General Rüstəm Muradov Qərbin “qara siyahı”sına niyə düşdü - müəmma üzə çıxdı


Bakıdan erməni əsirləri daşımaqdan başqa işi olmamış Rusiya sülhməramlılarının keçmiş komandanı, general Rüstəm Muradov da Qərbin “qara siyahı”sına düşüb. “Yeni Müsavat” bildirir ki, siyahıda digər rəsmi şəxslər və hərbçilərlə birlikdə Rusiya ordusunun Cənub Hərbi Dairəsinin komandanının müavini Rüstəm Muradovun yer alması kifayət qədər maraq doğurur.

Ümumilikdə, Avropa İttifaqı sanksiya siyahısına yeni fiqurantlar daxil edib və daha 26 fiziki şəxsə, bir şirkətə şamil olunub. Sənəd Aİ-nin rəsmi jurnalında dərc edilib, qərar qüvvəyə minib. Amma niyə R.Muradov da onlardan biridir, çox qəribədir. Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı kimi ötən il sentyabrın 6-da öz missiyasını başa vurub, 2020-ci ilin payızında münaqişədən sonra sülhməramlı kontingentinin komandiri təyin edilmişdi. 2022-ci il yanvarın 11-dən Rusiya sülhməramlı kontingentinə general-mayor Andrey Volkov rəhbərlik etməkdədir.

Rusiyanın minlərlə generalı sırasında R.Muradovun hədəfə çıxması təbii suallar doğurur. Son illər onun heç bir fəal hərbi əməliyyatlarda iştirakçı olmaması sualları daha da artırır. Çünki son aylar onun fəaliyyəti daha çox erməni hərbi əsirlərin İrəvana təhvil verilməsi ilə məhdudlaşırdı. Rusiyanın bizə sülhməramlı kimi göndərdiyi əslən tabasaran olan generalı Avropa niyə cani sayır - bu, qaranlıq məsələ olaraq qalır. Bu, onun Cənub Hərbi Dairəsindəki fəaliyyəti ilə bağlı ola bilərmi, yoxsa general Muradovun Qarabağda sülhməramlıların komandanı olmasını da Qərb “işğal sayır”?

Yeri gəlmişkən, NATO baş katibi Yens Stoltenberq Rusiya qoşunlarının postsovet ölkələrində dislokasiyası ilə bağlı tələb irəli sürmüşdü. O vurğulamışdı ki, Rusiya ölkələrin icazəsi olmadan yerləşdirdiyi hərbi qüvvələrini Ukrayna, Gürcüstan və Moldovadan çıxarmalıdır. Sözsüz, Azərbaycanın adını çəkməmişdi, çünki rus sülhməramlı qüvvələri Qarabağa bizim razılığımız və müqavilə əsasında müvəqqəti yerləşib, tarix və çıxma şərtləri göstərilib. Bununla belə, alyansı baş katibinin mesajını bizə də aid etmək olar, ona görə ki, gəldikləri gündən sülhməramlıların fəaliyyəti bizi qane etmir, özlərini Qarabağın dağlıq ərazilərinin sahibi kimi aparırlar, üstəlik, onlara heç bir status, yaxud beynəlxalq mandat verilməyib. O ki qaldı Muradova, görünür, Putinin generaliteti də sanksiyalar altındadır. Çünki Muradov kimi müdafiə naziri Sergey Şoyquya sanksiyalar şamil edilməkdədir. DİA.AZ-ın məlumatına görə, ehtiyatda olan kapitan Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, general Muradova sanksiya tətbiqinin səbəbi var. Onun sözlərinə görə, bu məhdudiyyətlər onun separatizmə dəstək verməsinə cavab tədbiridir. Ü.Cəfərov xatırlatdı ki, Muradov Gürcüstana qarşı Abxaziyada separatçılara hamilik edib, dəstək olub: “Azərbaycandan əvvəl Abxaziyada sülhməramlıların komandanı olub, Gürcüstana qarşı fəaliyyət göstərib. Muradov Putinə yaxın şəxsdir, indi onun xarici səfərlərinə məhdudiyyət qoyulub. Biznesmen də deyil ki, puluna sanksiya qoyulsun”. Müsahibimiz bildirdi ki, general Qarabağda olduğu müddətdə zərrə qədər sülhyaratma missiyası ilə bağlı irəliləyişə nail olmayıb: “Özümüzə təskinlik tapmalıyıq ki, haqq-ədalət yerini tutur. Ancaq bu da azdır, daha sərt sanksiyalar qoyulmalıdır və elə olmalıdır ki, təsirini tez hiss etsinlər, gələcəkdə bu cür yekəxanalıqlar etməsinlər. İndiki sanksiyalar çəkindirici məqsəd daşıyır. Amma Muradov hara gedir ki?! O, Moskva-Rostov arasında hərəkət edir”.

Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, Rusiyaya sanksiyalar çoxşaxəlidir və bütün istiqamətləri əhatə edir: “Rusiya idman yarışlarından məhrum edilir, aparıcı bankları SVİFT sistemindən xaric olunur, milyarderləri böyük pullar itirir, dövlət məmurlarına xarici səfərlər qadağan olunur, hətta Lavrov Cenevrəyə BMT-nin tədbirinə belə gedə bilmədi, eləcə də ordu rəhbərliyində olan şəxslər cəzalandırılır”.

Ekspertin fikrincə, Muradov heç də müsbət persona kimi qəbul olunmur, Azərbaycan ictimai rəyində separatçı rejimin başçısı Araik Arutyunyanla qucaqlaşıb şəkil çəkdirən general kimi xatırlanır: “Muradov 2014-cü ildən 2017-ci ilədək 41-ci Ordu Rəisinin birinci müavini və Baş qərargah rəisi işləyib. 2016-cı ildə Donbasdakı atəşkəs məsələlərinə nəzarət və koordinasiya və demarkasiya xəttinin sabitləşdirilməsi mərkəzində Rusiyanın nümayəndəsi olub. Ona görə Ukrayna hadisələri fonunda ona sanksiya tətbiq edilməsi təsadüfi deyil. Bu fiqurun bütün fəaliyyəti separatçı bölgələrə aiddir - Donbas, Abxaziya, Xankəndi... Həmçinin Suriyada fəaliyyəti olub. Odur ki, Qərb təşkilatları bu siyahıları gözlərini yumub qarasına hazırlamırlar. Konkret araşdırma aparırlar, şəxsləri müəyyən edirlər. Əlbəttə, bu sanksiya bizə hansısa mənada fayda qazandırmır. Sadəcə, separatçılarla öpüşüb-qucaqlaşanların aqibəti göz önündədir. Məncə, Ukraynada Qarabağla bağlı taleyüklü proseslər gedir”.
Tarix: 4-03-2022, 09:25
Xəbəri paylaş





Xəbər lenti