə belə bir hadisə olmuşdu. Kuybışev qənnadı fabrikinin mağazalarda satılan şirniyyatları, xatırladığım qədəriylə, 1974-cü ildə bir gecədə yoxa çıxdı. O vaxt dedilər ki, kakao paxlasının idxalı ilə bağlı nəsə olub, biz artıq onu istehsal edən hansısa ölkə ilə dost deyilik. Başqa bir versiya hər şeyin ixrac edildiyi idi. Yadımdadır, bu şirniyyatların bəziləri o qədər gözəl qutularda idi ki, adamı heyran edirdi.
Sifarişləri isə yalnız 8 Mart və Yeni il bayramları üçün vermək mümkün idi. Amma mənim valideynlərim adi işçi olduqları üçün onlar ən axırda nəsə ala bilirdilər. Çünki birinci növbədə rəhbərlik, ikinci veteranlar, daha sonra sıravi işçilər "həmkarlar ittifaqı" vasitəsilə sifarişlə nəsə ala bilirdilər. O yadımdadır ki, qarabaşaq şəkərli diabet xəstəliyi olanlara verilirdi.
Biz hamımız bu sistemə şübhə ilə yanaşırdıq. Biz anlayırdıq ki, insan ləyaqəti alçaldılır və insana düzgün qiymət verilmir.
Qayınanam həkim işləyirdi və ona davamlı olaraq nəsə gətirirdilər, amma o, bunları qəbul etmirdi.
Yeri gəlmişkən, sosialist əməyi zərbəçiləri də nəzərdən kənarda qalmırdılar, sifarişlə onlara da nəsə çatırdı. Zərbəçi olmayanlar diqqətdən kənarda qalırdılar. Bu, biabırçılıq idi.
*Moskva, Anna Batrova:
"Veteran nənələr"ə güzəşt"-Nənəm müharibə dövründə 17 il “Ural” zavodunda işləmişdi, veteran idi, ona görə də növbəsiz ona hər şey çatdırılırdı, amma təbii ki, ödənişini etməklə. Yadımdadır ki, nənəmə qeyri-bayram günlərində də ərzaqlar gətirilirdi.
Nənəm veteran olmasına görə iki həftədən bir zəng edib sifariş verə bilərdi. Ona görə bizim vəziyyətimiz yaxşı idi. Qonşuluğumuzda da nənəm kimi veteran nənələr vardı. Onlara da belə güzəştlər olunurdu. Bir yerə yığışanda isə nənələr müharibədə necə vuruşduqlarından danışardılar.
*Sankt-Peterburq, Sergey Qriqoryev:
"Üç növ sifariş"-Mən Leninqradda yaşayırdım, mağazalara yağ, hisə verilmiş kolbasa gələndə növbə yaranırdı. Hətta 1-2 saat növbədə qalmalı olurduq.
Atam hərbçi idi, Şimal Donanmasında, sonra isə Leninqradda bölmədə xidmət edib, anam isə istehsalatda işləyirdi. Əvvəlcə Oktyabr rayonunda, sonra Krasnoqvardeyskidə yaşadıq. Oktyabrski rayonunda istifadə edə biləcəyimiz üç növ sifariş vardı, amma Krasnoqvardeyski rayonunda həqiqətən heç nə yox idi.
Əvvəl bayramlarda anama iş yerindən sifarişlə kolbasa verilirdi, uşaqlı işçilərə isə narıngi verilirdi. Yadımdadı ki, heç kimə lazım olmayan "Öz suyunda toyuq əti"də mütləq verilərdi. Spirtli içki islahatı ilə əlaqədar anama konyakı dəst şəkildə verirdilər, bizdə isə içən yox idi deyə, anam onu başqa bir ərzaqla dəyişdirirdi. Qonşumuzun əri veteran idi və o kiməsə lazım olmayan sifarişləri sata bilirdi.
Bildiyimə görə, həmkarlar ittifaqı sədri bacarıqlı, fəal olanda əvvəlcədən yazılı şəkildə sifarişləri toplayır və kimin nə istədiyini siyahıya alırdı. Anamın iş yerində isə belə olmayıb. Atam isə iş yerindən sifarişləri daha az edirdi, fevralın 23-nə və Yeni il bayramına qədər sifariş verirdi. Yaxşı xatırlayıram, atama bir dəfə sifarişlə işdən qırmızı balıq və əsl konfetlər də vermişdilər.Yaşadığımız şəhərdə 3-cü növ sifariş Lermontov küçəsinin tinində qoyulmuş sifariş stolu idi. Biz ora hərdən bir gedirdik. Orada hər şey satılırdı. İstədimiz ərzağı alıb gətirirdik.Bu danışdıqlarım yenidənqurma dövrünə qədər olub.
Sonralar "universam"da növbəyə dayanıb hər şey alırdıq. 80-ci illərin sonlarında artıq bayaq dediyim Lermontov küçəsindəki sifariş stolu da fəaliyyət göstərmirdi. Atam da artıq işdən sifarişlə heç nə almırdı, anamsa veteran olduğuna görə az-çox nəsə alırdı.
