1971-ci ildə istifadəyə verilən Moskva dövlət sirki Avropada ən böyük sirklərdən biri sayılıb. Sahəsi 3 min kvadratmetr, hündürlüyü 31 metr olan sirk 3400 tamaşıçı üçün nəzərdə tutulub. Sirkin inşası 1964-cü ildə başlansa da, 1967-ci ildə tikinti dayanıb.Buna səbəb “Qırmızı Bayraq” zavodunun tikintini vaxtında materiallarla təmin etməməsi və maliyyə çatışmazlığı olub. Yarımçıq qalmış iş yuxarılarda narazılıq yaradıb. Xüsusilə SSRİ Nazirlər Sovetinin sədri Aleksy Kosıgin sirkin inşasına görə böyük narahatlıq keçirib. Ümumiyyələ, Kosıgin öz fəaliyyətində yarımçıq işləri həzm edə bilməyib, bunu özünə irad, bacarıqsızlıq kimi qəbul edib.
Digər tərəfdən, hansısa böyük bir layihənin tam icra olunmaması Brejnevə imkan verib ki, Kosıginə irad tutsun. Məlum olduğu kimi, baş katiblə baş nazirin münasibətləri heç də isti olmayıb. Üzdə mehriban görünsələr də, məmurlar bir-birlərindən çox da razı olmayıblar. Bu və digər səbəblərdən Kosıgin sirkin inşasını yekunlaşdırmaq üçün bütün gücünü səfərbər edib.
Nazirlər Sovetinin Brejnevin də iştirak etdiyi növbəti iclaslarının birində sirkin məsələsi yenidən müzakirəyə çıxarılıb. Brejnev narazılığını ümumi bildirsə də, Kosıgini əsas hədəf seçib:
- Biz belə qərara gəldik ki, SSRİ-də Avropanın ən böyük sirkini açaq. Bunun üçün qərar qəbul etdik, yer ayırdıq, mütəxəssislərin rəylərini öyrəndik, arxitektorlar öz layihələrini təqdim etdilər. Mərkəzi Komitə bunun üçün bütün tədbirləri gördü. Amma Nazirlər Soveti layihənin icrasında hansısa səbəblərdən işi yarımçıq saxladı. Mənə məlumat veriblər ki, maliyyə çatışmazlığı var. Axı biz layihəni təsdiq edəndə bu məsələni də müzakirə edib razılığa gəlmişdik. Aleksey Nikolayeviç, belə düşünürəm ki, müşavirə iştirakçılarına problemlə bağlı ətraflı məlumat verəcəksəniz.
Öz işinin peşəkarı olan Kosıgin təmkinini pozmadan tribunaya qalxıb:
- Bəli, Leonid İliç, biz maliyyə məsələsini də layihənin təsdiqi zamanı razılaşdırmışdıq. Amma yəqin ki, bilməmiş deyilsiniz, sirkin Avropada ən böyük sirk olması üçün biz sonradan layihəyə dəyişiklik etdik, sahəsinin daha böyük olması haqqında qərar verdik. Mövcud problemin yaranması da məhz bununla bağlıdır.
- Bəs təklifiniz nədir?
- Mən müşavirədən əvvəl konkret təklifimi hazırlamışam. Sirkin inşasının başa çatması üçün 1 milyon rubl və bir il vaxt lazımdır.
Məbləğ Brejnevin ürəyincə olmayıb:
- Biz bu iş üçün Moskvaya 1 milyon ayıra bilmərik.
Müzakirəyə SSRİ-nin mədəniyyət naziri Yekaterina Furtseva qoşulub. Kifayət qədər ötkəm olan qadın nazir Brejnevə müraciət edib:
- Leonid İliç, həm sirk istəyirik, həm də vəsait ayırmırıq. Biz onsuz da bu sirkə görə Mədəniyyət Nazirliyinin digər obyektlərinin tikintisini dayandırmışıq. Bir il ərzində də başqa obyektlərə ayrılacaq vəsaiti sirkin inşasına yönəltsək bu məsələni həll etmiş olarıq.
Müşavirədə daha bir neçə nəfər sirkin inşasına vəsaitin ayrılmasına tərəfdar olub.
Sonda Kosıgin yenə söz alıb:
- Hörmətli müşavirə iştirakçıları, zala diqqət etsəniz, görərsiniz ki, aramızda yalnız bir qadın nazir var. Belə düşünürəm ki, centlmenlik nümayiş etdirib onun xahişini yerinə salmayaq. Mən Moskva vilayətinin büdcəsini tənzimləyərək 1 milyon rublun sirkin inşasına ayrılmasının yollarını bilirəm. Məncə, bu cür qərar qəbul etsək, bu məsələni qısa bir müddətdə həll edə bilərik.
Brejnev mövcud məsələdə Kosıginin tərəfdarlarının çoxluğunu anlayıb və yekun fikrini bildirib:
- Sirkin inşası mürəkkəb bir məsələdir. Çünki burada tikintinin öz spesifikası var, manej, səhnə, quruluş yüksək peşəkarlıq tələb edən işlərdir. Amma ümid edirəm ki, Aleksey Nikolayeviç öz sözünün üstündə duracaq və biz bir ildən sonra sirkin açılışında iştirak edəcəyik.
Müşavirədən sonra Kosıgin Brejnevi yola salanda dəhlizdə baş katib baş nazirə sirklə bağlı daha bir fikir bildirib:
- Bir şeyi də nəzərə alın ki, bu sirkdə tanınmış müğənnilər konsert verməyəcək, sirk yalnız sirk tamaşaları üçün istifadə olunacaq.
Çox nadir hallarda gülümsəyən Kosıgin baş katibin bu fikrinə az qala qəhqəhə çəkib və Brejnevin nəyə eyham vurduğunu da yaxşı anlayıb. Brejnev Lyudmila Zıkinanın sirkin yeni binasında konsert verəcəyini nəzərdə tutub. Qeyd edək ki, Brejnev qadınların böyük hörmət bəslədiyi Kosıginə həmişə qısqanclıqla yanaşıb.
Beləliklə, sirkin inşası üçün lazımi vəsait ayrılıb və bir ildən sonra Böyük Moskva Dövlət Sirkinin təntənəli açılış mərasimi olub.
İlham Cəmiloğlu, Musavat.com
Tarix: 19-01-2022, 17:15