ALBERT EYNŞTEYNİN AFORİZMLƏRİ


Bizim Yer üzərindəki vəziyyətimiz, həqiqətən də, təəcüblüdür. Hər bir şəxs burada, çox qısa bir an üçün, aydın olmayan mqəsədlə peyda olur, baxmayaraq, bir sıra adamlar özləri üçün məqsəd düşünüb tapmağı bacarırlar. Ancaq gündəlik həyat nöqteyi nəzərindən bir şey aydındır: biz başqa adamlar üçün yaşayırıq – və ən çox da, bizim şəxsi səadətimizin, təbəssümlərindən və rifahlarından asılı olduğu adamlar üçün.
Uğurlu imkanlar çətinliklərdə gizlənir.

İnsanların biri birini sevməsində cazibə qanununun heç bir günahı yoxdur.
Əgər Nisbilik nəzəriyyəsinin doğruluğu təsdiq olunsa, onda almanlar mənim alman olduğumu deyəcək, fransızlar mənim bütün dünyanın vətəndaşı olduğumu bildirəcəklər; ancaq əgər mənim nəzəriyyəm inkar olunarsa, fransızlar məni alman, almanlar isə yəhudi elan edəcəklər.
Kimsə öz əməyinin nəticəsini təxirə salmadan görmək istəyirsə, gərək çəkməçi işləməyə getsin.
Əgər hansısa problem barədə onu yaradanlar kimi düşünsən, bu problemi heç vaxt həll edə bilməyəcəksən.
Ölümdən sonra yandırılmağımı istəyirəm ki, insanlar mənim sümüklərimə təzim etməyə gəlməsinlər.
Mən ölümə, tez, ya gec qaytarılması vacib olan köhnə borc kimi baxmağa öyrənmişəm.
Həqiqət – təcrübənin sınaqlarına davam gətirən şeydir.
İnsan yalnız özü özünü ötüb keçəndən sonra yaşamağa başlayır.
İnsanları öyrətməyin ən ağıllı üsulu, onlara şəxsi nümunə göstərməkdir.
Hər bir insan dünyaya, ən azından, ondan götürdüyü qədər qaytarmağa borcludur.
Böyüklüyə gedən yalnız bir yol vardır və bu yol əzablardan keçib gedir.
Əgər siz xoşbəxt yaşamaq istəyirsinizsə, adamlara və əşyalara deyil, məqsədlərə bağlanmalısınız.
Beynəlxalq qanunlar yalnız beynəlxalq qanunlar məcəlləsində mövcuddur.
Əgər ağıla qarşı günah işlətməsən, ümumiyyətlə, heç bir böyük fikrə gəlib çıxa bilməyəcəksən.
Həqiqətən də böyük olan düşüncələr beyinə o əqədər təsadüfi hallarda gəlir ki, onları yadda saxlamaq çətin olmur. (Eynşteyn bu sözü, ondan, fikirlərini yadda saxlamaq üçün qeyd dəftərçəsindən istifadə edib-etmədiyini soruşan jurnalistə demişdi.)
Mən heç vaxt gələcək haqqında düşünmürəm. Çünki, özü kifayət qədər tez gəlib çıxır.
Mən tələbələrimə heç nə öyrətmirəm, yalnız onların özlərinin öyrənə bilməsi üçün şərait yaradıram.
Udulan müharibədir, sülh deyil.
Əgər söhbət sağlam düşüncədən gedirsə, onun deməsinə görə Yer yastıdır.
Siz nəyisə sadə sözlərlə, anlaşıqlı şəkildə izah edə bilmirsinizsə, deməli, özünüz də onu sonacan anlaya bilməmisiniz.
İdeya ilk baxışdan absurd görünmürsə, o boş şeydir.
Elmi kəşflər prosesi, mahiyyətcə, arasıkəsilməz şəkildə möcüzələrdən qaçmaqdır.
Üçüncü Dünya müharibəsinin hansı silahlarla aparılacağını deyə bilmərəm, ancaq dördüncü Dünya müharibəsi dəyənəklər və daşlarla olacaq.
E = mc2 tənliyini görəndə özünün uzunçu danışığından utanırsan.
Zamanın mövcudluğunun yeganə səbəbi, hər şeyin eyni vaxtda baş verməməsidir.
Elm, heç vaxt, bitmiş bir kitab olmayıb və olmayacaq da. Burada hər bir mühüm uğur yeni suallar doğurur. Elmin inkişafı, tədricən, yeni və daha dərin çətinliklərlə qarşılaşmağa gətirib çıxarır.
Artıq bir dəfə öz sərhədlərini genişləndirmiş ağıl, bir də heç vaxt əvvəlki vəziyyətinə qayıtmır.
İnsanlığın mənəvi təkamülünün ilk dövrlərində insan fantaziyası, görünüş və xasiyyətcə özünə bənzəyən tanrılar yaratdı və onun düşüncəsinə görə, bu tanrılar öz iradələri ilə fəaliyyət göstərərək, hadisələr dünyasını (phenomenal world), yaxud ən azından, ona təsir göstərməyi müəyyən etməli idi. İnsanlar hesab edirdilər ki, müxtəlif əfsunların və duaların köməyi ilə, tanrıların niyyətini dəyişmək mümkündür. Bugünümüzdə dinin təqdim etdiyi Tanrı İdeyası, tanrılar barədə olmuş bu köhnə konsepsiyanın sublimasiyasıdır. Onun antropomorfik (insan biçimli) xarakteri, misal üçün, bu faktdan görünür ki, insan bu tanrıya dualarla müraciət edir və ona öz arzusunu yerinə yetirmək üçün yalvarır… Din təlimçiləri əxlaqi xeyir uğurunda mübarizələrində, özlərində mərdlik və cəsarət tapıb, keçmişlərdə kilsə xadimlərinə hərtərəfli və güclü hakimiyyət verən Tanrının şəxsləşdirilməsi konsepsiyasından, yəni bu qorxu mənbəyindən əl çəkməlidirlər. Onlar bundan sonrakı fəaliyyətlərində gərək özlərini, İlahiliyi, Həqiqəti və Gözəlliyi insanın özündə becərməyə qadir olan qüvvənin xidmətində dayuanmağa həsr etsinlər.
P.S. Yeri gəlmişkən, dahi alim Eynşteyni bir insan kimi yaxından tanımaq istəsəniz, onun maraq dünyamıza aid olan çoxlu sayda məsələlərə münasibətini öyrənmək fikriniz olsa, onda bu yaxınlarda Qanun nəşriyyatında mənim tərcüməmdə çap olunmuş bu kitabı oxumaq məsləhətdir. Bunu reklam üçün yazmıram, sizin daha çox maariflənməyinizi istədiyim üçün yazıram. Seçim azadlığınıza sayğılarımla!
Araz Gündüz
Tarix: 20-01-2022, 22:42
Xəbəri paylaş





Xəbər lenti