Bu gün Qeyri-səlis məntiq və Süni-intellekt nəzəriyyəsi üzrə dünya çapında ən güclü mütəxəssislərdən sayılan professor Rafiq Əliyevin 81 yaşı tamam olur.
1942-ci ilin bu günündə Ağdamda anadan olan, hazırda dünyanın bir çox ölkələrinin məhşur universitetlərində mühazirələr oxuyan, dərslikləri uzun müddətdir metodik vəsait kimi tədris edilən Rafiq Əliyev hazırda hansı nəzəriyyə üzərində işləyir?
Dahi alim Lütfi Zadənin elmi irsinin varisi olan professor Rafiq Əliyev
Moderator.az-a açıqlamasında doğum günü təəssüratları ilə yanaşı, hazırda üzərində işlədiyi elmi çalışmalardan da danışıb. Hazırda dörd - Azərbaycan, özbək, rus, ingilis - dildə çap olunacaq kitab üzərində işlədiyini deyən elm adamı bu günümüzün süni-intellekt dünyası olduğunu xüsusi vurğulayır:
“Sevindiricidir ki, 44 günlük müharibədə torpaqlarımız azad olundu və burada əsas amillərdən biri də elmi faktorlar idi. PUA-lar, “Kamikadze”lər - hamısı süni-intellek əsasında qurulan sistemlərdir.
Özüm hazırda dünya universitetləri üçün 600-700 səhifə həcmində dərslik üzərində çalışıram. Yəqin ki, yay aylarına kimi çap oluna bilər”.
Süni-intellekt nəzəriyyəsinin dünya elmini dəyişdiyini söyləyən Rafiq Əliyev hazırda Lütfi Zadənin nəzəriyyələrini daha da genişləndirmək arzusunda olduğunu qeyd edir: “Qeyri-səlis məntiq humanitar elmlərdən tutmuş, dəqiq elmlərədək-bütün sahələri dəyişdi. Saqlığında Lütfi Zadə ilə birlikdə qeyri-səlis məntiqin genişləndirilməsi ilə bağlı fikirləşdik. Yeni nəzəriyyəyə qədər hamı deyirdi ki,hər hansı təqdim olunan informasiya yüzdəyüz düzgündür. Amma həyatda yüzdəyüz yalnız Tanrıdır. Kiməsə söz verirlər ki, sabah haradasa tədbir olacaq. Amma bunu heç kim dəqiqliklə deyə bilməz. Bu informasiyanın etibarlılıq göstəricisinin nə qədər böyük olduğunu söyləmək mümkün deyil. Hazırda Qeyri-səlis məntiq nəzəriyyəsinin inkişafı ilə bağlı Lütfi Zadənin ruhu ilə bərabər işləyirik. Nyutonla, Enşteynlə bir sırada olsa da, onun elmi yaradıcılığında yalnız iki kitabı çapdan çıxıb. Lütfi Zadə ideya generatoru idi. Əvvəlcə o, ideya verərdi, daha sonra dünya alimləri, elm adamları onun bu ideyasını inkişaf etdirərdilər. Zadə dünyasını dəyişməmişdən qabaq belə qərara gəldik ki, bir yerdə qeyri-səlis məntiq barədə kitab yazaq, tarixdə qalsın. Belə bir kitab yazdıq. Əfsus ki, özü görə bilmədi. Düzdü, bu nəzəriyyənin bir hissəsi həmin kitabda verilib. Amma elmi tərəfini inkişaf etdirmək fikrindəyəm”.
Professor təəssüflə ali mətkəblərdə qeyri-səlis məntiq nəzəriyyəsinin keçiməməsindən də şikayətləndi: “Bir-iki istisna universitetlər var ki, bunlardan başqa nə ali məktəblərdə, nə də orta məktəblərdə qeyri-məntiq nəzəriyyəsi tədris olunmur. Halbuki, dünya universitetlərində riyazi elmlər olmasa da, psixologiyada, biznesdə, xüsusən iqtisadiyyatda qeyri-səlis məntiq yanaşmaları xüsusi tədris edilir. Dünya universitetlərinin böyük əksəriyyətində mənim Lütfi Zadə ilə yazdığım, həmçinin, şəxsən özümə aid dərsliklər dərs vəsaiti kimi öyrənilir. Yaponiyada, Çində, Cənubi Koreyada qeyri-səlis məntiq dərsləri keçirilir. Kitablar da çap ediblər. Yeni sivilizasiya ilə gedəcəyiksə, bilməliyik ki, o qeyri-səlis məntiq nəzəriyyəsi ilə davam edəcək. Ona görə də gənc nəsli bu təfəkkürdə böyütməliyik. Ən böyük arzum budur ki, orta məktəblərdə və ali məktəblərdə qeyri-səlis məntiq və onun tətbiqi dərs vəsaitlərinə salınsın. Bu arzum hamıya bir ismarıcım olsun”.
Tarix: 10-02-2023, 21:21