Kasıb ziyalılar üçün qazlı çaxır


Yeni il bayramı günlərində uca millətimizin şampan şərabları içmək kimi qədim adəti vardır. O üzdən dükanların piştaxtasında şampanlar bayram qabağı önə çıxır. Lakin deyəsən artıq onların hamısını “şampan” adlandırmağa icazə verilmir, ona görə butulkaların üzərinə “qazlı şərab” yazırlar.
Dükanlarda Azərbaycanın istehsalı olan iki növ belə şərab gördüm. İçmədiyim üçün keyfiyyətləri haqda məlumatım yoxdur, ancaq mən onların adına etirazımı bildirmək istəyirəm: “Grand Lake” və “Bohema” adıyla satırdılar. 750 millilitrlik butulkasının 4-5 manata satıldığı bu şərabların xaricə satış potensialına şübhə edirəm. Bunu ona görə xüsusi yazıram ki, kimsə “Xarici bazarlara da çıxarırlar” iddiası irəli sürməsin.
Ana dilimizə niyə hörmətsizlik edirsiniz? Mehdiabadda buraxılan şərabın adı niyə “Grand Lake” olmalıdır? “Böyük göl” yazanda üzüyünüzün qaşı düşür, ya şərabı içənlər gölə düşüb ölürlər? İşin anekdot tərəfi odur ki, Mehdiabadda heç kiçik gölməçə də yoxdur.
“Bohema”ya gələndə, bunun da mənası təxminən “kasıb ziyalı” deməkdir. Bizim şair-yazıçılar arasında bohema termininə çox uyğun gələn bir adam vardısa, o da rəhmətlik Adil Mirseyid idi. İndi şərabın adını “Ziyalı” qoymaq mümkün deyilmi? Lap olsun “AYB-nin qurultayı”. Qiymət də rəmzi olaraq 2 manat 50 qəpikdən. “Anarın qəlyanı” adlı siqaret buraxmaq da olar.
Öz dilinə hörmət etməyən xalqlara başqaları heç hörmət eləmir. Bu işdə dövlət qurumlarının böyük günahı var. Niyə həmin şərab zavodunu tutub cərimə etmirlər? Nə üçün belə uydurma əcnəbi adlarla məhsul buraxmalarına icazə verirlər?
Keçən il Yeni Zelandiyada bir qəribə qanun qəbul etdilər: qanuna görə dövlət işindəki bütün yazışmalar xalqın anlayacağı şəkildə, sadə dildə olmalıdır. Buraya qanunların dili də daxildir. Oxşar qanunun bizdə olub-olmadığını bilmirəm, lakin vəziyyətimiz acınacaqlıdır. Dövlət idarələrindən vətəndaşlara verilən rəsmi cavabların, məktubların dili adətən biabırçı erməni budaq cümlələrindən ibarət olur. On dəfə oxuyursan, bəlkə başa düşürsən. Belə məsələlərə deputat Sabir Rüstəmxanlıdan başqa adətən kimsə münasibət bildirmir.
Elementar bir misal çəkmək istəyirəm, çox uzağa getməyək, ana qanun olan Konstitusiyamızın ikinci maddəsini oxuyaq: “Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur”. Gör nə qədər pis cümlədir. Siz indiyə qədər neçə azərbaycanlının danışıq dilində, lap elə yazışmalarında “müqəddərat” sözünü işlətməsinə rast gəlmisiniz? Axı bunu sadə şəkildə, eyni mənalı “tale” sözüylə əvəzləmək olardı. Burda isə sanki karikatur dəbdəbə xatirinə “müqəddərat” yazıblar. Pah. Böyük iş oldu, gedim kombidə qazı qaldırım.
Məhkəmə qərarlarımızın dili lap bərbaddır. Hazırda qanuna görə bəzi qərarları məhkəmələrin saytında anonimləşdirib yerləşdirirlər. Əyləncə üçün axtarıb oxuyun. O qərarları yazan hakim və katiblərə normal ölkədə “əli qurusun” cəzası verilməliydi. Havayı laqqırtı çıxmasın deyə Konstitusiya Məhkəməsinin saytından rastıma çıxan ilk qərarı açıram və buyurun: “Sığorta hadisəsi kimi isə icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığortaolunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal nəzərdə tutulur”. Adam bunu oxuyanda sığortasız ölmək istəyir. Ancaq niyə qınayasan? Konstitusiyanın öz dilini yuxarıda yazdım. Məhkəməsi hansı dildə danışmalıdır?
Bəlkə də qəsdən belə edirlər ki, heç kim qanun və qərarları qanmasın. Onda idarəçilik rahat olur. Fısqırıq çıxır.
İstəyirəm bundan sonra özümü “kolumnist” kimi təqdim edim. Özüm də grand raylvay stasionda yaşayıram.
 
Tarix: 6-01-2023, 09:30
Xəbəri paylaş





Xəbər lenti