Adıçəkilən avtomobil klassik ikiqapılı "170 B" modelidir, məhdud buraxılışdır, benzin mühərriki ilə çalışır.Altı il əvvəl Sumqayıt sakini Teymur Məmmədova vaxtilə Hitlerin generallarından birinə məxsus 1938-ci il istehsalı olan "Mercedes-Benz" markalı avtomobil hədiyyə edilib.
Məmmədovun "Sputnik Azərbaycan"a verdiyi məlumata görə, həmin avtomobil 1970-ci ildə dostu Heydər Əhədovun atası tərəfindən Bakıya gətirilib. Bu, klassik ikiqapılı "170 B" modelidir, məhdud buraxılışdır, benzin mühərriki ilə çalışır.
Adıçəkilən avtomobil İlk dəfə 1936-cı ildə Berlində keçirilən Beynəlxalq Avtomobil Sərgisində təqdim edilib. 1942-ci ilə qədər zavod bu modeldən cəmi 7506 ədəd istehsal edib. İkinci Dünya Müharibəsi illərində onların istehsalı əhəmiyyətli dərəcədə azalıb, çünki Almaniya polad sənayesi yalnız hərbi sifarişlər üçün işləyirdi. Müharibədən sonra bu model yenidən Avropada ən çox satılan avtomobil olub.
"Hal-hazırda bu maşından 6 ədəd qalıb dünyada. 1970-ci ildə rəhmətlik Heydər kişi maşını necə gətirib, nə cür gətirib, onu deyə bilmərəm. Bu, Almaniyada Hitlerin generallarından birinin maşını olub, o istifadə edib. Rəhmətlik Heydər kişi sağ ikən, həmin insanlardan gəlmişdilər arxasınca – bu maşını aparmaq üçün, verməmişdi Heydər kişi. Onun oğlu Vəfadar da mənimlə dostdur. O, mənə bu maşını hədiyyə edib. Mənim əlavə retro maşınlarım var idi, "Moskviç"im var idi – "412", "QAZ-21"im var idi – "Volqa", onları satmışam, bu maşınım durur", - deyə Məmmədov bildirib.
O, nadir "Mercedes-Benz" markalı avtomobilin bərpasına 200 min manata yaxın pul xərcləyib. Beş il sürən təmir işlərində xaricdən gətirilən orijinal ehtiyat hissələrindən istifadə olunub.
"Bu maşın mənim üçün çox əzizdir. Onun xüsusi qulluqa ehtiyacı var, onun təmiri üçün evimi satdım. Bu "Mercedes-Benz" dəfələrlə toy kortejlərində istifadə olunub, kliplərə çəkilib. Hazırda isə maddi problemlərim var, ona görə də onu satmalıyam. Maşının qiyməti 850 min dollar, yəni 1,5 milyon manatdır", - deyə Məmmədov bildirib.
Tarix: 18-02-2023, 22:24