Marsda izlər tapılıb: Həyat müzakirəsi yenə başladı
“Mars gəmisi olan “Curiosity” Yerdə biogen hesab olunacaq, ancaq Marsda həyat izləri sayılan üzvi maddələr tapıb. Lakin hələlik orda həyatın mümkünlüyü barədə danışmaq tezdir”.Cebhe.info xəbər verir ki, bunu “Forbes” nəşri yazıb. Məqalənin müəllifi hesab edir ki, sirli nümunələrin necə əmələ gəldiyini anlamaq üçün planet alimlərinə daha çox məlumat lazımdır.
Elm adamları “MNRAS” jurnalında heyrətamiz kəşf haqqında məlumat veriblər. Qədim gölün ərazisindən toplanan üzvi nümunələrdə karbon-13-ün çox aşağı olduğu ortaya çıxıb:
“Əgər biz Yerdən danışsaydıq, bu, maddənin canlı orqanizmlər tərəfindən işlənməsinin lehinə güclü bir arqument olardı. Planetimizdə qədim həyatın izlərini belə tapırlar” ,-deyə “Forbes” vurğulayıb.
Alimlər bildiriblər ki, karbon istənilən bioloji və ümumiyyətlə, üzvi molekulun ən vacib komponentidir. Bu element insan orqanizminin kütləsinin 18%-ni təşkil edir.
Müəllif qeyd edir ki, canlılar karbon-12-ni bir qədər ağır olan karbon-13-ə üstünlük verirlər və birincini ətraf mühitdən daha asan udurlar:
“Buna görə də bir vaxtlar canlı orqanizmlərin bir hissəsi olan maddədə 13C-nin tərkibi nəzərəçarpacaq dərəcədə azalır. Karbonun bioloji emalı dövrləri nə qədər çox keçibsə, bu fərq bir o qədər çox olur. Cansız təbiətdəki bəzi proseslər nümunələrdən ağır izotopları da yuyur, lakin canlı orqanizmlər qədər effektiv deyil. Buna görə də karbon-13-ün tükənməsi həyatın bu maddə üzərində işlədiyini göstərən vacib əlamətdir”.Marsdakı karbonun özü də yeni deyil. Planetin atmosferi demək olar ki, tamamilə karbon qazıdır:
“Orada ilk dəfə deyil ki, üzvi maddələr tapılır və bu, özlüyündə həyatdan xəbər vermir. Qeyri-adi dərəcədə çox sayda üzvi maddələr var və onların böyük əksəriyyəti canlı orqanizmlərin iştirakı olmadan əmələ gəlir. Ancaq karbon-13-ün olmaması artıq daha ciddi bir arqumentdir”.Xatırladaq ki, “Curiosity” beş fərqli yerdən götürülmüş 24 nümunəni araşdırıb və onlardan 10-da əhəmiyyətli dərəcədə karbon-13-ün tükənməsi üzə çıxıb.
Marsda həyat olub-olmadığına dair sualın cavabına gəlincə, ümidsizliyə qapılmaq da hələ tezdir. “Curiosity” komandası daha çox nümunə toplamaq və təhlil etmək niyyətindədir. Bundan əlavə, Marsda xüsusi olaraq həyat axtarışı üçün nəzərdə tutulmuş “Perseverance” gəmisi fəaliyyət göstərir. 2030-cu illərin əvvəllərində isə Marsdan torpaq nümunələrinin yerüstü laboratoriyalara çatdırılması planlaşdırılır:
“Ola bilsin ki, o zaman astronomların bu gün qarşılaşdıqları tapmaca həll olunsun”.
Tarix: 23-01-2022, 21:16