"Uzun araşdırmalardan və sınaqları təkrar-təkrar gözdən keçirəndən sonra kompüter ekranları bir şəxsin birinciliyini göstərmişdi, o da insanlığın iftixarı Hz. Məhəmməd (s.ə.s) idi..." Peyğəmbərimizin fətanətinin bir yönü də qarşısına çıxan bütün problemləri – hansı sahəyə aid olursa-olsun, – çox asanlıqla və su içimi kimi həll etməsidir ki, bu da Onun peyğəmbərliyinə şahidlik edən bürhanlardandır.
Uğurlu idarəçi və liderlər bəzi mühüm xüsusiyyətlərə malik olurlar. Bunların bir qismini belə sıralamaq mümkündür:
1. Liderin təqdim etdiyi ideyaların (fikirlərin) heç biri həyatla ziddiyyət təşkil etməməli və lider bütün dövrlərdə bu ideyaların tətbiqinin mümkünlüyünə əmin olmalıdır.
Necə ki bir insan öz gözləriylə gördüyü bir hadisəni heç çəkinmədən və tərəddüd etmədən danışır və danışarkən də yalan sayılmasından əsla qorxmur, eləcə də bir lider irəli sürdüyü ideya və ya fikirlərinin doğruluğuna öz gözüylə gördüyü hadisələrdən daha qətiyyətlə inanmalıdır. Bir liderin səsləndirdiyi fikirlərə dərindən inanması müvəffəq olmaq üçün kifayət etmir. Bu fikirlər real həyatla da təzad təşkil etməməlidir. Yəni irəli sürülən ideya və fikirlər həyatın fırlanan çarxları arasında qalıb “əzilməməli”, köhnəlib keçmişin arxivinə atılmamalıdır.
2. Lider fikir və ideyalarının təbliğində israrlı və qətiyyətli olmalıdır. Həmçinin o, iş vaxtını (vaxtının çoxunu) insan yetişdirməyə sərf etməli, daima insanla işləməli və onun işlərində kültür həmişə ağırlığını qorumalıdır.
3. Lider işçilərini çox yaxşı tanımalıdır. Kimə hansı işi tapşıracağını, kimi nəyə görə məsul sayacağını, kimdən nəyi və nə səviyyədə gözləyəcəyini çox yaxşı bilməlidir. Bununla yanaşı o, planladığı işlərin gedişatını elə nizamlamalıdır ki, orta səviyyəli insan da, ən fəal adam da bu gedişin sürətindən narahatlıq duymasınlar. Lider eyni zamanda bu günün işlərini dünəndən, sabahın işlərini də bu gündən görməli və planını buna uyğun qurmalıdır ki, bugünkü işlərin planı sabahkıların tətbiqini axsatmasın. Əks halda sabahın işləri ilə bu günün işləri bir-birinə zərər verər. Bəli, həqiqi lider cəmiyyətdə gedən proseslərə baxaraq neçə il sonranı belə əvvəlcədən müəyyən etməlidir ki, bugünkü işlər sabahın gözlənilməz hadisələri ilə pozulmasın.
4. Lider təbəəsinin bütün problemlərini həll etməyə hazır olmalıdır. Bu problemlər fərdi, ailə, idari, ədliyyə, iqtisadi və ictimai – hər məzmunda ola bilər. Lider bunların hamısını asanlıqla çözməlidir.
5. Liderin irəli sürdüyü bütün təklif, direktiv və prinsiplərin tətbiqi mümkün olmalıdır. Əsl lider tətbiq edilməsi mümkün olmayan utopik təkliflər irəli sürməz. Eyni zamanda o, irəli sürdüyü fikirləri əvvəlcə özü həyata keçirər və ən incə təfərrüatına qədər riayət edər.
Digər mühüm məsələ: liderin özünə qayə seçdiyi prinsip və düsturlar zaman keçdikcə təsir gücünü itirməməli və “təravətini” daima qoruyub saxlamalıdır. Belə ki, hər dövrün adamı bu düsturlarda dərdinə dərman tapmalıdır. İllər, əsrlər keçdikcə bu prinsiplər dəyişmək, “qocalmaq” yerinə daha da gözəlləşib “cavanlaşmalıdır”.
