Bir anda yüz minləri öldürəcək bir düymə: Hansı ölkələrin əli o düyməyə çatır?


Bir anda yüz minləri öldürəcək bir düymə: Hansı ölkələrin əli o düyməyə çatır?
Nüvə silahları uzunmüddətli təsirləri ilə bir şəhəri məhv edəcək, yüz minlərlə insanı öldürəcək, ətraf mühitə və gələcək nəsillərin həyatını təhlükəyə atacaq qədər güclüdür.
 
Bunun bariz nümunəsi Xirosima faciəsidir. Belə ki, ABŞ-ın 6 avqust 1945-ci ildə tarixdə ilk atom bombasını Xirosimaya atması nəticəsində şəhərin 90 faizi dağıdılmış, 80 min insan isə ilk anda həyatını itirmişdi. Üç gün sonra Naqasakiyə atılan atom bombası əvvəlcə ən azı 40.000 insanın ölümünə səbəb olsa da, atom bombasının sonrakı təsirləri nəticəsində əksəriyyəti mülki vətəndaşlardan ibarət 200.000 insanın öldüyü təxmin edilir.
 
Sonrakı aylarda və illərdə bölgədə radiasiya ilə bağlı xəstəliklərdən ölüm halları davam edib. Ümumilikdə dünyada təxminən 15.000 nüvə silahı, başlığı var və bunların 14 minə yaxını (təxminən 93 faizi) yalnız Rusiya və ABŞ-ın nəzarətindədir. Cebhe.info nüvə silahına sahib olan ölkələr barədə araşdırma aparıb.
 
Əvvəlcə qeyd edək ki, Fransanın 300, Çinin 270, İngiltərənin 215, Pakistanın 140, Hindistanın 130, İsrailin 80, Şimali Koreyanın 60 nüvə başlığına malik olduğu təxmin edilir.
 
* ABŞ nüvə silahlarının sayı 10640-dır. ABŞ dünyanın ilk nüvə dövlətidir və bu silahlardan Xirosima və Naqasakiyə atılan bombalarla müharibədə istifadə edən yeganə ölkədir.
 
1945-1992-ci illər arasında ABŞ 1030 nüvə silahını sınağı keçirib. Son zamanlar ABŞ daha kiçik, taktiki nüvə silahlarının istehsalına başlayıb.
 
* Rusiyadakı nüvə silahı sayı 8600 olaraaq göstərilir. Rusiya ilk atom bombasını 1949-cu ildə hazırlayıb və sınaqdan keçirib.
 
ABŞ ilə rəqabət nəticəsində “soyuq müharibə” dövründə silah sistemlərini inkişaf etdirib. Sovet nüvə güclərinin inkişafı 1950-1960-cı illərdə qoyulmuş nəhəng texnologiya sərmayələrinə əsaslanırdı. 1989-cu ildə keçmiş Sovet respublikaları saxladıqları raket və silahları Moskvaya qaytardılar.
 
* İngiltərədəki nüvə silahlarının sayı 200-dür.
 
İkinci Dünya müharibəsi zamanı İngiltərə ilk atom bombasını istehsal etmək üçün ABŞ ilə əməkdaşlıq edib. Müharibədən sonra və ABŞ digər ölkələrlə məlumat mübadiləsini dayandırdıqdan sonra İngiltərə öz nüvə silahlarını yaradıb. 1952-1991-ci illər arasında İngiltərə 45 nüvə silahını sınaqdan keçirib.
 
* Fransadakı nüvə silahlarının sayı 350 olaraq göstərilir.
 
Fransa 1950-ci illərin sonunda nüvə silahı istehsal edib və 1960-cı ildə ilk bombanı sınaqdan keçirib. Ümumilikdə Fransa 1960-1996-cı illər arasında 200 nüvə sınağı keçirib.
 
* Hindistandakı nüvə silahlarının sayı 45-95 olaraq göstərilir.
 
Hindistanın hava və raket sistemləri ilə 2500 kilometr məsafəyə nüvə silahı atmaq gücü var. Hindistan bu sahədə ilk sınağını 1974-cü ildə Kanadanın köməyi ilə həyata keçirib. 1998-ci ildə 3 ayrı sınaq keçirən Hindistan nüvə enerjisi proqramında Rusiyadan yardım alır. Bəzi ekspertlər eyni texnologiyanın nüvə silahı hazırlamaq üçün istifadə oluna biləcəyindən narahatdırlar.
 
* İsraildəki nüvə silahı sayı təxminən 100-200-dür.
 
İsrailin elan edilməmiş nüvə dövləti statusu birmənalı deyil və mürəkkəbdir. İsraildə 100-200 nüvə silahının olduğu güman edilir. İsrailin nüvə proqramının 1950-ci illərin əvvəllərində başladığı və ilk bombanı 1967-ci ildə istehsal etdiyi təxmin edilir. 1986-cı ildə Mordeçai Vanunu adlı nüvə mühəndisinin açıqlamaları nəticəsində İsrailin nüvə proqramının gözlənildiyindən daha təkmil olduğu ortaya çıxıb.
 
* Çindəki nüvə silahlarının sayı təxmini 400-dür.
 
Çin 1950-ci illərdə Sovet İttifaqının köməyi ilə nüvə silahı istehsal etməyə başlayıb.
 
* Pakistanda nüvə başlığının sayı 30-55-dir.
 
Pakistan 1998-ci ildən bəri beş nüvə sınağı keçirdiyini bildirib. Pakistan son illərdə bu nüvə başlıqlarından həm hərbi, həm də mülki məqsədlər üçün istifadəyə imkan verəcək texnologiyaya nail olmağa çalışıb. Pakistanın Hindistanla problemləri beynəlxalq ictimaiyyətin zaman-zaman narahatlığına səbəb olub. Keçmiş nüvə mühəndisi A.Xanın 2004-cü ildə Pakistanın nüvə texnologiyasını İran, Liviya və Şimali Koreya ilə paylaşdığına dair iddiaları bu ölkədə ciddi narahatlıq doğurur.
 
* Keçmişdə nüvə silahları olan Əlcəzair, Argentina, Belarus, Braziliya, Qazaxıstan, İraq, Liviya, Rumıniya, Cənubi Afrika Respublikası, Ukrayna kimi ölkələr də var.
 
1993-cü ildə Cənubi Afrika nüvə silahlarını ləğv edən ilk ölkə olub. Sovet İttifaqının dağılmasından sonra, 1995-ci ildə Belarus, Qazaxıstan və Ukrayna beynəlxalq müqavilə imzalayaraq və öz ərazilərindəki bütün nüvə silahlarını özünü SSRİ-nin varisi elan edən Rusiyaya qaytarıb. Rumıniyanın nüvə silahı inkişaf planı Nikolay Çauşesku rejiminin dağılması ilə sona çatıb. İraqın 1970-ci ildə başlayan nüvə proqramı İsrailin 1981-ci ildə hava hücumu, 1991-ci ildə Körfəz müharibəsi və sanksiyalara məruz qalıb. Liviya öz bombasını istehsal etmək üçün lazımi materialları əldə etmək əvəzinə Çindən nüvə bombası almağa cəhd edib, lakin 1999-cu ildə Afrikanın nüvəsizləşdirilməsini nəzərdə tutan “Pelindaba Sazişi”ni imzalayıb. (cebhe.info)

Tarix: 30-01-2022, 22:33
Xəbəri paylaş





Xəbər lenti