Bu gün Məhəmməd Əlinin 80 yaşı olacaqdı.Əksəriyyətin tarixin ən yaxşı boksçusu, ABŞ-da XX əsrin idmançısı seçilən Əli kimi tanıdığı bu ulduz 1942-ci il yanvarın 17-də Kassius Kley kimi dünyaya gəlib.
12 yaşında velosipedi oğurlanandan sonra oğrunu tapacağı halda yaxşıca döymək üçün boksla məşğul olmağa başladı və aydın oldu ki, o, elə boks üçün yaranıb. Altı il sonra, cəmi 18 yaşı olanda Romada olimpiya çempionu titulunu qazandı və bundan sonra peşəkar karyeraya başladı. Dalbadal 19 görüşdə qalib gələndən sonra dünya çempionu Sonni Listonla qarşılaşmaq hüququ qazandı.
Sonni Listonun təvəllüd tarixi dəqiq məlum deyil, 1930 və ya 1932-ci il olduğu təxmin edilir. Yeniyetməlik dövründən cinayət yolunu tutub, 1950-ci ildə həbsə düşüb və məhz həbsxanada boksla məşğul olmağa başlayıb. Elə onunla bağlı da aydın olub ki, boks üçün yaranıb. Müdhiş fiziki göstəricilərə malik idi. Onun yumruğunun diametri 38 sm idi və bu, rekord göstərici sayılırdı.
Liston 1952-ci ildə həbsdən çıxandan sonra bir il həvəskar, sonra isə peşəkar karyeraya başladı. Onun tezliklə çempionluq döyüşünə çıxacağı şübhə doğurmurdu, amma 1956-cı ildə polisi vurduğu üçün yenidən həbsə düşdü. Altı aydan sonra azadlığa çıxsa da, daha bir il boks qarşılaşmalarına qadağa qoyuldu.
Karyerasını davam edəndən sonra 1960-cı ildən etibarən dünya çempionu Floyd Pattersonla qarşılaşmağa 1 nömrəli namizəd idi. Amma onun cinayətkar keçmişi üzündən çoxları bu görüşün əleyhinə idilər. Onların arasında prezident Kennedi də vardı. Nəhayət, 1962-ci ilin sentyabrında baş tutan qarşılaşmada Liston tarixin ən güclü boksçularından sayılan, Taysona qədər ən gənc dünya çempionu olmuş Pattersonu 2 dəqiqə 6 saniyə sonra nokauta göndərdi. 10 ay sonra baş tutan revanşda Patterson cəmi dörd saniyə çox davam gətirdi, görüş 2 dəqiqə 10 saniyə davam etdi. İki dəfə nokdauna düşən Patterson üçüncüdə nokaut yaşadı.
Listonun qələbəsi Amerikada kimsəni sevindirmədi. Onu sevmirdilər. Həm cinayətkar keçmişinə görə, həm mütəşəkkil cinayətkarlıqla əlaqələrinin davam etməsi haqqında söz-söhbətlərə görə, həm də gündəm olacaq hadisələr yaratmağa meylli olmamasına görə. Hətta qaradərili əhalinin o zaman geniş vüsət alan hərəkatına biganəliyinə görə irqdaşları tərəfindən də sevilmirdi. Liston ən ağır çəkili boks çempionları arasında yəqin ki, ən az populyar olanı idi.
Kassius Kley isə başqa idi. Adam ikiayaqlı gündəm idi. Hər hərəkəti, hər sözü jurnalistlərə material verirdi və populyarlığı günü-gündən artırdı. O, hər görüşündən əvvəl rəqibini neçənci raundda məğlub edəcəyi barədə şeirlər qoşurdu. Əminliklə söyləmək olar ki, Kley böyük boksçu olmazdan hələ çox əvvəl böyük şoumen idi. Onun Listonla çempionluq görüşünə çıxarılmasında rinqdə qazandığı məğlubiyyətsiz 18 qələbə ilə yanaşı, bu populyarlığının da rolu böyük idi.
Liston-Kley qarşılaşması 1964-cü il fevralın 25-nə təyin olundu. Böyük əksəriyyət Listonun qalib gələcəyinə əmin idi. Həmin dövrdə Liston sonralar Mayk Taysonun olduğu qədər qorxunc sayılırdı. O dövrün güclü boksçularından sayılan Harri Kuperin məşqçisi “biz onunla hətta küçədə də qarşılaşmaq istəmirik” deyirdi. Kley ilə görüş öncəsi bukmekerlər Listonun şansını 7-1 nisbətində dəyərləndirirdilər.
