Milli Məclisin deputatı İmamverdi İsmayılov bahalı qiymətə olan qol saatlarından istifadə edir.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, İmamverdi İsmayılovun istifadə etdiyi “Vacheron Constantin” qol saatı İsveçrənin ən məşhur brendlərindəndir. Saatın qiyməti 75 min ABŞ dollarıdır, yəni 127 min manat!
Qeyd edək ki, İmamverdi İsmayılov bütün tədbirlərdə bahalı qol saatını nümayiş etdirir.
Onu da bildirək ki, İmamverdi İsmayılov və onun ailə üzvləri zaman-zaman qalmaqallı addımlarla gündəmi zəbt edib. Belə ki, 2016-cı ildə Qubada “Retro” restoranında qətlə yetirilən 1978-ci il təvəllüdlü Könül Zalovanın ölümündə deputatın oğlu İlkin İsmayılovun adı hallanırdı.
2020-ci ildə isə deputatın digər oğlu İlmir İsmayılov sahibi olduğu “MİR HOLDİNQ” MMC-nin banka olan borcunu ödəmədiyinə görə gündəmə gəlmişdi.
İmamverdi İsmayılovun daha bir oğlu da polis orqanlarında işləyir.
Qeyd edək ki, İmamverdi İsmayılov biznesmen deputatlar siyahısındadır. Halbuki, deputatın bizneslə məşğul olmasını qanun qadağan edir. Ona görə də o, müxtəlif yollarla əldə etdiyi var-dövləti ailə üzvlərinin adına keçirib.
İmamverdi İsmayılov ölkənin ən böyük təsərrüfata (Masazır qəsəbəsində və digər bölgələrdə yerləşir - mal-qara, heyvandarlıq) sahib şəxslərindən biri hesab olunur.
Eyni zamanda, Sumqayıt və Bakı şəhərlərində onlarla ticarət obyektinə sahibdir.
Məsələ ilə bağlı deputatın fikirlərini öyrənməyə çalışsaq da, ancaq İmamverdi İsmayılov telefon zənglərimizə cavab verməyib.