Cənnətin icra hakimiyyəti


Naxçıvanın təzə daxili işlər naziri Süleyman müəllim hər gün vətəndaşları qəbul etməyə, onların şikayət, ərizə və təkliflərinə baxmağa davam edir və qəbul mərasimlərindən yayılan foto-video süjetləri izləyəndə adamda belə qənaət yaranır ki, Naxçıvan camaatını Süleyman peyğəmbərin vaxtından dinləyən yox imiş. Əks halda, niyə bəzi qəbul saatlarında salonda onlarla adam oturur? Ən axırıncı Ordubaddan xəbər gəlmişdi, nazir 76 nəfəri qəbul etmişdi. Bunun hərəsinə beşcə dəqiqə qulaq assan, iş gününün 6 saat yarımı getməlidir.
Bu qəbulların bir müsbət tərəfi də var ki, Naxçıvanın hələ yaşayış məskəni olmasına əminliyimiz artır. Çünki bölgədən daim təşvişli məlumatlar alırdıq. Deyirdilər camaat İstanbula köçüb. Naxçıvan zəhmətkeşlərinin dövri-qədimdən siyasətə meylli olmasını nəzərə alsaq, yaxın illərdə Türkiyədə baş nazirin naxçıvanlı olacağına inam yaranırdı. Ən azı.
Üzü Bakıya dönsək, burada ətin qiyməti qalxmışdır. Deyir yeni il girəndən dana ətinin kilosunu milli qəssablarımız 15-16 manata, quzu ətinin kilosunu isə 19-20 manata satmaqdadır. Guya proses bayramlara görədir, rayonlardan paytaxta heyvan gətirilməsində nəsə problemlər yaranıbdır, beş-on günə qiymət təzədən düşəcəkmiş.
Niyə düşür? Bu cür qala bilməzmi? Xalqımız dözümlü xalqdır, istənilən qiymətə hazırıq. Əsas odur regionların inkişaf proqramı yerinə yetsin. Üstəlik, paytaxtda quzu kababı basan yoldaşların regionlarda o əti yetişdirən insanların əziyyətindən çox zaman xəbəri olmur. Elə zənn edirlər quzular ağacda, öz-özünə yetişir. Çobana qazı, benzini, konfeti, ümumən sənaye məhsullarını baha satırıqsa, çoban niyə əti ucuz satmalıdır? Bunlar hamısı qarşılıqlı əlaqədə olan proseslərdir. Bazar iqtisadiyyatıdır. Düzdür, bəzən quzunu kənddə saxlayan məmurla Bakıda yeyən məmur eyni adam çıxır, pulu bir cibdən çıxarıb o biri cibinə qoymuş olur, ancaq ziyanı yoxdur. Təki düşmənlər xəbər tutmasın, paxıllıqdan ölsünlər. İqtisadiyyatımızın bu gözəlliyini “Aldım qoz, satdım qoz” modeli olaraq xaricdə təbliğ etməliyik. Qoy Harvardda-zadda uşaqlara öyrətsinlər.
Örnəklərimiz çoxdur, qanana, anlayana minnət. Məsələn, bu ildən təzə qanun qüvvəyə minib, daha məscidlərə və ziyarətgahlara dini başçıların təyinatına Qafqaz Müsəlmanları İdarəsi baxmır. Necə gözəl qaydadır... Allahşükür Paşazadə bütün Qafqazın dini lideri olsa da, indi yol qırağında balaca pirə belə müdir qoya bilməyəcəkdir. Bu işləri hökumətimizə, daha dəqiq yazsaq, “müvafiq icra orqanına” tapşırmışlar. Məscid-ocaq sahəsində inhisarın şeyxin əlindən alınması və icra hakimiyyətinə verilməsi göstərir ki, bizim icra hakimləri ruhlar aləmiylə daha kəskin, daha qətiyyətli, daha əzmkar, daha aktiv əlaqə, bağ qura bilmişlər. Güman edirəm yaxın zamanlarda pirlərimizdə nəzirlərin, məscidlərdə duaların qiyməti artmağa məhkumdur. Monopoliya üzündən yox. Sadəcə, biz belə gözəl ölkədə doğulub, yaşadığımıza görə uca Tanrıya minnətdarlığımızı daha yüksək qiymətlə ifadə etməyə borcluyuq. Erməni, gürcü də bir-iki manat nəzir versin, biz də? Bizimki daha çox olmalıdır. Təklif edirəm, ən aşağı yeri 10 manat götürülsün. Bu pirlərə aiddir. Mollaya dua yazdırmaq, cin çıxartmaq, cadu eləmək, bəxt açmaq, ev yıxmaq kimi işlərin qiyməti isə aşağısı 20 manatdan başlamalıdır. Yoxsa adam var, 20 manata ət alır, gedir 15 manata cin çıxartmaq istəyir. Cin qoyundan ucuz ola bilməz. Cinin xərci çoxdur.
Üstəlik, icra hakiminin saxladığı cindən söhbət gedirsə, burda dövlət qarantiyası var. Milli, vətənpərvər cinlərdir. Şeyxin cinləri bəzən İrandan gəlirdi.
Tarix: 3-01-2023, 21:34
Xəbəri paylaş





Xəbər lenti