Yeməli politologiya
Bu yaxında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri, politoloq Cəbrayıl müəllimi yeyinti üstündə tutdular. Öncə mən təşkilatın və vəzifənin adının əcaibliyində heç bir günahım olmadığını bildirirəm, necə təqdim edirlərsə, elə yazırıq. Söhbət isə ondadır ki, öz adı “beynəlxalq münasibətlər” olan idarədə “beynəlxalq əlaqələr” şöbəsi qurmaq təxminən daxili işlər nazirliyində daxili əlaqələr, ya da hansısa idarənin mətbuat xidmətində mətbuatla əlaqələr şöbəsi qayırmaq kimi karikatur haldır.
Yeyintiyə dönək. Diqqəti çəkən məbləğ idi: 527 min manat. Açığı, mən Azərbaycanda hansısa politoloqa yarım milyon manatın etibar edilməsini oxuyanda ilk olaraq çox sevindim. Düşündüm, ey dadi-bidad, gör bizdə politologiya elmi hansı zirvələrə yüksəlibdir. Yoxsa camaat zənn edir politoloqlar ekranda boş-boş çərənləyən mənasız adamlar sinfidir.
Burada bir haşiyə çıxaraq keçmiş əyyamlara dönmək istəyirəm. SSRİ təzə dağılanda bu politologiya da elm olaraq bizdə öyrənilməyə başlanıldı, qabaqlar yox idi, çünki sovetlərdə siyasətlə məşğulluq, üstəlik ona elmi yanaşmaq dövlət əleyhinə çıxmaq kimi bir zad sayılırdı. “Hər şeyi Lenin baba özünün 55 cildlik seçilmiş əsərlərində yazıb, ondan da qabaq Marks və Engels baba; dəxi sən nə qələt edirsən” məntiqiylə.
1990-cı ildə satirik “Çeşmə” qəzetində politologiya haqda məzəli yazını xatırlayıram. Prezident Ayaz Mütəllibov raykomları yığır, deyir rayonlarda heç kimə politologiya ilə məşğul olmağa imkan verməyin. Təlimat Yevlaxın milis rəisinə çatır, o da rayondakı aşığı tutub deyir: “Eşitmişəm bolitgelya ilə məşğulsan”. Aşıq deyir ki, rəis qadan qalım, mən evli adamam, bolitgelya ilə nə işim.
Bizdə sonradan politologiyanın hətta ali məktəbi açılmışdı. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu, qısa adla BSİPİ. Yenə 1990-larda onun tələbəsi olan bir dostumun metro polisinə tələbə biletini “Mən də sizdənəm, bu BSİPİ Baş Siyasi İdarənin Polis İdarəsi deməkdir” deyib keçdiyini görmüşəm. Qarışıq illər idi.
İndi isə politoloq yarım milyon yeyinti edir. Ölkəmizdə siyasətin parlaq gələcəkli peşəyə çevrilməsinin isbatıdır. Bu işdə yaxşı pul var. Uşağınız varsa politologiyaya yönəltmək lazımdır.
Hərçənd, tutulan yoldaş sıravi politoloq deyil və onun işlədiyi mərkəzi dövlət yaratmışdır. Adının QHT kimi görünməsi bizi çaşdırır. Hazırda dövlətimiz cəmiyyət həyatının bütün sferalarına nüfuz etmişdir. Xaricdə, daxildə, havada, suda, quruda, yerin altında ölkəmizi təbliğ edirlər, o boyda miqyaslı iş görüləndə belə xırda-mırda (büdcəmiz baxımından) yeyintilər təbiidir.
Elə təzə yazılan başqa fakt da görülən işin nəticəsidir. Bizdə yerli istehsalı xaricdə təbliğ etməli olan idarə var. Loru dildə yazsam, milli pomidor-xiyarımızı, muğamat və Sarı gəlini dünya ölkələrində tanıtmalı, türkün məsəli, yaxşı pula getməsini təmin etməlidir. Ancaq deyir bu idarənin Avstriyadakı nümayəndəsi Ramin müəllim Qubanın icra başçısı Ziyəddin müəllimin 3 milyon 600 min avroluq şəxsi biznesini fırlatmaqla məşğul olurmuş.
Yaxşı, Qubanın icra başçısı bizneslə məşğul olmasın, bəs kim olsun? Hansısa qubalı kəndçi? Elə patavamıza yaraşır. Biz icra başçılarını bizi soymaq və xaricdə biznes qurmaq üçün başa çıxarmışıq. Yəqin arada Quba alması-filanı Vyanada tanıdır. Nə qədər olmaya xalqa da propaqandadan pay düşür. Respublikamızın adıdır. Azərbaycan həqiqətləridir.
Əslində bunlar yeyib doyublar, mən isə politologiya, siyasət kimi işlərə qarışmıram. Nəyimə lazım? Kubada olsa danışardıq.
Tarix: 25-01-2023, 10:19