Zəlzələ yaradan kosmik silahlar – bitməyən iddialar: xülya yoxsa...


 
 
Türkiyədəki əsrin zəlzələsindən 15 gün ötsə də, dağıdıcı yeraltı təkanların səbəbləri ilə bağlı polemikalar, fərziyə və iddialar bitmir. Bu da insanlarda fərqli assosiasiyalar, hətta narahatlıq və qorxu yaradır.
Bu dəfə Türkiyə Kosmik Agentliyinin rəhbəri Serdar Yıldırım iddia edib ki, kosmosda yerləşdirilən və 7-8 bal gücündə süni zəlzələlər yarada bilən silah mövcuddur.
Yıldırım belə silahın necə hazırlandığını gördüyünü də söyləyib. O bildirib ki, süni zəlzələlər yaradan silah zahirən elektrik dirəklərinə bənzəyən iti uclu titan ərintisindən hazırlanmış çubuqlarla Yerə bir növ “atəş açır”. Onların uzunluğu 8-10 metrdir. Yerə düşən bu çubuqlar beş kilometr dərinliyə batır və yeraltı təkanlara səbəb olur.
Məxsusi qeyd edək ki, bunu söyləyən sıradan biri deyil, hərbi sənayenin mühüm bir sahəsinə rəhbərik edən şəxsdir. Belə bir şey mümkünmü?

Ənvər Əliyev: “İstəyirsən, yer qabığının min kilometrliyinə də nüfuz edilsin, o boyda qüvvəni yaratmaq mümkün deyil”
Ekoloq-seysmoloq Ənvər Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a bu iddia ilə razılaşmadı. O dedi ki, əgər belə bir silah varsa, başqa platformalarda niyə yaratmırlar: “Misal üçün Ərəbistan yarımadasında, Afrikanın mərkəzində niyə süni zəlzələ yaratmırlar?! Nə oldu, ancaq elə seysmik zonalarda zəlzələ yaradırlar?! İstəyirsən, yer qabığının min kilometrliyinə də nüfuz edilsin, o boyda qüvvəni yaratmaq mümkün deyil. Bu fantastik bir qüvvədir.  Yüzlərlə, minlərlə atom bombasının qüvvəsinə bərabərdir. Yaponiyadakı 9 ballıq zəlzələ Heroşimanın bombardlanmasından minlərlə dəfə çoxdur. Yaxşı, bu enerji haradan alınıb? Enerji olmasa, hərəkət olar? İnsanlar bu nağıllara gərək qulaq asmasınlar. Bu bilirsiniz nəyə oxşayır. Elə bil kimsə deyir ki, o biri dünyadan adam gəlib, axşam mətbuat konfransı verəcək. Bu iddia mütəxəssis rəyi əsasında hazırlanmayıb. Bu mümkün deyil. Yerin daxilində olan enerjinin 10 faizi 6 min mərkəzdə, nüvədə olan enerji günəş enerjisindən qat-qat çoxdur”.

Cəlil Xəlilov: “Türkiyə NATO blokunun üzvüdür, inanmıram buna əl atsınlar”
Hərbi ekspert, polkovnik da məsələ ilə bağlı “Yeni Müsavat”a dedi ki, süni silah bu cür böyük tələfatlara səbəb olacaq zəlzələ törədə bilməz: “Onlar kiçik bir binanın, müəyyən bir obyektin dağıdılmasına gətirib çıxara bilər. Bu həcmdə fəlakətin baş verməsi inandırıcı deyil. Başqa dövlətlərlə də, Amerikanın Türkiyə ilə gərginliyi də olmayıb. Müəyyən qədər mübahisələr olur, söz-söhbətlər olur, müəyyən məsələlərdə fikir ayrılığı ola bilir. Amma Türkiyə Amerika arasında bu dərəcəyə gətirib çatdıran münaqişə olmayıb ki, buna əl atsınlar. Həm də Türkiyə Amerikanın  müttəfiqidir. Türkiyə NATO blokunun üzvüdür. Bunlar inanmıram ki, belə bir şeylərə əl atsınlar. Bu məlumatlar inandırıcı deyil. Bu sahənin mütəxəssisi deyiləm, amma onu deyə bilərəm ki, bu qədər böyük ərazinin dağıdılması yerə atəş açmaqla mümkün deyil. Bir-iki binanı edə bilərlər, amma bu cür böyük bir ərazini təhlükədə qoymaqla elmi nəticəyə gəlmək mümkün deyil”.

