SSRİ-də siyasi liderlərin, yüksək ranqlı dövlər məmurlarının təntənəli dəfn mərasimi ənənəsi Leninin vəfatı ilə başlayıb. Bu məqsədlə dəfn komissiyası yaradılıb, dəfn prosesinin keçirilməsi ilə bağlı görüləcək işlər, tədbirlər müəyyənləşdirilib. Elə həmin vaxtdan dəfn mərasiminə çəkiliş qrupunun cəlb edilməsi də tədbirlər planında öz əksini tapıb.Dövrün ən tanınmış operatorları mərasimi əvvəldən sona qədər kinokamera ilə çəkiblər, həmin kinoxronika Mərkəzi Komitənin işlər idarəsinin arxivində saxlanılıb.
Mövcud olduğu 70 il ərzində SSRİ-də birincilərin dəfn mərasimlərinin ssenarisi, demək olar ki, eyni olub, İttifaqlar Evinin sütunlu zalında vida görüşü, Qırmızı meydanda matəm mitinqi, vəfat etmiş şəxsin siyasi və hərbi liderlərin çiynində son mənzilə yola salınması və s.
Digərləri kimi, Andrey Jdanovun da dəfn mərasimi eyni qaydada keçirilib. Məlum olduğu kimi, Jdanov Stalinin ən yaxın silahdaşlarından biri olub. Onun vəfatı sovet liderinə o dərəcədə pis təsir göstərib ki, sərt Stalin hönkürtüsünü saxlaya bilməyib.
Stalinin bağ evinin komendantı öz xatirələrində həmin mənzərəni belə xatırlayıb: “Jdanovun ölümü Stalinə çox pis təsir etmişdi. O hönkürərək ağlayırdı və az qala qışqırıqla “mən qoca, xəstə, sağ qalmışam o isə ölüb, gərək mən öləydim, o sağ qalaydı” deyirdi. Dəfn mərasimindən sonra Stalin Jdanovun xatirəsini yad etmək üçün büro üzvlərini öz bağına dəvət etmişdi. Süfrə arxasında onu xoş sözlərlə xatırladılar, gördüyü işlərdən danışdılar. Həmin mərasimdə Stalin daha çox içdi. Birinci dəfə idi ki, onu belə vəziyyətdə görürdük...”
Amma Jdanovun oğlu Yuri atasının vəfatı ilə bağlı fərqli fikirlər söyləyib: “Atamın vəfatı Siyasi Büro üzvləri üçün o qədər də kədərli hadisə deyildi. Hətta dəfn mərasimi zamanı Lavrenri Beriyanın gülüş səslərini eşidənlər də olub. Ümumiyyətlə, atamaın ölümündə bir müəmma var idi. Düzdür, o, xəstə idi, yüksək qan təzyiqindən əziyyət çəkirdi. Amma onun ölümü ilə bağlı müəyyən müəmmalar və versiyalar da irəli sürülüb. Bu versiyalardan biri də həkimlər tərəfindən Jdanovun qəsdən öldürülməsidir. Atamla Stalinin yaxın münasibətlərinə qısqanclıq edənlər çox idi. Stalinin bir çox məsələlərdə Jdanova inanması, ona qulaq asması çoxlarını narahat edirdi. Bu “narahatlıq” atamın qəsdən aradan götürülməsi versiyasına inanmaq üçün əsas verir. Atamın xatirəsinin əbədiləşdirilməsi məsələsi də buna sübutdur. Adətən siyasi birincilərin vəfatından bir neçə gün sonra onların adlarının əbədiləşdirilməsi məsələsi SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında müzakirəyə çıxarılıb müvafiq qərarlar qəbul olunurdu. Jdanov haqqında isə yalnız iki aydan sonra bu haqda düşünməyə başladılar...”
Jdanovun dəfn mərasimində maraqlı məqamlardan biri çəkiliş qrupu ilə bağlı olub. Peşəkar operatorlar İttifaqlar Evindən Qırmızı meydana qədər bütün prosesi lentə alıblar. Adətən onların işinə heç kim mane olmayıb. Nikolay Vlasik (Stalinin mühafizə rəisi) operatorlara Stalinə bir neçə addımlığına qədər yaxınlaşmağa da şərait yaradıb.
Mərasim bitdikdən sonra operatorlar montaj işinə başlayıblar. Problem də elə burada başlayıb. Belə ki, kinokameralarda istifadə olunan lentlərin bəzi hissəsi keyfiyyətsiz olub, bunun nəticəsində dəfn mərasiminin bəzi məqamları lentə düşməyib. Ən əsası isə tabutun yüksəkçinlilərin çiynində son mənzilə aparılması lentin keyfiyyətsiz yerinə düşüb. Operatorlar bunun nə ilə nəticələnəcəyini yaxşı anlayıblar. Onlar yaxşı biliblər ki, Stalin ən yaxın silahdaşının dəfn mərasiminə dəfələrlə baxacaq. Amma “peşəkarlar” çıxış yolu tapıblar. Dəfn mərasimlərinin hamısının eyni qaydada keçirildiyini nəzərə alan operatorlar Mixail Kalininin 1946-cı ildəkii dəfn mərasiminin lentindən istifadə ediblər. Son mənzilə yolasalma kadrını oradan çıxarıb Jdanovun dəfn mərasiminin kadrlarına əlavə ediblər. Montaj olduqca yüksək və “peşəkar” səviyyədə alınıb.
Təxminən bir aydan sonra Stalin şəxsi katibi Poskrebıçevə göstəriş verib ki, Jdanovun dəfn mərasimindən olan çəkilişi gətirsin. Çəkiliş Stalinə nümayiş etdirilib: İttifaqlar Evi, Jdanovun tabuta qoyulmuş açıq nəşi, fəxri qarovul, daha sonra Qırmızı meydan, matəm mitinqi, sonda isə çiyinlərdə daşınan tabutun son mənzilə yola salınması. Bu məqamda Stalin Poskrebışevdən xahiş edib ki, həmin hissəni təkrar göstərsin. Stalin yenidən həmin məqama diqqətlə baxıb, Jdanovun tabutunu Jdanovun özü daşıyıb. Bu Kalininin dəfnindən götürülmüş hissə olub.
Stalin Poskrebışevə sual verib:
- Saşa, ( Stalin Aleksandr Poskrebışevə belə müraciət edib) biz kimi dəfn edirik?
- Yoldaş Stalin, Andrey Jdanovu.
- Sən bir diqqətlə bax, Jdanov özü öz tabutunu daşıyır.
- Bəli, yoldaş Stalin.
- Saşa, necə yəni bəli? Sən sərxoş deyilsən?
- Xeyr, yoldaş Stalin.
Bu cavabdan sonra Poskrebışev həmin səhnəyə baxanda sanki yuxudan ayılıb, olduqca heyrətlənmiş və az qala qışqıraraq üzünü Stalinə tutub:
- Yoldaş Stalin, yuxarıdakı da, aşağıdakı da Jdanovdur. Yox, bu onun ruhudur yəqin, yoxsa bəlkə mənim ağlım gedir.
- Saşa, sənin ağlın yerindədir, ağlı gedən operatorlardır.
Həmin gün Poskrebışev operatorları yanına çağırtdırıb, məsələni aydınlaşdırıb və nəticəsini Stalinə məruzə edib. Stalinin cavabı isə çox qısa olub:
- Günah Jdanovdadır, tez öldü, özünü bu naşıların ixtiyarına verdi....
İlham Cəmiloğlu, Musavat.com
Tarix: 19-01-2022, 17:07