Əsl liderə xas olan bu maddələri bir bütöv kimi götürsək, dünyanın ən müvəffəqiyyətli liderinin, ən böyük fətanət sahibinin Hz. Məhəmməd (s.ə.s) olduğunu görərik. Çünki O sadalanan xüsusiyyətlərin hamısını ən mükəmməl təmsil etmiş müstəsna və seçilmiş şəxsiyyətdir. Ona bərabər ikinci bir şəxs göstərmək də mümkün deyil. Qeyd edək ki, bütün peyğəmbərlər ən böyük liderlər sayılır.
Bizim iman kimi qəbul etdiyimiz bu həqiqəti bu gün qərb kompüter və kompüterlər vasitəsiylə yeni-yeni kəşf etməyə başlayıblar.
Belə ki, müxtəlif şəxsiyyətlərin adını, onların xarakterik xüsusiyyətlərini bir kompüterə yükləmiş, sonra da namizədlər arasından birincini seçməyi kompüterə həvalə etmişlər. Uzun araşdırmalardan və sınaqları təkrar-təkrar gözdən keçirəndən sonra kompüter ekranları bir şəxsin birinciliyini göstərmişdi, o da insanlığın iftixarı Hz. Məhəmməd (s.ə.s) idi.
Bəli, O da bir bəşər övladı idi, amma bəşər kimi yaşamamışdı. O, ən böyük lider, ən böyük rəhbər və ən böyük öndər idi…
Peyğəmbərimizin bəşəriyyətə gətirdiyi ideya və bəyanların heç biri həyatla təzad təşkil etməmişdir. Həm də O, fikirlərini inamla, qətiyyətlə irəli sürmüş, heç vaxt tərəddüd və şübhə keçirməmişdir.
Söylədiyi sözlərdə Ərşdən fərşə, Cənnətdən Cəhənnəmə, ilk insandan qiyamətədək bir çox məsələnin şərh və izahı vardır. Xüsusilə, ümməti ilə əlaqədar hadisələri bəzən ad da verərək, bir-bir saymış və izah etmişdir. Elə bil hər şeyi bir televiziya ekranında seyr edirdi. Bəli, O, dediyi sözlərə hər zaman əmin idi.
Həzrət Adiy bizə belə bir hadisə nəql edir:
Allah Rəsulu ilə birlikdə oturmuşdum. İçəri bir nəfər girdi, quldurlardan şikayət etdi: “Karvanlar soyulur, mallar qəsb edilir, soyğunçuluq baş alıb gedir!”. Bir nəfər də: “Qıtlıq-quraqlıq hər yeri bürüyüb, hər tərəfdə insanlar aclıqdan tələf olur!” – dedi.
Bu vaxt Allah Rəsulu mənə dönüb belə dedi:
– Ey Adiy, sən Hirəni tanıyırsan?” Mən: “Xeyr, ya Rəsulullah! Ora heç getməmişəm. Lakin hansı tərəfdə olduğunu bilirəm” – dedim. Allah Rəsulu sözünə davam edərək:
– Əgər ömrün çatsa, çox yaxında bir qadının dəvə belində Hirəndən təkbaşına gəlib Kəbəni təvaf etdiyini görəcəksən” – buyurdu.
Mən içimdən “Tay haramıları yolda dura-dura, bu, necə mümkün olacaq!?” dedim. Rəsulullah sözünə davam etdi:
– Ey Adiy, ömrün çatsa, yenə görəcəksən! Bir gün Kisranın bütün xəzinələri mənim ümmətimin əlinə keçəcək.” Mən heyrətlə: “Hörmüzün oğlu Kisranı deyirsiniz?” – deyə soruşdum: “Bəli, Hörmüzün oğlu Kisranı” – buyurdu. Və Adiy sözünü belə tamamlayır: “Allaha and olsun ki, Allah Rəsulu o gün nə demişdisə, hamısına şahid oldum. Və bir də gələcəyə aid bir şey söylədi. Ümid edir və inanıram ki, onu da görəcəyəm.”[1]
Budur, Allah Rəsulu bəyanlarını, qeybi xəbərləri insanlara belə fövqəladə inamla təqdim edir və heç birisində zərrə qədər şübhə və tərəddüd əlaməti sezilmirdi. Onsuz da, xəbər verdiyi hadisələr vaxtı-vədəsi yetişincə Allahın inayət və kərəmiylə bir-bir zühur edirdi...
(Davamı var)
Meneviyyat.az
Tarix: 3-02-2022, 08:28