Ukrayna Ali Radasının bir qrup deputatı, o cümlədən hakim “Xalqın xidmətçisi” partiyasının deputatları parlamentə 8 Mart - Beynəlxalq Qadınlar, 1 May-Beynəlxalq Əmək və 9 May - Qələbə günlərinin qeyd olunmasından imtina ilə bağlı qanun layihəsi təqdim ediblər.Layihədə fevralın 25-də Ukrayna Qadını Gününün təsis edilməsi və rəsmi istirahət günü olması təklif edilib. Bu tarix ukraynalı şairə Lesya Ukrainkanın doğum günü şərəfinə seçilib.
Həmçinin 1 May Əmək Günü və 9 May Qələbə Gününün ləğv edilməsi, əvəzinə yalnız 8 Mayda Anım və Barışıq Gününün qeyd edilməsi təklif olunur.
Qeyd edək ki, SSRİ-ni simvolizə edən 1 May və Qələbə günlərini keçmiş ittifaq ölkələri daha əvvəllər ləğv ediblər. Baltikyanı ölkələrdə artıq bu günlər qeyd edilmir. Azərbaycanda da 1 May çoxdan ləğv olunub.
Başıbəlalı 8 martla bağlı isə hər il müzakirələr açılır, münasibətlər, rəylər birmənalı deyil. 9 Mayı isə biz artıq Qələbə Günü adlandırmırıq, Faşizm üzərində qələbə günü kimi təqdim edirik. Azərbaycanın öz Qələbə günü var - 8 noyabr Zəfər Günü.
Azərbaycandan soveti, sosializmi simvolizə edən günlərlə bağlı baxış necədir? Həmin günləri biz də ləğv etməliyik, yoxsa tarix olaraq qalmalıdır?
Fazil Mustafa: “Gələcəkdə bölgədəki vəziyyətdən asılı olaraq bu istiqamətdə addımlar atmaq olar”Millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında məsələyə radikal münasibətin lehinə olmadığını qeyd etdi. O bildirdi ki, faşizm üzərində qələbə ümumtarixin bir hissəsidir: “Bu məsələ müxtəlif çevrələrdə müzakirə olunsa da, digər faktorları da-keçmiş tarixi, həmrəylik məsələlərini nəzərə alaraq hələlik bu addımların atılması zəruri deyil. Xüsusilə indiki vəziyyətdə buna ehtiyac yoxdur. Gələcəkdə bölgədəki vəziyyətdən asılı olaraq bu istiqamətdə addımlar atmaq olar. 8 mart qadınları əhatə edən, qadın hüquqlarının gündəmə gəldiyi bayramdır, heç bir zərəri yoxdur. Digər tərəfdən, faşizm üzərində qələbə bütövlükdə faşizm elementlərinə qarşı dövlətin mövqeyini əks etdirir, müharibədə iştirak etmiş insanlara hörməti əhatə edən addımdır. Hələlik bu məsələlərə diqqət yetirilməsi siyasi cəhətdən də doğru deyil”.
Tofiq Mustafazadə: “Qələbə gününü ləğv etməyi düşünürüksə, o zaman Bakının rolundan danışmağa ehtiyac qalmır”Tarix üzrə elmlər doktoru, professor Tofiq Mustafazadə də hesab edir ki, özəl günlərin qeyd edilib-edilməməsinə yanaşma sərt, prinsipial olmamalıdır: “Biz 23 fevraldan çoxdan imtina etmişik. Qələbə günü isə ləğv edilməməlidir. II Dünya müharibəsində 600 min azərbaycanlı iştirak edib, təxminən 300 min nəfər həlak olub. Biz Ukraynanın etdiklərini təkrar etməliyik. Düşünürəm ki, onlar ifrata varırlar. Baltikyanı ölkələr bu günlərdən imtina ediblər. Biz deyirik ki, qələbənin əldə olunmasında Bakının çox böyük rolu olub. Əgər qələbə gününü ləğv etməyi düşünürüksə, o zaman Bakının rolundan danışmağa ehtiyac qalmır. Məsələyə konkret yanaşma olmalıdır. Elə bu sovetə aiddir deyib hər şeyin üstündən xətt çəkib atmaq olmaz. Hesab edirəm ki, Azərbaycan hökumətinin özəl günlərlə bağlı mövqeyi doğrudur. O ki qaldı 8 marta, bu, SSRİ dövründə yaranmış, yaxud sovetlərə deyil, daha əvvəlki dövrə aid bayramdır. Bu günlə bağlı zamanında mübarizə olmuşdu ki, ilk Avropada qeyd olunmağa başlayıb. Rəsmi surətdə Türkiyədə qeyd olunmasa da, əhali küçələrə çıxır, müəyyən tələblər irəli sürürlər. Qadınlar günüdür, burada pis nə var ki? Ümumiyyətlə, tarixi günlərin qeyd olunması prinsipial məsələ olmasa da, saxlanması yaxşı olar, çünki işləyənlər üçün əlavə qeyri-iş günüdür”.