“Böyük Vladimir” kimi xatırlanmaqdan da həzz almaq istəyir


“Böyük Vladimir” kimi xatırlanmaqdan da həzz almaq istəyirVladimir Putin

Putinin Şərqi Ukraynadakı Donetsk və Luqansk bölgələrini tanımasından sonra onları işğal, ardından isə ilhaq edəcəyi hesab edilirdi. Çünki Putin açıqlamasında bildirirdi ki, bu bölgələrdə yaşayan etnik ruslara qarşı güclü təzyiqlər göstərilir.

Tarixdən başı çıxanlar bilirlər ki, İkinci Dünya müharibəsi ərəfəsində Hitler də etnik almanların yaşadığı Sudetenland bölgəsini, onun ardınca isə Çexoslovakiyanı işğal etmişdi.
Sanki həmin tarix yenə təkrarlanır. Hitler kimi Putin də özünün qurduğu “Donetsk və Luqansk Xalq Respublikaları”nı işğal etməklə kifayətlənmədi, indi bütün Ukraynanı işğal etmək üçün 12 gündür ki, müharibə aparır. Qəhrəman ukraynalılar da öz növbəsində bu işğala bütün var gücləri ilə dirənir, mübarizə aparırlar. Mənzərəni daha yaxşı anlaya bilmək üçün rus geopolitikasının genişlənmə mexanizmini, eyni zamanda Putinin “Rusiya İmperatorluğu” nostalgiyası səbəbindən daha da güclənmiş narsist davranışlarını yaxşı analiz etmək lazımdır.
Tarixçilər və geopolitik mütəxəssislər Rusiya coğrafiyasının genişlənməyə uyğun bir bölgə olduğunu bildirirlər. Marsel H. Van Harpenin 2015-ci ildə nəşr olunmuş kitabında qeyd edilir ki, Rusiya coğrafiyasının getdikcə sürətlə böyüməsindəki əsas səbəblərdən biri, bəlkə də birincisi, bu ölkənin ətrafında məhdudlaşdırıcı təbii sərhədlər və yetərincə güclü dövlətlərin olmamasıdır. Kitabda həmçinin qeyd edilir ki, Moskva knyazlığı 150 il ərzində hər bir ildən bir Hollandiya sərhədlərinə qədər genişlənərək, imperatorluq halına gəlir.
Tarixə nəzər salsaq, “Rusiya İmperatorluğu”nun ərazisi Bonapart Napoleon və Adolf Hitlerin özləri üçün fəlakətlə nəticələnən işğalçılıq cəhdləri xaricində heç bir zaman zəbt edilə bilməyib.
Rusiyanın Avropada yayılma strategiyasının qarşısı 17-ci əsrdə İsveç, Reç Pospolita (indiki Polşa), daha sonra isə Bismark Almaniyası tərəfindən alınıb. Ancaq Çar Rusiyası bu genişlənməni Ukraynada,Krımda, Qafqazda,Mərkəzi Asiyada və Sakit Okeana qədər Uzaq Şərqdə gerçəkləşdirə bilib. Stalinin Sovet İmperiyası bura Şərqi Avropanı qata bildi, amma iqtisadi inflyasiya Sovet imperatorluğunu da çökürtdü.
“Rusiya tarixində hansı hadisələri dəyişdirmək istərdiniz?” sualına Putinin “Sovetin çöküşü” deyə cavab verməsi, KQB yetişdirməsi olan bu adamın sadəcə həsrətini yox, eyni zamanda hədəflərini də özündə əks etdirir. Əlavə olaraq, Putin Ukraynanın işğalına “ölkəxarici terrorla mübarizə” adı taxmır, çünki O, keçmiş imperatorluq sərhədlərini genişləndirir. Suveren Ukraynanı və ukraynalıları rus adlandıraraq, onları bir xalq kimi yox hesab edir. Məsələ burasındadır ki, ukraynalılar tarixboyu heç bir zaman özlərini rus hesab etmədilər. Onlar daim Rusiya işğalına qarşı Polşa, Osmanlı və Norveçdən dəstək almağa çalışdılar. Tarixdə bir qədər araşdırma etsək, görərik ki, Osmanlının Reç Pospolitaya (indiki Polşa əraziləri) səfərlərindəki strateji məqsəd Ukraynada rus hakimiyyətinin qarşısını almaq idi.
Bunlarla yanaşı, müharibəöncəsi Putinin ekranlardan Ukrayna xalqına, eləcə də dünyaya tarix dərsi keçməsindəki məqsədi insanlara tarix öyrətmək yox, edəcəyi hücumu leqallaşdırmaq idi. Yəni ki, “baxın, mən qanunsuz heç bir savaş aparmıram. Bu ərazilər bizim olub və biz öz dədə-baba ərazilərimizə geri qayıdırıq” anlamında. Apardığı bu tarix dərsi konfransında Putin keçmiş Çar Rusiyası ilə Osmanlı arasında gedən müharibələrə də toxunur. Beləliklə, onun ağlında hansı geopolitik məqsədlərinin olduğu açıq-aşkar hiss olunur.
Vaxtilə Leonid Brejnev azadlıqlarına qovuşmaq istəyən Şərqi Avropa ölkələrini Qızıl Ordu ilə işğal etmək üçün “Brejnev Doktrinası”nı uydurmuşdu. Belə ki, imperyalizm qarşısında sosializmin varlığı təhlükə altında düşərdisə, sovet Qızıl Oordusu Çexosloakiyanı işğal edə bilərdi.
Osetiya və Abxaziya və Krımın ardından “artıq zamanı gəldi” düşüncəsi ilə Ukraynanın işğalına çalışan Putin bu dəfə özündən bir “tarix doktrinası” uydurmaqdan da çəkinmir. Məsələ təkcə imperial ehtiraslar deyil, O, həm də “Böyük Vladimir” kimi xatırlanmaqdan da həzz almaq istəyir. Beləliklə, Putin, öz narsist eqosuna layiq bir zəfər əldə etmək istəyir. Öz deyimi ilə desək, “nə bahasına olursa, olsun!”.
Tarix: 8-03-2022, 16:29
Xəbəri paylaş





Xəbər lenti