"Evin kişisi" və ya hər olayda qadını günahkar çıxaran cəmiyyətin güzgüsü...


"Evin kişisi" və ya hər olayda qadını günahkar çıxaran cəmiyyətin güzgüsü..."Evin kişisi" filmindən kadr (1978)

Qadına qarşı zorakılıq Azərbaycan cəmiyyətinin bütün dövrlərində mövcud olub. Bunu rejissorlar da filmlərində müxtəlif şəkildə göstərməyə çalışıb. Kimi qadına haqq qazandırıb, kimi qadını güclü tərəf kimi göstərib, kimi isə böyük sevgilərin kölgəsində qadını günahkar çıxarıb...

“Evin kişisi” filmi, 1970-80-ci illər Azərbaycanında baş verən hadisələr əsasında lentə alınıb. Əntiqə ilə Rövşən - bir-birini dəli kimi sevən iki gənc... Ancaq Rövşən hərbi xidmətə gedir. Hər həftə sevgilisi ilə məktublaşan Rövşən hərbi xidmətdən qayıtdıqdan sonra Əntiqənin ona qarşı soyuduğunu hiss edir. Əslində isə...
Filmdə Əntiqə qadın zorakılığına məruz qalan, özünü kimsəsiz, heç kimə lazım olmayan bir qadın kimi hiss edir. Yağış altında oturub, saatlarla Rövşəni düşünən, yuxularında belə Rövşəni görən və onunla nəfəs alan qız, ona təcavüzə uğradığını deməyə çətinlik çəkir. Ancaq hisslərini Rövşənin bacısı Səyadla paylaşır. Rövşən hərbi xidmətdə olanda universitetə daxil olmaq üçün Bakıya gələn Əntiqəyə sinif yoldaşı Pənah təcavüz edir. Əntiqə universitetə daxil ola bilmir, evə qayıdır. Amma özünü ləkələnmiş hiss etdiyi üçün daha Rövşənin məktublarına cavab vermir. Əntiqə utandığı üçün polisə də müraciət etmir. Beləcə, Pənah da cəzasız qalır.
Hərbi xidmətdən qayıdan Rövşən, Əntiqənin qapısına gedir. Amma qızın ona qarşı soyuq münasibətini hiss edir. Rövşənin də, Əntiqənin də anası təcavüzə görə qızı günahkar hesab edir. Hətta Rövşənin anası Rövşənə Əntiqəni ağlından çıxarmasını və unutmasını da təkid edir.
Bəli, hər dövrdə qadın nə yaşayırsa, yaşasın, özü günahkardır. Rövşən də Əntiqəni günahkar hesab edir. Onu dinləmir, hisslərini başa düşmək istəmir.
Hər zaman olduğu kimi qadın cəmiyyətdə hər hansı çətinliklə qarşılaşırsa, qadın zorakılıqla üzləşirsə, buna səbbəkar özüdür. Ancaq Əntiqənin yeganə günahı Pənaha inanmaq idi. Pənah sinif yoldaşının bu inamından istifadə edib ona spirtli içki içirir və qızın sərxoş vəziyyətindən sadəcə istifadə edir. Təəssüfedici məqam odur ki, Pənahı kimsə günahlandırmır, Pənah etdiyi zorakılığa görə məsuliyyətə cəlb edilmir. Bir anlıq həvəsin acısını ancaq Əntiqə çəkməli olur. Göz yaşları, tənhalıq, günahkarlıq duyğusu, sevdiyini itirmək hissi və günahlandırılmaq...
Əntiqə hər gün Rövşənlə daim görüşdükləri yerə - şəlalənin yanına düşüb onu gözəyir. Amma Rövşən gəlmir ta ki... Pənah Bakıdan qayıdır, Əntiqəyə onu sevdiyini, onunla evlənmək istədiyini deyir. Təsadüfən, qapıdan keçən Rövşən Pənahın etiraflarını eşidir. Həmin günə qədər Əntiqəni bağışlamaq istəməyən Rövşən içəri girib, Pənahla mübahisə və dava edir. Əntiqə isə, hər ikisini qovur.
Filmin bu hissəsində rejissor, Əntiqənin yaşadıqlarını ikinci plana atır. Problemlərlə boğuşan və bacısı üçün toy etməli olan, ancaq pulu olmayan Rövşənin problemləri daha dolğun şəkildə özünü göstərir. Rövşən Əntiqəyə qayıdır. Ancaq onun yaşadıqlarını bağışladığı üçün deyil, özü tənha qaldığı və özü çıxılmaz vəziyyətdə olduğu üçün Əntiqənin onu hər zaman gözlədiyi yerə gedir...
Deyirlər ki, sovet dövründə adət-ənənələr fərqli olub. Amma filmdəki hadisələr təhsilli bir milis ailəsində baş verməsinə baxmayaraq, bir qadının təcavüzə uğraması onun öz günahı kimi görülür.
Bu gün ilə 80-ci illər arasında körpü olan film bir daha sübut edir ki, cəmiyyətdə qadına qarşı davranışda heç nə dəyişməyib. "Qadın hər zaman günhkardır" və bu qatılaşmış düşüncə, hələ də dəyişilməz olaraq qalır.
Tarix: 23-01-2022, 10:07
Xəbəri paylaş





Xəbər lenti