100 illik müqavilə, Hacının dəfn olunduğu yer – Tağıyevin bağ evindən reportaj


100 illik müqavilə, Hacının dəfn olunduğu yer – Tağıyevin bağ evindən reportajXatırlayırsınızsa, Hacı Zeynalabdin Tağıyevin 1885-1924-cü illərdə Mərdəkanda yaşadığı bağ evi baxımsızlıqdan uçmaq üzrə idi. Məsələ ölkədə xeyli səs-küy yaratmış, nəhayət, çoxsaylı müraciətlərdən sonra ev təmir olunmuşdu.
Təmirdən iki il sonra xeyriyyəçinin evi ilə tanış olmaq üçün Mərdəkan, Əzizbəyov küçəsi 59 ünvanına yollandım.

Hacının bağına çatdıqda qapılardan birində kiril əlifbası ilə bu sözlərin yazıldığı məlumat lövhəsini gördüm:
"Azərbaycanın görkəmli maarifpərvər və xeyriyyəçi oğlu Hacı Zeynalabdin Tağıyev 1885-ci ildən 1924-cü ilə qədər burada yaşamışdır".

Qapını döydüm. Az sonra rusdilli bir kişi içəridən səsləndi:
– Kто ты? (Kimsiniz?)
– Здравствуйте, я журналист (Salam, mən jurnalistəm)
– Журналистка? Почему ты пришлa? (Jurnalist? Nə üçün gəlmisiniz?)
– Подготовить репортаж из этого дома (Bu evdən reportaj hazırlamağa). Bы можетe открыть дверь? (Qapını aça bilərsiniz?)
Bir qədər tərəddüd etdikdən sonra axır ki, qapını açdı:
– Прости, я не хочу говорить (Üzürlü sayın, danışmaq istəmirəm)
– Но с кем я могу поговорить? (Bəs kimlə danışa bilərəm?)
– Пойдем со мной (Mənimlə gəlin)
Bayıra çıxıb, bir iki addımlığımızda olan yandakı qapını döydü. Bu qapıdan da rus dilində danışan bir xanım çıxdı. Öz aralarında danışmağa başladılar. Nə dediklərini o qədər də yaxşı anlaya bilmədim. 2-3 dəqiqədən sonra mənə yaxınlaşdılar. Xanım dedi ki, Tağıyevin evindən reportaj hazırlamaq istəyirəmsə, həmin ev burdan irəlidədir, ora getməliyəm. Özünün kim olduğunu soruşsam da, cavab vermədi:
– Хорошo. Кто вы? (Yaxşı, siz kimsiniz?)
– Я не смогу говорить (İndi uyğun deyiləm, danışa bilməyəcəm).
Hər ikisinə təşəkkür edib yoluma davam etdim.
4-5 dəqiqədən sonra axır ki, Tağıyevin bağ evinə çatdım. Həyətdə heç kim yox idi. Evə yaxınlaşıb qapını döydüm. Səs-səmir çıxmadı. Yan pəncərədən içəri boylandım. İşıqlar sönülü olsa da, az əvvəl içəridə kiminsə olduğunu stulun üzərində olan buxarlanan yarım stəkan çay və bölünmüş nardan təxmin etmək olardı. Bir qədər gözlədim. Vaxtı öldürmək üçün həyətdə gəzdim.

Həyətdə çoxlu şam ağacları əkilmişdi. İkimərtəbəli bu binanın H.Z.Tağıyev kimi tarixi bir şəxsin ömrünə şahidlik etdiyini fikirləşəndə insan bir qədər duruxur, düşünür. Elə bil tarixin hansısa səhifəsini vərəqləyir və vərəqlədikcə daha çoxunu öyrənmək istəyirsən.