Amma böyüdükcə başa düşürdüm ki, sifarişlə ərzaq almaq iyrənc bir sistem olub. Hesab edirdim ki, hər bir ərzaq əlçatan olmalı idi, insanlar da büdcəsinə uyğun alış-veriş etməli idilər.
*Moskva, Yelena Quzairova:
"Macarıstan toyuqları"-Sifarişlə ərzaqları sovet bayramlarında - 8 Martda, 9 Mayda, 7 Noyabrda və Yeni il bayramında alırdıq. Yeni il bayramında bu sifarişlər xüsusi olurdu.
Mən 1970-ci illərdə zavodda işləyirdim. Sifarişlə ərzaqları və həmçinin geyim əşyalarını işlədiyin müəssisədən almaq imkanı vardı.
Bizim zavodda belə idi: Həmkarlar İttifaqının sədri siyahını divardan asırdı və orada sifariş verə biləcəyimiz məhsulların adları yazılırdı. Sonra isə pul yığılırdı və işlədiyimiz şöbəyə ərzaq dolu qutular gəlirdi və hər kəs də öz payını götürürdü.
Demək olar ki, sifarişlər eyni idi, Yeni il bayramı öncəsi bu qutulara şprotlar, balıq konservi, yaşıl noxud, qırmızı kürü daxil idi.
O vaxt bankada mayonez tapılmırdı. Mayonez, kolbasa, konfetlər, narıngi və portağal da hamının sifariş etdiyi ərzaqlardan idi. Belə qutularda yaşıl bananlar da olurdu, biz onları mətbəxtdə bayrama qədər saraldırdıq.
Deyim ki, ən möhtəşəm sifarişimiz "Macarıstan toyuğu" idi. Bu toyuqlar adambaşına bir kiloqramdan hesablanırdı, hamı da almaq istəyirdi.
Bayram sifarişlərimizin ərzaqlarının qiyməti 10 rubl civarında olurdu.Biz bu sifarişlərimizi Yeni il bayramına bir həftə qalmış alırdıq. Bayramöncəsi mağazalarda heç nə tapmaq mümkün deyildi. Hamı əvvəlcədən hər şey alıb evində ehtiyat saxlayırdı. Yadımdadı, mən atamla ən yaxşı mağaza sayılan "Universitet" mağazasına getdik. Orada da almağa heç nə yox idi.
1967-ci ildə yeni mənzilə köçmüşdük. Atam balıq almışdı, içərisindən kürü çıxdı və biz kürünü ayrıca yedik, balığı isə bişirdik. Çox dadlı olduğunu hələ də xatırlayıram.
1970-ci illərin sonunda ailə qurdum, həyat yoldaşım "Bədii ədəbiyyat" nəşriyyatında işləyirdi, işdən sifarişlə heç nə ala bilmirdi, amma "Pervomayskiy" univermağının direktoru ilə tanış idi deyə, ona kitablar aparıb verirdi, o da əvəzində ona çox az tapılan ərzaqlar verirdi. Məsələn, hisə verilmiş kolbasa, narıngi, "Assorti" konfetləri və üstündə fil şəkli olan Hindistan çayı.
SSRİ-də "defisit" olan məhsullardan biri də kitab idi. "Kitab ekspedisiyası" xüsusi bölgü aparırdı. Bu zaman üstünlük partiya işçilərinə verilirdi. Qayınatam Dövlət Nəşriyyat Komitəsində işlədiyinə görə nadir kitabları ala bilirdi və beləliklə, bizim evimizdə Mopassanın seçilmiş əsərləri, Mayn Ridin 6 cilddə kitabları və uşaqlar üçün Dünya Ədəbiyyatə Kitabxanası vardı.
*Moskva, Pyotr Kamançenko:
"Bəxtim gətirdi ki, məni öldürmədilər"-80-ci illərin sonlarında, ümumiyyətlə, heç nə tapılmırdı. Bir şüşə araq və bir qutu ət konservinə görə adam adamı öldürərdi.
İndi yadıma həmin illərin bir əhvalatı düşdü. Mən həmin vaxt SSRİ Tibb Elmləri Akademiyasnda kiçik elmi əməkdaş işləyirdim. Yeni il bayramı öncəsi sifarişlə "Sovet şampanı", şprotlar, losos, hisə verilmiş kolbasa parçası, "Nəhəng sədd" Çin "tuşonka"sı, o vaxt zarafatla deyirdilər ki, çinlilər bu "tuşonkaları" vyetnamlı əsgərlərin ətindən hazırlayırlar və digər ərzaqlar alıb selofan paketin içərisində evə gətirirdim. Paketin qulpu qopduğundan onu qucağımda daşımalı olmuşdum. Metro ilə evə gedirdim, hava da qaralmışdı, hiss etdim ki, iki cavan oğlanın gözü qucağıma sıxdığım paketə zillənib. Artıq hiss etdim ki, onlar məni qarət edəcəklər. Elə də oldu. Hələ bəxtim onda gətirdi ki, məni öldürmədilər.
SSRİ dövrünün "defisit" mənzərəsi az da olsa, "xatirələrin dili ilə" canlandırıldı.
Tarix: 8-01-2022, 21:31