Şüşə qutunu avro ilə dolduranlar


 
 
2015-ci ilin iyun ayının 2-si idi, bir qrup jurnalist İtaliyanın Milan şəhərindəki EKSPO sərgisinə getmişdik.
100-dən artıq ölkənin pavilyonlarının yerləşdiyi şəhərcikdə gəzirdik. Öz-özümüzə deyirdik, işə baxın, bizim pavilyonda şirniyyat, sərinlşdirici içkilər (milli şərbət) ziyarətçilərə müftə paylandığı halda, Hollandiya, Çexiya, Polşa, Danimarka kimi ölkələrin pavilyonlarında pivəni pulla satır, mədəniyyət sərgisində pul qazanırlar.
Beləcə, pavilyon-pavilyon gəzməkdəykən. birdən gözümüzə qarşı-qarşıya tikilmiş pavilyonların ortasında qoyulmuş akvarium sataşdı. Yekə bir şey idi. İçinə su doldursa, bəlkə iki tondan çox maye tutardı. Uzaqdan baxanda əvvəlcə elə bildim, akvariumda balıq-zad var. Yaxınlaşdım, gördüm, nə balıq, akvariumun içi dollar və avro ilə doludur. Kağız pullardan əlavə çoxlu 1-2 avroluq sikkələr də vardı, şüşə qutu yarısınacan pulla doluydu.
Məlum oldu ki, bu, Nepalda baş verən dəhşətli zəlzələdən zərərçəkənlər ə yardım toplamaq üçün nəzərdə tutulub və EKSPO ziyarətçiləri öz ianələrini bu qutuya salırlar. Biz də holland pivəsindən kəsdiyimiz 2 avroluq sikkələri qutuya salası olduq.
img1829783.jpg (20 KB)
Şəkil çəkməkdəydik ki, avropoid irqinə mənsub, 70-75 yaşlı iki qadın şüşə qutuya yaxınlaşdı. İkisi də çantalarından kağız pullar (avro) çıxarıb qutuya saldı. Aralanmaq istəyəndə biri yenidən ayaq saxladı, sifətində dərin üzüntü ifadəsi ilə yenə çantasını eşələdi, daha bir əskinas çıxararaq akvariumun dəliyindən içəri keçirdi, ardınca çantasındakı bütün sikkələri qutuya doldurdu. Bu olay 1-2 metrliyimdə olduğundan bu xeyirxah nənənin şəklini çəkdim, hansı ölkədən olduğunu soruşdum, İsveçrədən gəldiyini dedi, adı da Alis idi.
İlk baxışdan əhəmiyyətsiz bir şey kimi görünə bilər. Amma düşünəndə ki, dünyanın o başında baş vermiş təbii fəlakətdə faciə yaşayan insanlara görə dünyanın ən firavan ölkəsində yaşayan, sinninin o vaxtında Avropa turnesinə çıxacaq qədər maddi imkanı olan təqaüdçü bir qadın üzüntü duyur və bir az əvvəl qutuya atdığı ianənin az olduğunu düşünərək, ona əlavələr edir, bu, xırda söhbət deyil. Bu, insanlığın, duyarlılığın tablosudur.
Məşhur ifadə ilə desək, dünya məhz belə yaxşı insanların sayəsində öz oxu ətrafında fırlanır. Acgözlərə, tamahkarlara qalsaydı, dünyanın oxunu çıxarıb yeyərdilər, dəmirdəndirsə, köhnə difer kimi metalloloma satardılar.
Budur, qardaş Türkiyədə və dindaş Suriyada dağıdıcı təbii fəlakət baş verib, on minlərlə ölən, 100 mindən artıq yaralanan, 1 milyondan artıq zərərçəkən var və region dövlətləri, dünya ölkələri yardım edirlər. Biz də dövlət və xalq olaraq bu yardım kampaniyasına qoşulmuşuq. O biri ölkələrdən fərqli olaraq bizim bu kampaniyada iştirakımız da fərqlidir, duyduğumuz üzüntü də. Bu, bizim öz zəlzələmizdir.
Baxaq, görək, o vaxt Nepalda baş verən zəlzələdə zərərçəkənlərə yardım etmişdikmi? Məncə, etməmişdik. Bəlkə də çoxumuzun xəbəri belə olmamışdı, eləcə, dünya xəbərləri bülletenində eşitmişdik (və ya oxumuşduq) ki, Nepalda zəlzələ olub, filan qədər adam ölüb.
Bu yazını yazanda axtarış verdim, məlum oldu ki, 2015-ci ildə Nepalda baş verən 7.8 ballıq zəlzələdə 7 mindən çox adam ölüb. Hələ zəlzələ Everest zirvəsini necə tərpədibsə, qar uçqunu yaranıb, 19 nəfər də qar kütləsinin altında qalaraq ölüb.
Biz isə bu faciəni, yuxarıda dediyim kimi, yalnız adi dünya xəbəri kimi qəbul etmişik, 7 min insanın faciəsini ürəyimizə salmamışıq.
İndi Türkiyədə baş verən zəlzələ də, yəqin ki, Nepalda, Peruda, Vanuatuda, nə bilim, Dominikanda yaşayanların vecinə deyil. Onlar zəlzələ baş verən gün, fevralın 6-da yayılan müvafiq xəbərlərlə tanış olublar, qurtarıb gedib. Necə deyərlər, od düşdüyü yeri yandırar.
Heç burdan-bura Suriyaya yardım əlimizi uzada bilmədik, eləcə, Türkiyəyə kilidləndik. Gücümüz buna çatır.
Dünyanın işi belədir: fəlakət üz verəndə yardıma qonşular və qohumlar gəlir. Uzaq yerlərin adamları yüngülvari üzüntü duya bilərlər, amma heç kəs nə onu ürəyinə salacaq, nə də əlini cibinə, çantasına. Hamı isveçrəli Alis nənə deyil ki.
Orası da var ki, Milandakı şüşə qutunu avropalı turistlər pulla doldurmuşdular. Görünür, oralarda Alis kimi nənələr çoxdur.
Samir SARI
Tarix: 16-02-2023, 11:26
Xəbəri paylaş





Xəbər lenti