Beynində Tağıyevə veriləcək yüzlərlə sual yaranır. Elə bunları düşünürdüm ki, içəridə işıqların yandığını gördüm. Yaxınlaşıb qapını döydüm. Təxminən 50-55 yaşlı bir kişi qapını açıb salam verdi.
– Salam. Bura siz nəzarət edirsiz?
– Bəli, qızım. Nə lazım idi?
– Mən jurnalistəm. Reportaj hazırlamaq üçün gəlmişəm. Olar içəri keçim?
– Əslində, içəridə heç nə yoxdur. Eləcə təmirli boş otaqlar var. Şəkil və ya video çəkmək istəyirsənsə, çöl tərəfdən çək. Həm çəkilişə də icazə verilmir hələ ki.
– Niyə?
– Çünki hələ tam hazır deyil. Dəfələrlə televiziya kanalları, bir də başında araqçın olan kişi var e, tarixi veriliş aparan, o gəlib çəkiliş üçün. Onlara da içəri girməyə icazə verilməyib.
– Hə, başa düşdüm. Adınızı bilmək olar?
– Ağamirzə.
– Olar içəri keçim?
– Yaxşı, gəl keç, amma çəkiliş edib TikTok-da paylaşma.

Yavaş addımlarla içəri keçdim.


– Burada nə vaxtdan işləyirsiz?
– Ev yeni təmirdən çıxan vaxtdan. İstəyirsən, qalx yuxarı. Oranın eyvanından ətraf daha yaxşı görünür.

– Yaxşı, bu dəqiqə qalxıram.
Birinci mərtəbədəki otaqları gəzdikdən sonra ikinci mərtəbəyə qalxdım. Demək olar ki, bütün otaqlar eyni idi. Hamısı boş, qaranlıq və səssiz. Təmirdən sonra içəri heç nə yerləşdirilməyib. Divarlarda oyuq kimi görünən müxtəlif ölçülü yerlər var idi. Yəqin ki, onların içinə rəsmlər yerləşdiriləcək. Otaqların sayı çoxdur. Haradasa 10-15.

Pəncərədən bayıra boylandıqda hər tərəfi aydın şəkildə görmək olur. Çünki həyətdəki hasarların hündürlüyü olduqca aşağıdır. Düzü, adam buna bir az təəccüblənir. Axı biz həmişə varlıların evlərini uca hasarların qoruduğunu görmüşük. Tağıyevin həyətindəki mənzərə isə buna tamamilə ziddir. Hasarlar, demək olar, yerlə birdir.

Otaqlar tamamilə boş olduğundan burada maraqlı nələrsə tapmaq çətindir. Amma Ağamirzə dayı maraqlı adama oxşayır. Görəsən, o, Tağıyev haqqında nə bilir? Elə bunu fikirləşə-fikirləşə aşağı düşərkən, qapının yanında əyləşib çay içdiyini görürəm. Yaxınlaşıb:
– Heç gəlib soruşan, maraqlanan olur? – soruşuram.
– Ancaq televiziya kanalları gəlir. Bir də keçən il türklər gəlmişdilər. Özləri üçün dörd hissədən ibarət kino çəkirlər. Dedilər ki, onun bir neçə hissəsini burada çəkəcəklər.

– Bəs onlardan başqa burada yaşayan sakinlərdən gəlib ziyarət edən, maraqlanan olmur?
– Yox, heç kim gəlmir – çayından bir qurtum aldı.
– Neçə ildir buradasınız?
– Təmir olunan gündən.
– Tağıyev haqqında nələri bilirsiniz?
– Milyonçu və xeyriyyəçi olduğunu bilirəm. Sən dedin ki, jurnalistsən?
– Bəli – cavab verirəm.
– Bir şey deyim, sən də fikirləş. İndiki imkanlı şəxslər xaricdə özləri üçün villa tikirlər, şərait yaradırlar. Amma bir də Tağıyevə və ovaxtkı digər xeyriyyəçilərə, milyonçulara baxın. Görün onların xaricdə hansısa mülkünü tapa bilərsinizmi?!

– Yox.
– Onlar nə ediblərsə, burada öz vətənlərində ediblər. Bura xeyir veriblər. Heç birinin – nə Musa Nağıyevin, nə də Tağıyevin xaricdə fabrikləri, zavodları, villası olub. Bu adamlar bütün sərmayələrini öz vətənlərinə qoyublar.

