Qarşı cəbhədə Fransa adlı bir dövlət var, onun siyasi xadimləri son iki ildə özlərini Eçmiədzin katolikosundan artıq erməni, Ter-Petrosyandan ötə Ermənistan patriotu kimi aparırlar.Ermənilərin bizimlə apardığı 130 illik düşmənçiliyin sonuna gəlmişkən, önümüzdə fransızları görürük. Onlar öz ölkələrinin problemi yoxmuş kimi, Qafqazdakı cırtdan ölkədən ötrü özlərini həlak etməkdədirlər.
Bu, bəşər əhlinin tanıdığı, həm də çox yaxşı tanıdığı, vaxtilə nəinki Avropanı, hətta dünyanın üçdə birini işğal etmiş Fransadır, indi delimitasiya-demarkasiya olunmamış iki adsız və mübahisəli yal-yamacın davasını edir.
“Dünyanın üçdə birini işğal etmiş Fransa” ifadəsi havadan götürülməyib, bu ölkənin müstəmləkələrindən bəhs edən vikipediya məqaləsindən götürülüb. 60 il öncəyə qədər Fransa ən çox müstəmləkəsi olan ölkələrdən biri olub. Hazırda dünyada 200-dən çox dövlət var, amma Fransanın müstəmləkələrinin sayı 225-dir (sonradan bu müstəmləkələrdən xeylisi bir dövlətdə birləşib).
İndi keçmiş müstəmləkələrini başına toplayaraq Frankofoniya adlı təşkilat yaradan bu dövlət özünü işğal sipəri kimi aparmağa çalışır. Onun tərk etdiyi dövlətlər hələ də Fransadan tam qopmuş deyillər, hələ də fransızca danışırlar. Bu, uzun illər aparılmış məqsədyönlü assimlyasiya siyasətinin nəticəsidir.
Digər imperiyalardan fərqli olaraq, Fransa imperiyası işğal etdiyi ölkələrdə yerli xalqlara qarşı əməlli-başlı genosid siyasəti yeridib. Bu kateqoriyaya daxil olan hansı ölkənin tarixinə baxırsan, fransız zülmü, fransız qətliamları görürsən. Onların qəddarlıqlarının, amansızlıqlarını həddi olmayıb, milyonlarla günahsız və ya öz azadlığı uğrunda mübarizəyə qalxan “günahkar” insanı öldürüblər.
İndi bu dövlət dünya düzənindən, beynəlxalq ədalətdən, xalqların öz müqəddaratlarını həll etmək hüququndan danışır.
Hazırda bu dövlət demokratiya və insan haqlarından da bəhs edir, amma özü günü bu gün də amansız diktatorların himayəçisidir. Vaxtilə Haiti xalqını qırıb-çatan Fransua Düvalye (adamın adı-siyadı belə fransız ad-soyadıdır) Fransaya güvənirdi, ondan güc alırdı. Onun oğlu J
an-Klod Düvalye də devriləndən sonra 25 il ərzində Fransada gizləndi. Bu ata-bala diktatorlar Haitidə 40-60 min arasında adam öldürüblər, amma Fransa onlara sığınacaq vermişdi. Dünyanın və bütün zamanların ən korrupsiyalaşmış 10 liderinin içində 7-ci yeri Düvalye tutur.
Toqo dövlətinin 38 illik diktatoru Eyademanın əsas dəstəkçisi Fransa olub. O, müstəqil dövlətin başçısı olsa da, özünü Fransanın muxtar prefetkturasının başçısı kimi aparıb. Adam corabından qalstukuna, üstünə çilədiyi ətirə qədər “fransız malı” işlədib. “Haqq-ədalət dağarcığı” olan Fransa bir dəfə də ona insan haqları ilə bağlı irad bildirməyib.
Fransada nazir postunda işləyən bəzi siyasətçilər sonradan rəsmi Parisin tövsiyəsi və göndərişi ilə Seneqal, Kot-d`İvuar, Mali kimi ölkələrdə prezident postu tutublar. Əlcəzairin 4 dəfə prezident seçilmiş diktatoru Əbdüləziz Buteflika ölənə qədər məhz Fransanın dəstəyi ilə hakimiyyətdə qalıb, yerli müxalifətçilərə divan tutub və Fransa dövlətini idarə edənlər ona heç vaxt “azad seçki, insan haqlarına riayət” tələbi irəli sürməyiblər.
28 il əvvəl Ruandada tutsi millətinə qarşı yeridilmiş genosid siyasətinin iki müəllifindən biri xutu xalqını idarə edənlərdirsə, digəri Fransadır. Tutsilər məhz fransızların xutulara tam dəstək verməsi ilə hərəkətə keçib, 1 milyon civarında tutsini öldürüblər, yüz minlərlə qadın zorlayıblar.
Əlcəzairdə, Mərakeşdə, Tunisdə, Ruandada milyonlarla insanın qətlinin baiskarı olan Fransa indi gəlib 107 il öncə, I dünya müharibəsində baş verən hadisələri “genosid” kimi dəyərləndirir, ard-arda qanun layihələri qəbul edir.
Bu, belə bir ölkədir, tarixi qara, ağ, qırmızı ləkələrlə doludur, bütün məsələlərdə diligödək, gözükölgəlidir, amma öz qəbahətlərini gözardı edir, amneziya olubmuş kimi hər şeyi unudub, boynuna almır, ünvanına deyilənləri, yazılanları ənsəsinə verir.
Bu dövlət indən belə 1000 il çalışa, bəşəriyyət qarşısındakı cinayətlərini yuya bilməz. Napoleonun bütün Avropada milyonlarla insanın məhvinə səbəb olan mənasız müharibələri, onun sələflərinin dünyada törətdiyi hərbi cinayətlərin yanında toya getməlidir.
Hazırda biz belə bir dövlətlə qarşı-qarşıya duran səngərlərdəyik. Ancaq bu, əvvəlki, hamının zəif, özünün güclü olduğu, üstün ordusu, donanması olan Fransa deyil. İndi ondan qat-qat döyüşkən və güclü ölkələr var və onlar tarixi boyunca daima haqsız-ədalətsiz, zalım və aqressiv olan dövlətə öz həddini bildirirlər. II dünya müharibəsində Almaniyaya 44 günlük müharibədə məğlub olan o boyda Fransa 2020-ci ildə eyni aqibəti yaşayan ovuc içi boyda Ermənistana nə qədər dayaq dursa da, yeyə biləcəyi kroasan yoxdur.
Xalid KAZIMLI