İlon Mask
İlon Maskın “dünyanı xilas etmək istəyən dahi” obrazı son vaxtlar özbaşına və aqressiv patron obrazına çevrilməyə başlayıb.
Demək olar ki, hamını özündən çıxaran bu balanssız münasibətin arxasında nə dayanır?
Hamımız onun adını hər gün görürük. Xəbərlərdə, videolarda və ya tvitlərdə. Hər yerdə son zamanlar ancaq Mask var. İlon Mask şübhəsiz ki, günümüzün haqqında ən çox danışılan adlarından biridir.
Onun adının çəkildiyi mövzular da kifayət qədər maraqlıdır. O, bəşəriyyəti Marsa aparıb koloniyalar qurmaq üçün SpaceX-i, dayanıqlı və yaşana bilən gələcək üçün Tesla-nı və beyin-maşın interfeyslərini inkişaf etdirərək "çipləri beynimizə yerləşdirmək" üçün Neuralink-i qurdu.
Nəhayət, öz iddialarına görə, o, Tvitter-i “ifadə azadlığı” üçün aldı.
Real dünyanın "Dəmir adam"ı, günümüzün Stiv Cobsu, insanlıq haqqında düşünən dahi və sahibkar... Bu ifadələrin hər biri son bir neçə ildə İlon Mask üçün tez-tez istifadə olunan ifadələr idi. Amma xüsusilə son bir ildə bu ifadələr “narsist”, “eqoist”, “manipulyasiya”, “balanssız müdir” ifadələri ilə əvəz olundu.
“Tvitter”-in alınmasından sonra baş verən inanılmaz hadisələr son zərbə oldu və Maskın “dahi xilaskar” obrazı birdən-birə “pis, narsist və dəli alim” obrazına çevrildi.
Bəs İlon Maskın davranışı onun psixologiyası haqqında bizə nə deyir?
Məlumdur ki, o, bütün şirkətlərində işi sürətləndirmək üçün işçilərinə təzyiq göstərir. Öz ideallarına çox sadiqdir və xəyalpərəstdir. Bu onu bəzən reallıqdan uzaqlaşdırır. Bu xəyalpərəst və eyni zamanda idealist şəxsiyyət şirkətlərində böyük problemlər yaradır.
Onun avtoritet anlayışı ilə bağlı ciddi problemləri var. O yüksək səviyyəli rəhbərlərdən, idarə heyəti üzvlərindən və ya şirkətlərində hər hansı bir şəxsdən asılı olmayaraq, heç kimin fikrilərini qəbul etmir. Mask tez-tez verdiyi vədləri pozaraq geri addım ata bilər. Bu onun qərar mexanizminin çox da yaxşı işləmədiyini göstərir.
İllərdir danışılan mövzulardan biri də Maskın iş mühitində tez-tez “qəzəb püskürməsi”dir. O qəzəbini cilovlaya bilmir və impulsiv qərarlar verir. Bəzən bu qərar işçini işdən çıxarmaq və ya layihəni dayandırmaq qədər sərt ola bilir.
İşçilərin işdən çıxarılmasından söz düşmüşkən, Mask olduqca həssasdır və empatiyadan məhrumdur, bütün şirkətlərində mobbingə bərabər olan münasibətdən əlavə, "işçiləri istədiyim kimi işləməsələr dərhal işdən çıxara bilərəm" ampluasındadır.
Bütün bu xüsusiyyətlər və davranışlar Maskın adının çox vaxt “narsist” sözü ilə birləşdirilməsinə səbəb olur. Mütəxəssislərin fikrincə, narsistlik şəxsiyyət pozğunluğu olan insanlarda yüksək manipulyativ, eqoist və qəzəbli ola bilər.
Narsist insanların xüsusiyyətləri:
Özünü çox yüksək qiymətləndirmə;
Özünü hamıdan üstün görmək və insanları öz idealları üçün manipulyasiya etmək;
Diqqət və heyranlıq görmə ehtiyacından davranışlar sərgiləmək;
Şişirdilmiş nailiyyət və bacarıq hissi;
Sərhədsiz güc, cinsiyyət, gözəllik fantaziyaları;
Tənqidə, laqeydliyə və ya məğlubiyyətə cavab olaraq laqeydlik və ya qəzəb;
Bu kimi davranışların bir çoxu Maskda var.
Maskın Marsa baxışı və özünün mövqeyini tutduğu yer, eləcə də elektrik avtomobillərinin inkişafında özünə aid etdiyi uğurlar onun narsistik davranışını ortaya çıxarsa da, onun təlatümlü şəxsi həyatı da bu mövzuda bizə bəzi siqnallar verir. Davamlı diqqət, reaksiya və bəyənmə almaq üçün Tvitter-də milyonlarla insanla qurduğu münasibətlər və davamlı olaraq öz fikirlərini təsdiqləyən tvitlər paylaşması ilə yanaşı, tənqidlərə heç vaxt dözə bilməyəcəyini göstərən çoxsaylı nümunələr narsistik şəxsiyyət pozğunluğu olan insanlarda ortaya çıxan davranışlarla üst-üstə düşür. Əlbəttə ki, Maska narsistik şəxsiyyət pozğunluğu diaqnozu qoymağın heç bir mənası yoxdur. Narsistik şəxsiyyət pozğunluğu ilə əlaqəli olan və bir çox “liderlərdə” gördüyümüz başqa bir “şəxsiyyət xüsusiyyəti”, “güc zəhərlənməsi” olaraq bilinən “hubris sindromu”dur bu əslində.