Alp Arslan İmamquliyev: “Bununla bağlı beynəlxalq səviyyədə araşdırma aparılmalıdır”
Hərbi ekspert Alp Arslan İmamquliyev də “Yeni Müsavat”a  dedi ki, bu kifayət qədər ciddi bir mesajdır: “Bu istiqamətdə bir sıra fikir yürüdənlər var idi. Amma bununla əlaqəli Türkiyənin səlahiyyətli dairələrindən hər hansı fikir görməmişdim. Türkiyədə mühüm sayıla biləcək bir şəxsin bu haqda fikir bildirməsi o deməkdir ki, bu məsələni ciddi araşdırmaq lazımdır. Hazırda yüksək texnoloji vasitələr imkan verir ki, uzaqdan süni zəlzələlər həyata keçirilə bilsin. Amma bunun neçə bal gücündə keçirilə bilməsi, bunun mümkünlüyü sirr olaraq qalmaqdadır. Müxtəlif fikir yürüdürlər ki, 3-4 baldan yuxarı bunu həyata keçirmək mümkün deyil. ABŞ-nın əlində olan hərbi silahları da imkan verər ki, əməliyyatlar bu şəkildə həyata keçirilsin. Amma bunu iddia etmək çətindir. Bu, beynəlxalq araşdırmanın aparılması və bu sahə ilə əlaqəsi olan şəxslər tərəfindən rəylərin verilməsi ilə mümkün ola bilər”.
Yeri gəlmişkən, Yunanıstanın iki alimi seysmik aktivliyin tarixini qiymətləndirərək, yaxın vaxtlarda ölkəni Rixter şkalası üzrə 8,5 maqnitudada zəlzələnin gözlədiyini bildiriblər. Professorlar Konstantinos Sinolakis və Kostas Papazakos Türkiyə və Suriyada baş verən silsilə zəlzələlərin şəraitini araşdırıblar. Yerli MEGA telekanalının efirində Sinolakis bildirib ki, Yunanıstanı da güclü seysmik aktivlik gözləyə bilər. O, Yunanıstanda güclü zəlzələlərin hər 600 ildə bir dəfə baş verdiyinə diqqət çəkib. “Kritdə sonuncu güclü zəlzələ 1403-cü ildə baş verib və mənim hesablamalarıma görə, belə zəlzələlər hər 600-800 ildən bir baş verir. Biz artıq Rixter şkalası üzrə təxminən 8,5 maqnitudada zəlzələnin astanasındayıq”, - Sinolakis bildirib. Alimin sözlərini onun həmkarı, Salonikidəki Aristotel Universitetinin seysmologiya professoru Kostas Papazakos da təsdiqləyib. O, Yunanıstanda baş verən zəlzələlərin dövriliyini vurğulasa da, bildirib ki, növbəti fəlakətin dəqiq vaxtını proqnozlaşdırmaq mümkün deyil. Hər iki alim razılaşıb ki, onların proqnozları gələcəkdən xəbər vermə kimi qəbul edilməməlidir. Daha doğrusu, bu, əhalini mümkün problemlərə hazırlamağa vaxt tapması üçün hakimiyyətin diqqət etməli olduğu xəbərdarlıqdır.
Türkiyədən sonra dünyanın bir çox ölkəsində zəlzələlərin olması insanlar arasında müxtəlif iddiaların ortaya çıxmasına səbəb olub. Zəlzələnin süni şəkildə yaradılması iddiası ilə bərabər dünyanın sonunun gəldiyini deyənlər də az olmadı.

