“Yolçu yolda gərək”
(ata sözü)
Əgər ABŞ Prezidenti Co Bayden Ukraynaya "F-16" döyüş uçaqlarını satmaqdan imtina etməsəydi, Biləcəridən Keşləyə gedən avtobuslarda biletin qiyməti bahalaşmazdı. Əks halda, niyə qiymətlər indi qaldırıldı? Baydenin “no, əyriplan, no” açıqlamasının tozanağı yatmamış, Bakıda nəqliyyat bahalaşdı. 3-4 gün gözləmək olmazdı? Axı avtobus sürənlər çoxdan bu iddiaya düşmüşdülər, deyirdilər 30 qəpik bizə sərf eləmir, ona görə marşrutlar boş qalıb, camaat bir-birinin belinə minir, dayanacaqlar marşrut üzünə həsrətdir. Yox, gözləmədilər. "F-16" ciddi faktordur.
Yeri gəlmişkən, bəzən zəhmətkeşlərimiz, o cümlədən həmkarlarımız yanlış olaraq “Avtobus və metronun qiyməti qalxdı” deyirlər. Halbuki avtobus və metronu biz 40 qəpiyə ala bilmərik. Bunun üçün ciddi xarici-daxili investisiyalar lazımdır. Hər şeyi öz adı ilə çağıraq. Elə düz danışmadığımız üçün də qiymətlər qalxır. Bu, iqtisadi-siyasi, sosial-psixoloji inflyasiya deyildir, filoloji hadisədir. Həmçinin. Geopolitik aspekti yuxarıda yazdım. Təbii ki, Bayden "F-16" uçaqlarını Ukraynaya versə müharibə tez bitər, dünyada bahalaşma aşağı düşər, Bakıda metro və avtobuslarda ucuzlaşma yaranar.
Burada İsveç və Danimarkada Quranı yandıran o başdanxarabın rolu isə, məncə, yazmasam da aydındır. Allah göydən baxır. Fikirləşir bu müsəlmanlar ki, mənim bir dənə kitabımı qorumaqda acizdirlər, qoy canları çıxsın, işə-zada piyada getsinlər. Bu temada atalarımızın sözü var: “Allah dəvəyə qol-qanad versə, göydə avtobus sürər”.
Qiymətlərin diferensiallaşması da söz konusudur, burada isə riyaziyyat araya girir. İnşallah, bunu başqa vaxt xırdalayarıq.
İnsafən, piyada gəzinti cana çox xeyirdir. Onsuz bu Bakı ictimai nəqliyyatı adamı bezdirir. Srağagün axşam tərəfi, konkret yazsam, saat 18:00 radələrində 67 saylı avtobusa minmişdim. Həyatıma nifrət elədim, çünki avtobus 5 kilometr məsafəni 1 saat 10 dəqiqəyə getdi. Əgər yolda tıxac, hər hansı problem olsa bəlkə anlaşılardı, lakin yol faktiki açıq idi. Hərdən mənə elə gəlirdi ki, sürücümüz ölüb, maşın öz-özünə gedir. Yəqin şəhər nəqliyyatına başçılıq edən müdriklər artıq peyk rabitəsiylə marşrut qurmuşlar. Normalda 5 kilometri təxminən 30-33 dəqiqəyə qaçmaq mümkündür. Deməli, avtobusdan imtina etməyin zamanı yetmişdir. Belə ata sözü də var: “Kim ayaqla getmişdir, Onun yaşı minimum yetmişdir”.
Metro da onun kimi. İlon Maskın Los Ancelesdə yeraltı nəqliyyat projesi vardı. İndi biz də niyə şəxsi metro xətlərimizi çəkməyək? Başlayaq qazmağa. Hərənin öz lağımı olsun. Sən oradan qaz, mən buradan, partlasın düşmənimiz. Tuşunu düz gətirsək qaza-qaza qovuşarıq. Dövlətçiliyimizə də yük düşməsin. Yoxsa haçan baxırsan maliyyə sektorunda ağlaşmadır: “Metroya dotasiya verməkdən bezmişik, zəhmətkeşlərimiz ucuz qiymətə yerə girməkdən utanmırlar” və sairə. Doğrudan, utanıb yerə girəsi camaatıq. Ara yerdə MTN agentləri Tağı müəllimin 3 milyon dollarını da qaytarmadılar.
Hələ qiymətlər 3 fevraldan qüvvəyə minəcəkdir, ancaq mən dəqiq bilirəm ki, bu 3 günlük fasilədən sui-istifadə edən nə qədər yaramazlar olacaqdır. Üç gün avtobusdan, metrodan düşməyəcəklər! Lazım oldu-olmadı, hər yerə gedəcəklər. Məqsəd iqtisadi tərəqqimizə pəl vurmaqdır. Mən buradan onlara üzümü tutub pis sözlər demək istəmirəm, qoy özləri paylarını götürsünlər.
Pis söz demişkən... Bizdə bəzən xoşagəlməz adamları, üzr istəyirəm, “xiyar” adlandırmaq adəti var. Lakin mən dünən marketdə xiyarın kiloqramının 5 manat olduğunu gördüm və düşünürəm ki, artıq xiyarı söyüş vasitəsi kimi istifadə etmək ayıbdır. Xiyar çox qiymətli ərzaq məhsuludur, gəlin onu ucuzlaşdırmayaq.
Yəqin bu, avtobusların bahalaşmasına kəndlilərin cavabıdır. Marşrut yiyələri, sürücülər Tarif Şurasına müraciət edib qiyməti qaldıranda bunun iki başının olduğunu düşünməliydilər. Buyurun. Həmin 10 qəpiyi xiyar-pomidor sizin burnunuzdan gətirəcək. Olacaq “aldım qoz, satdım qoz” siyasəti. Kim soruşsa, “qoz alveri ilə məşğuluq” deyə bilərik.
Sözgəlişi, Ukraynada yaxşı qoz olur. Davadan qabaq bizim bazara gəlirdi.
Tarix: 1-02-2023, 10:13