Amma indikilərdən danışmağa dəymir. Gedib xaricdə villa tikirlər. İllərlə istifadəsiz, heç kimə yaramayan bir yer kimi qalır orada. Özləri də 2-3 ildən bir gedib-gəlirlər. İndiki Səhiyyə Nazirliyinin binasını görmüsən?
– Bəli, görmüşəm.
– Həmin bina Musa Nağıyevin evi olub. Görürsən? İndi həyatda olmasa da, ora yaxşı məqsədlə istifadə olunur. Adam öləndən sonra da xeyir verir.
– Bu evin kənarları hasarlanıb. Amma hasarlar çox alçaqdır. Niyə belədir?
– Belə olmalıdır. İndikilər, üzr istəyirəm, görməmiş kimi birmərtəbəli ev tikir, yeddi metr hasar çəkir ki, heç kim içəri girə bilməsin. Burada isə, özün də gördün, hər yan açıqdır. Adamların rahat hərəkət etməsi üçün digər məhəllələrə keçid üçün yol da açılıb.

– Bura gəlməzdən öncə qarşısında məlumat lövhəsi olan qapını döydüm. Rusdilli biri adam qapını açdı. Özümü təqdim etdim. Sonra xanım da gəldi. Danışmaq istəmədiklərini bildirdilər. Bilmirsiniz onlar kimdir?
– Elə həmin həyətin hasarı bura yapışıb. Tağıyevin qız nəvəsinin bacısı və qardaşı orada yaşayır. O vaxt Türkmənistanda qalıblar. Heydər Əliyevə müraciət etdikdən sonra həmin ev yaşamaları üçün onlara verilib.
– Yəni Tağıyevin evi orada olub, bura köçürülüb?
– Yox, o həyət əvvəl bura bitişik olub. Müraciət edildikdən sonra kəsilib verilib onlara. O vaxtdan orada yaşayırlar.
– Bəs onlar bura gəlirlər?
– Hərdənbir gəlib baxırlar. Onları boş ver. Ən əsası Tağıyev özü yaxşı adam olub. Nəriman Nərimanova çox kömək edib, oxudub. Bura köçməyi də Nərimanov ona təklif edib. Elə dünyasını dəyişəndən sonra buradakı Pir Həsən pirində dəfn olunub.
– Bura yaxındır?
– Hə, piyada 5-10 dəqiqəlik yoldur. Gedək göstərim. Sara xanımla yanaşı dəfn olunublar.
Həyətdə çıxış qapısına tərəf addımlayırıq.

Öz-özümə fikirləşirəm:
Elə bil bu adam danışmağa məqam axtarırmış. Düzü, belə yerlərdəki növbətçilərin çox vaxt acı dil, qaradinməz olduğunu görmüşəm. Ağamirzə dayı isə mehriban, səmimi və məlumatlı görünürdü. Elə bilirəm, onu bura xüsusi təyin ediblər. Əlbəttə, Tağıyevin evinə məhz belə biri keşik çəkə bilərdi.
Ağamirzə kişi birdən ayaq saxlayıb, əli ilə həyətdə düzülmüş şam ağaclarını işarə edib soruşur:
– Bu ağacları görürsən?
– Hə, görürəm.
– Bax hamısı şam ağaclarıdır. Tağıyevin vaxtında onların yerində meyvə ağacları olub.
– Bəs sonra həmin ağaclar necə olub?
– SSRİ buraları zəbt edəndən sonra onları çıxarıb yerinə şam ağacları əkiblər. Yəni bu adam həyətində ağac əkəndə belə xeyriyyəçilik məqsədi güdüb...
Son cümləni deyəndə adamın kövrəldiyini gördüm. Araya sükut çökdü. Bağdan çölə çıxdıq. Tağıyevin dəfn olunduğu ərazini göstərdi. Sağollaşıb, yoluma davam etdim.
5-10 dəqiqədən sonra Pir Həsən pirinə çatdım. Qapıdan bir az aralıda Tağıyevin büstü görünürdü. Yaxınlaşıb, qarşısında dayandım.

Büstün yanındakı məlumat lövhəsində buradakı türbədə Axund Mirzə Əbu Turab Axundzadənin dəfn olunduğu yazılmışdı. Burada Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımın və repressiya qurbanı Səlimxanov Zeynal bəy Ağabəy oğlunun qəbirləri də var idi. H.Z.Tağıyev öz vəsiyyəti ilə Turab Axundzadənin qəbrinin ayaq tərəfində dəfn olunub.