 
Zəlzələnin süni yaradılması iddiasına qarşı çıxan siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev “Yeni Müsavat”a bununla bağlı yanlış fikirlərin formalaşdığını dedi: “Türkiyədə, Cənubi Azərbaycanda baş verən zəlzələ, fevralın 1-dən 2-nə keçən gecə səmada yaşıl kometanın keçməsi, dünyanın müxtəlif yerlərdə baş verən təbiət hadisələrinin qiyamət günü və  islam inancına görə İmam Mehdi (ə)nin  gəlməsinə bağlamaq düz deyil. İran mollalarının oyununa gəlməyin. Bu informasiya İrandan qaynaqlanır və ciddi deyil. Türkiyədə baş verən zəlzələ təbiət hadisəsidir və torpaq oyanıb, bunun ardınca dünyanın müxtəlif ölkələrində vulkanlar oyanacaq, dənizlər və çaylar oyanacaq. Bəzi anomal havalar ilə rastlaşacaq, bəzi təbiət hadisələrinin şahidi olacağıq. Bu o demək deyil ki, əziz dindar dostlarım Mehdi (ə) zühur edib, yaxud qiyamət günü yaxındır. Xüsusilə, baxıram “Tik Tok”, “İnstagram”, “Facebook” və bəzi media saytlarında yaşıl kometanın zəlzələyə səbəb olduğu, yaxud Mehdi (Ə) doğulması ilə bağlı yüzlərlə yazı, foto və video paylaşılır. Bu səma cismini hər hansı dini hadisə ilə əlaqələndirməyə gəlincə, bu cür düşüncələrin dini və elmi əsası yoxdur. Səmada Yerdən çox uzaq məsafədə, adi gözlə çətin görünən bir kometin mövcudluğu nə dünyanın sonuna, nə də İmam Mehdinin (ə) zühuruna əlamət kimi yozula bilməz. Zühur əlamətləri haqqında mövcud olan hədislərdə belə bir zəif səma cisminin görünəcəyi qeyd edilməyib. Kometin görünməsi kimi sırf astronomik hadisələri apokaliptik anlayışlara bağlamaq düzgün deyil. Onun yaşıl olmasının da islama aidiyyəti yoxdur. Kometanın nüvəsi ətrafındakı qaz və toz buludu - kölgəsinə görə “yaşıl kometa” adlandırıblar. Bu kimya məsələsidir. Kometalar nüvə və komadan ibarətdir. Kometanın nüvəsi əsasən donmuş su və az miqdarda toz olan digər uçucu birləşmələrdən ibarətdir. Günəşə yaxınlaşdıqda buz buxarlanmağa başlayır və kometa koma ilə əhatə olunur - qaz və toz buludu - və bu günəş işığı altında kometanın görünməsini artırır”.
Ekspert əlavə edib ki, zəlzələ sırf tektonik hadisədir və bu da qiyamət günü və Mehdi (ə) zühuru ilə bağlı deyil: “Təkrar edirəm 2023-cü il torpaq, su və havanın oyanmasına təkan verəcək. Səbəb isə planetin tarazlığını dünya dövlətlərinin qorumamasıdır.  Nüvə sınaqları, ağır silahlardan istifadə, ekologiyanın pozulması, Şimal qütbünün istiləşməsi, dəniz və okeanında kimyəvi silahların sınaqdan keçirilməsi, ağacların kütləvi kəsilməsi və bu kimi faktlar torpaq, su və havanın balansını dəyişib. Burda möcüzə axtarmağa dəyməz...”
Dosent tektonik silah barədə də danışıb: “Tektonik silah dünyanın geoloji quruluşuna müdaxilə edərək müəyyən bir bölgədə zəlzələ, vulkan və bu kimi təbii fəlakətlər yarada bilən modern silah növüdür.  Bu silah ilk dəfə 1992-ci ildə Aleksey Nikolayev tərəfindən ideya olaraq səsləndirilib. Rus alimi belə ideya sürüb ki, dünyanın dərin qatlarında yığılmış enerjini seysmik dalğalarla yönləndirərək, güclü zəlzələlər yaratmaq mümkün ola bilər. Amma bunun üçün Yer üzündə o dalğalara təsir edəcək enerji mövcud deyil. Hətta nüvə reaktoru belə bu enerjini verəcək gücdə deyil. Yerin daxilində olan yığılmış enerjilər sadə dillə desək, Yerin damarına neçə milyon voltluq enerji lazımdır ki, ötürüslün, yeraltı təkan baş versin. Hazırda dünyada belə enerji verəcək güc yoxdur. Elmin “peyğəmbəri” Nikola Tesla belə enerjini yaratmaq və dünyanı pulsuz və fasiləsiz elektrik ilə təmin etmək üçün layihə üzərində işləsə də, Rotşild ailəsi, Rokfekler ailəsi və digərləri ona mane oldular. O gündən bəri dünyada fizika ilə məşğul olan ən dəyərli alimlərə müharibə elan edildi. 1940-cı ildən bu günə qədər yüzlərlə böyük elmi işlər aparan fiziklər məhv edilib. Amerikalılar isə 2000-ci ilin əvvəllərində tektonik silah olan HARP yaratdıqlarını elan etsələr də, onun gücü çox zəifdir. Şəxsən özüm bu barədə ciddi sənədlər oxumuşam. Belə silah var. Amma o, Rixter cədvəli üzrə maksimum 3 bal gücündə silkələnmə yarada bilər. Amma uzaq məsafələrdə yox”.
Tarix: 21-02-2023, 18:39
Xəbəri paylaş





Xəbər lenti