Amma görüş heç də gözlənildiyi kimi keçmədi. Sonni Liston daim hərəkətdə olan rəqibinə dəqiq zərbə endirməyə çətinlik çəkirdi. Kley özünün “kəpənək kimi uçmaq, arı kimi sancmaq” taktikasına sadiq idi.
Altıncı raunddan sonra Liston çiyninin zədələnməsini əsas gətirərək görüşü davam etdirmədi və Kassius Kley ən ağır çəkidə yeni dünya çempionu elan edildi. Görüş dayandırılarkən üç hakimdən birinin fikrincə hesab heç-heçə (57-57) idi, biri Listonu (58-56), üçüncüsü isə Kleyi (56-58) üstün sayırdı.
Görüşün yarımçıq dayandırılması böyük hay-küyə səbəb oldu. Nəticənin əvvəldən razılaşdırılması barədə iddialar səsləndirildi. İndinin özünə qədər Listonun çiyninin həqiqətən zədələnib-zədələnməməsi barədə fikirlər haçalanır. Belə bir maraqlı fakt mövcuddur ki, boks üzrə ixtisaslaşan “Rinq” jurnalı qarşılaşmanı ilin döyüşü, onilliyin döyüşü və eyni zamanda onilliyin məyusluğu kimi tanımışdı.
Görüşdən qısa müddət sonra Kassius Kley İslamı qəbul etdiyini və adının artıq Məhəmməd Əli olmasını elan etdi. Boks tarixinə də məhz bu adla düşdü.
İki boksçu arasında revanş qarşılaşması 1965-ci il mayın 25-də baş tutdu. Hətta indi də bukmekerlər Listonun qələbə şansının daha çox olduğu qənaətində idilər: 9-5.
Bu dəfə hər şey daha başqa cür alındı. Start qonqundan cəmi 2 dəqiqə 12 saniyə sonra Əlinin o qədər də güclü olmayan, bəzilərini “xəyali zərbə” adlandırdıqları zərbəsindən sonra Liston yerə sərildi. Əli onun üzərində duraraq “Qalx və döyüş, avara” deyə çığırmağa başladı. Hakim onu öz küncünə göndərmək üçün xeyli vaxt sərf etdi və yalnız bundan sonra Liston üçün hesabı açdı, amma sonuncu artıq ayağa qalxmışdı.
Görüş davam etdiriləndən sonra “Rinq” jurnalının redaktoru Net Fleyşner hakimi çağıraraq Listonun 17 saniyə yerdə uzandığını söylədi. Baxmayaraq ki, Fleyşnerin döyüşə müdaxilə etmək üçün heç bir hüququ yox idi, hakim onun dediklərini əsas götürərək, qarşılaşmanı dayandırdı və Əlinin nokautla qalib gəldiyini elan etdi.
İkinci görüş də birinci görüşdən sonra yaranan gümanları, şayiələri səngitmədi. Listonun çempionluğunun boksdan gələn gəlirləri azaltması, buna görə onun uduzmağa məcbur edilməsi barədə iddialar yer aldı və indiyə qədər də yer almaqdadır. Amma bu iddiaların heç birində Əlinin də sövdələşmədə iştirak etməsi söylənilmir.
Əli növbəti görüşünü keçmiş dünya çempionu Floyd Pattersona qarşı keçirdi və Listonun iki dəfə birinci raundda nokauta göndərdiyi rəqibini yalnız 12-ci raundda texniki nokautla qalib gəldi. Bu da onun Liston üzərindəki qələbəsi ətrafında hər şeyin qaydasında olmaması iddialarını gücləndirdi.
Əli (Kley) və Liston arasında görüşlərin nə qədər gerçək idman mübarizəsi şəklində keçdiyi barədə indi qərar vermək çətindir. Ola bilər ki, həmin dövrdə Liston Əlidən daha güclü idi (hərçənd, idman rejiminə əməl etməməsi, az məşq etməsi və içkilərə aludəçiliyi məlumdur). Amma Məhəmməd Əli sonrakı karyerası boyu sübut etdi ki, həqiqətən dahi və böyük, bəlkə də ən böyük boksçudur. Ən böyük şoumen olması isə heç bir “bəlkə” olmadan qəbul edilən faktdır.
Müəllif: Yadigar Sadıqlı
Tarix: 19-01-2022, 11:36