Qızı Sara xanımın məzarı isə Tağıyevin məzarı ilə yanaşıdır. Axundun qəbri üstündəki türbəni isə onun xatirəsinə hörmət və ehtiram əlaməti olaraq Bakı milyonçusu və xeyriyyəçisi Murtuza Muxtarov tikdirib.

Hava artıq qaralırdı. Burada qaldığım müddətdə Ağamirzə dayının siması yadıma düşür, onun Tağıyev haqqında dediklərini düşünürdüm. Görəsən, mən də milyonçu olsam, bu qədər sadə və xeyriyyəçi ola bilərəmmi? Yoxsa elə Ağamirzə dayının dediyi kimi mənim də xaricdə ilin 4 fəsli boş qalan villalarım, evimi insanlardan qorumaq üçün ətrafına çəkdirdiyim hündür hasarlarım, meyvəsini qonşu uşaqları oğurlayıb yeməsin deyə həyətimdə ancaq şam ağaclarım olar?
Bu suala cavab tapa bilmədim.
Bura gəlməzdən öncə Tağıyevin fəaliyyəti haqqında faktları araşdıranda onunla bağlı “100 illik müqavilə” adlı kiçik bir rəvayət qarşıma çıxmışdı:

“Tağıyev Almaniyada səfər zamanı orada yerləşən bahalı restoranlarından birinə gedir. Restoranın görünüşünü çox bəyənib orada nahar etmək qərarına gəlir. Şəkillərdən də gördüyünüz kimi Hacının üzündə həmişə saqqal olub. O, restorana daxil olaraq qıraq masaların birində əyləşir. Gözləyir… Ancaq xidmətçi ona yaxınlaşmır. Səbəb isə Hacının xarici görünüşünü olur. Onu yoldan keçən və ya kasıb şərqli bir insan kimi qəbul edir.
Hacı sonda özü onu səsləyir.
Səslədikdən sonra xidmətçi ona hay verir və indicə yaxınlaşacağını söyləyir. Hacı səbir edir, ancaq xidmətçi yaxınlaşmır. O qərara gəlir ki, restoranı tərk etsin.
Bir müddətdən sonra restoran rəhbərliyi xəbər tutur ki, onların saqqallı və şərqli qonağı Bakıdan gələn bir milyonçudur. Cəld ağanın arxasınca bir elçi göndərir. Onu restorana gətirərək üzr istəyirlər və onun üçün 20 nəfərlik bir masa açıb müxtəlif təamlarla bəzəyirlər.
Hacı soruşur:
– Bu masanın bir günlük qiyməti nə qədərdir?
Rəhbərlik hesablayır və cavab verir.
– Bəs 1 həftəlik?
Yenə hesablayıb cavab verirlər.
– Bəs 1 aylıq?.. Bəs 1 illik? Bəs 100 illik?
Suallardan son dərəcə çaşqın olsalar da, hesablayıb cavab verirlər.
Hacının sualları əbəs olmur. O, restoran rəhbərliyi ilə 100 illik müqavilə imzalayır və müqavilədə qeyd olunur ki, 100 il ərzində bu restorana gələn hər bir azərbaycanlı burda təmənnasız yeyib-içə bilsin və belə də olur.
Həmin restoran 100 il ərzində ora daxil olan azərbaycanlılara təmənnasız qulluq edir və yalnız 2011-ci ilin yanvar ayında – müqavilənin bitmə tarixində – Almaniya səfirliyi Azərbaycan səfirliyinə məktub yazaraq qeyd edir ki, 1911-ci ildə sizdən bir azərbaycanlı belə bir 100 illik müqavilə imzalamışdı. İndi aranızda bu müqaviləni təzələyəcək biri varmı?”
Bəs, siz necə düşünürsünüz? İndi həqiqətən də belə bir Azərbaycanlı varmı?!
Günəş Mərd
Günəş Mərd
Kulis.az




Tarix: 30-11-2022, 15:33
Xəbəri paylaş





Xəbər lenti