Böyük Britaniyada daşınmaz əmlakı olanlara qoyulan müddət bitdi –Əmlakların taleyi belə olacaq
Böyük Britaniyada daşınmaz əmlak sahiblərinə öz adlarını və benefisiarlarını açıqlamaları üçün qoyulan müddət yanvarın 31-də başa çatıb.
Musavat.com “Financial Times”a istinadən xəbər verir ki, Böyük Britaniyada daşınmaz əmlakı olan 13 minə qədər ofşor təşkilat cərimə və sanksiyalara məruz qala bilərlər: onlar daşınmaz əmlakın real sahibləri və benefisiarlarının adlarını dövlətə açıqlamayıblar.
Qəzetin məlumatına əsasən Birləşmiş Krallığın ərazisində daşınmaz əmlaka sahib olan 32 440 xarici qurumun 19 510-a yaxını tələb olunan məlumatları dövlət reyestrinə təqdim ediblər. Bunu etməyən şirkətləri cərimə, sanksiya və torpağı satmaq hüququnun məhdudlaşdırılması kimi cəzalar gözləyir.
“Cinayətkarlara və korrupsiyalaşmış elitalar daha heç yerdə gizlənə bilməyəcəklər. Biz əlimizdə olan bütün alətlərdən istifadə edəcəyik ki, tələblərə uyğunlaşmayan şirkətlərin fəaliyyinin qarşısını alaq”, - deyə Böyük Britaniyanın biznes, energetika və sənaye strategiyası nazirinin müavini Martin Kallanan bəyan edib.
Qeyd edək ki, 2022-ci ildə Böyük Britaniyada ölkənin daşınmaz əmlak bazarı üzərindən çirkli pulların yuyulması, korrupsiya yolu ilə əldə olunan vəsaitlərin leqallaşdırılmasının qarşısını almaq üçün qanunvericiliyə dəyişiklik edilib. Dəyişiklik indiyədək anonimliyini saxlayan xarici ölkə vətəndaşları olan daşınmaz əmlak sahiblərinə 2023-cü ilin 31 yanvarınadək öz real adlarını açıqlamaq üçün müddət qoyulmuşdu. Adların və əmlakın real benefisiarlarının açıqlanması cinayət yolu ilə əldə olunan vəsaitlərin Birləşmiş Krallıqda daşınmaz əmlaka yatırılmasının qarşısını alacaq, indiyədək baş vermiş belə halların aşkarlanmasına səbəb olacaq. Böyük Britaniya hökumətinin hesablamalarına əsasən belə yatırımların həcmi 100 milyard funt sterlinqə yaxındır. Bu addımı rəsmi London Rusiyanın Ukraynaya hücumundan sonra atıb – əsas məqsəd rəsmi Moskvaya yaxın oliqarxların, Rusiyalı məmurların ölkə ərazisindəki yatırımlarını üzə çıxarmaqdır.
İndiyədək anonimlikdən vaz keçən 8,5 min əmlak sahibi şirkət öz real sahibinin fiziki, 4,5 mini isə hüquqi şəxslər olduğunu bəyan edib. Onların böyük əksəriyyəti Birciniya, Cersi, Men, Seyşel, HonqKonq və Hibraltarda qeydiyyatdan keçiblər.
Tarix: 1-02-2023, 14:08