Xüsusilə şirkət rəhbərlərində, hakimlərdə və hüquqşünaslarda, avtoritar siyasi liderlərdə və müəyyən qrup məmurlarda müşahidə oluna bilən bu sindrom öz qabiliyyətlərini və qərarlarını həddən artıq şişirtmələri, səhv edəcəklərini düşünməmələri, hər zaman səhv etmədiklərinə inanmaları kimi özünü göstərir.
Eyni zamanda həddindən artıq təkəbbür və qürurlu davranışlar sərgiləmək də bu sindromun əlamətlərindəndir.
İlon Maskın illər ərzində çatdığı məqam onu göstərir ki, güc qazandıqca “zəhərlənə” bilir. Ancaq Maskın xarakterinə təsir edən və ötən illərdə açıqlanan bir sağlamlıq problemi də var. O keçən il iştirak etdiyi “Saturday Night Live” proqramında asperger sindromlu xəstə olduğunu açıqladı. Yumoristik bir dillə vəziyyəti haqqında danışan Mask belə deyirdi: “Saturday Night Live” proqramında iştirak etmək şərəfdir və mən bunu səmimiyyətlə deyirəm. Bəzən nəsə dedikdən sonra “mən səmimiyəm” sözlərini əlavə etməli oluram ki, insanlar səmimi dediklərimi başa düşsünlər. Çünki mən həmişə çox müxtəlif intonasiyalarla danışmıram. Mənə deyirlər ki, bu yaxşı komediya materialıdır. Əslində isə mən bu gecə SNL-in təqdim etdiyi asperger xəstəliyi olan ilk şəxs kimi tarix yazıram. Ona görə də bu axşam qonaqlarla çox göz təması qura bilməyəcəm”.
O həmçinin utancaq, introvert, ünsiyyət qurmaqda çətinlik çəkən və tez-tez qəribə görünən bir xarakter olduğu ilə bağlı müzakirələrə də cavab verib: “Bilirəm ki, bəzən qəribə şeylər deyirəm və ya paylaşıram. Beynim belə işləyir, bu qədər. Mən incitdiyim hər kəsə demək istəyirəm: mən elektrik avtomobillərini yenidən ixtira etmişəm və insanları Marsa raketlərlə göndərirəm. Sakit və normal bir insan olacağımı düşünürdünüzmü?"
Asperger sindromu tam olaraq nədir və onun xarakterə hansı təsiri var?
Asperger sindromu autizm spektri pozğunluqları adlanan nevroloji xəstəliklərdən biridir. Bu insanlar dostluq əlaqələrinin qurulması və davam etdirilməsi prosesində çətinliklərlə qarşılaşır, başqalarının hiss və düşüncələrini dərk edə bilmir, empatiya qura bilmir, məhdud sayda xüsusi mövzulara diqqəti olur, qarşı tərəfin nə danışdığına diqqət yetirə bilmirlər. Eyni zamanda onlar göz təması qura bilmir, sarkazm və ya istehza ilə dilin istifadəsini anlamaqda çətinlik çəkir, gözlənilən şəxsiyyətlərarası sərhədlərə əməl etmirlər.
Onlarda gizlilik hissi olmur, səsin tonunu tənzimləməkdə və ya eyni səviyyədə saxlamaqda çətinlik çəkirlər. Səsli, vizual, qoxu, dad və ya təmas qıcıqlarına qarşı həssas olurlar. Bədən dilini başa düşməmək, özünü ifadə edərkən üz ifadəsini dəyişməmək və ya şişirdilmiş mimikalardan istifadə etmək Asperger sindromunun əlamətlərindəndir.
Maksın bunu etirafı onun bəzi davranışlarının səbəbinin nə olduğunu anlamağa imkan verir.
İlon Mask tariximizin ən mühüm personajlarından biridir. O qurduğu şirkətlərlə əhəmiyyətli uğurlar qazanıb. Təəssüf ki, verdiyi qərarlar və atdığı yanlış addımlar onun imicinə xələl gəlməsinə səbəb olub.
“Tvitter”-də etdiyi dəyişikliklər, “ifadə azadlığı” adı altında kütlələrə zərər verə biləcək addımlar atması, minlərlə işçini işdən çıxarması, "Tesla"da əməl edə bilməyəcəyi vədlər verməsi, kripto bazarını manipulyasiya eməsi və digər qəribəlikləri insanların gözündə onun imicini dəyişdirir.
Bütün bunları edərkən həmişə “ən yaxşısını” etdiyini düşünməsi isə Mask üçün işlərin yaxşı getmədiyini göstərir.
Tarix: 3-01-2023, 13:44