Armudu innovasiya


Bizdə bir cavan oğlan vardı, hökumət onu iki-üç il qabaq təzə yaratdığı İnnovasiyalar Agentliyinə (İA) müdir qoymuşdu. İnnovasiya nə deməkdir, bunu nə ilə yeyib-içirlər, öncə onu camaata izah eləyək.
İnnovasiya - yenilik, yaxşılaşdırma mənasını verir. Hökumət İA-nı ona görə düzəltmişdi ki, biz də dünyanın inkişaf eləmiş toplumlarına qoşulaq, necə deyərlər, tayımızı tapaq. Yeni texnologiyalar iqtisadiyyata, sosial həyata tətbiq edilməliydi. Ancaq axırda nə oldu? Pişik asqırdı. Ya da Vasif müəllim imkan vermədi. Hər nədirsə, agentliyin ömrü çox qısa oldu. 2018-də yaradılan innovasiyamız 2019-da rəhmətə qovuşdu. Rəhbərlik agentliyi ləğv elədi.
Təbii ki, agentliyin müdiri ortalıqda qala bilməzdi, bu cür istedadlara dərhal başqa dünya xalqları yiyə çıxır. İndi xəbər almışıq, agentliyin müdiri Londonda özünə şirkət açmışdır. Buyur. Öz vətənində qabaqlar peyğəmbər ola bilmirdilər, indi də innovasiya eləyə bilmirlər. Ya da yoldaş burda yığdığı pulları aparıb xaricdə özünə şirkət düzəldibdir. İmanımı yandırmaq istəmirəm, vəziyyətin detallarını bilmirəm, araşdırmağa da həvəsim yoxdur. Biri aşağı, biri yuxarı - son illər nə qədər vurulan məmur biznesinin qalıqlarını sivişdirib xaricə aparıbdır.
Bəs bu yoldaşlar xaricdə düzgün işləyəcəkmi? İnandırıcı deyil. Adət elədinsə, çətindir. Hər xalqın öz adətləri var. Məsələn, dünən mən Rusiyadan bir tragikomik xəbər oxudum. Orda 55 yaşlı azərbaycanlı kişi 10-a yaxın rus qadını aldadıb, onların milyonlarla pulunu ələ keçirib. Bəziləri evsiz, maşınsız qalıb. İşin əsas detalı isə budur ki, həmyerlimiz qətiyyən kriminala əl atmayıbdır, qadınlar könüllü olaraq, onun şirin dilinə, “sizi alacam” vədlərinə aldanıb var-dövlətlərini adına keçirirmiş. Fəxr etməliyikmi? Əlbəttə. Əlimizdən başqa nə gəlir? Durub öz millətimizi satmayacağıq. Üstəlik, şirin dilli adamdırsa.
Təzəlikcə bir futbol məşqçimizi cəzalandırdılar - oyunda hakimi döydüyünə görə. Yoldaşın adını görəndə yaddaşım qurcalandı, xatırladım ki, bu tip hardasa 7 il qabaq bir jurnalistin döyülüb öldürülməsinin də səbəbkarı olmuşdu. Həmin vaxt gözdən pərdə asmaq üçün onu tutdular, lakin qısa müddət sonra azad edildi. Çünki millət də onun azadlığını tələb edirdi! Yaxşı oğlan bir jurnalistə görə türmədə qalsın, bu bizə yaraşmazdı axı. İndi qatil meyxanaçıdan ötrü canını verməyə hazır insanlar var, bax, biz onların çoxunu 7-8 il qabaq görmüşdük. Sadəcə, yadımızda saxlamadıq. Dedik, əşşi, bir işdir, olub da.
Ancaq gəlin qanımızı qaraltmayaq, bir çay içək, hər şey düzələcək. Üstəlik, yaxşı xəbər var: “Çay mədəniyyəti YUNESCO-nun Qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib”. Deməli artıq bizim çayxanalar dünya mədəniyyətinin beşiyi olacaqdır. Hər dəfə çayçıda “komplektə girir” deyərək bizə bir çaynik çayın üstündə 3 kilo mürəbbə, 2 kilo paxlava, yarım kilo kələm turşusu, ayaqqabı bağı, uşaq pampersi, qələm, bloknot, Bakı-Ankara reysinə bilet və yazıçı Anarın “Tələsmə, Zaur” romanını satmaq istəyənlərə dözümlü yanaşmalıyıq. Artıq onlar mədəniyyət cəbhəmizin əsgərləridir. Dünyada çayımızı tanıdırlar. Manıslar demişkən, armudu istəkanda çay, çay, çay, ürəyimiz yananda, çay...
Bir şey maraqlıdır ki, adətən biz YUNESKO-da nəsə hoqqa çıxaranda ermənilər qəmiş olurdular. Dolmadan tutmuş, lavaşa, “Sarı gəli”ndən balabana, zurnadan, nə bilim, ərik qurusuna qədər. Nəyi qaldırsaq, şərik çıxmalıydılar. “Ağaca çıxdım, Mən də, mən də” söhbəti. Bunların əlindən adam bezirdi, heç bir yenilik, innovasiya eləmək istəmirdi. Çay söhbətində nəsə ermənilərin səsi gəlmədi.
Görünür artıq gözlərini qırmışıq. Abır eləməkləri inandırıcı gəlmir.
Tarix: 3-12-2022, 10:45
Xəbəri paylaş





Xəbər lenti