“Qeyb” sözü dini terminologiyada “insanın haqqında ağıl və hisslər yolu ilə məlumat əldə edə bilmədiyi varlıq aləmi” mənasında işlədilir. İslam inancına görə qeybi bilmək ancaq Allaha məxsusdur və qeybi Allahdan başqa heç kəs bilə bilməz. Qeyb aləmi ilə bağlı mövzu bu qədər açıq və qəti olmasına baxmayaraq təəssüf ki, gündəlik həyatda başqa bir mənzərə ilə qarşılaşırıq.İnsan yaradılış olaraq həmişə bilinməyən və görünməyənə, özü üçün məchul olana daim maraq göstərmişdir. İnsanın qeybə dair məlumatlar əldə etmək istəyi vəhy və peyğəmbərlər vasitəsilə müəyyən qədər qarşılanmışdır. Ancaq insan üçün tamamilə açılmadığı üçün (açılsaydı qeyb olmazdı) bir çox insan tərəfindən qeyb aləmi istismar edilmişdir. Buna bariz nümunə olaraq tarixin ilk dövrlərindən ta günümüzə qədər insanlara qeybdən xəbər verdiklərini iddia edərək cəmiyyətdə diqqəti özlərinə cəlb etməyə çalışan falçılar, sehrbazlar, astroloq və ya ekstrasenslər və s. kimi tipləri göstərmək olar.
Həzrət Peyğəmbərimiz (s.ə.s) Cənab Allahın (c.c) ən sevimli bəndəsi olsa da, Quranda onun haqqında belə buyurulmuşdur: “(Ya Peyğəmbər!) De: “Allahın diləməsi istisna olmaqla, mən özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, əlbəttə, daha çox xeyir iş görmək istərdim və mənə heç bir zərər toxunmazdı. Mən, sadəcə olaraq iman gətirən bir qövmü xəbərdar edən və müjdələyən bir peyğəmbərəm” (Əraf, 7/188).
Həmçinin Quranda qeybi bilənin yalnız Allah olduğu tez-tez təkrarlanır və Allahdan başqa heç bir varlığın qeybi bilməyəcəyi açıq şəkildə ifadə edilir:
“Qeybin açarları Allahın yanındadır. Ondan başqası onları bilə bilməz. O, quruda və dənizdə nə varsa, hamısını bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin qaranlıqları içindəki toxum və yaş, quru nə varsa, hamısı açıq-aydın bir kitabdadır (lövhi-məhfuzdadır)” (Ənam, 6/59).
“…Siz qeybi də, aşkarı da bilən Allahın hüzuruna qaytarılacaqsınız. O, etdiyiniz əməlləri sizə xəbər verəcəkdir”.(Tövbə, 9/105).
“Allah qeybi də, aşkarı da biləndir, böyükdür, ucadır!” (Rad, 13/9).
“(Ya Rəsulum!) De: “Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz! Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər!” (Nəml, 27/65).
Peyğəmbərimiz (s.ə.s) də qeybdən xəbər verənə inanan şəxsin qırx gün namazının qəbul olunmayacağını və Allah Rəsuluna (s.ə.s) endiriləni (yəni Quranı) inkar etmiş olacağını bildirərək ciddi xəbərdarlıq etmişdir (Müslim, “Salam”, 125; İbn Macə, “Təharət”, 102).
Mövzu ilə bağlı Quran ayələri və Peyğəmbərimizin (s.ə.s) buyuruqlarına diqqətlə nəzər yetirəndə görərik ki, bir şeyin Allah (c.c) qatındakı və ya axirətdəki halını, yəni mütləq mənada qeyblə bağlı bilgini yalnız Allah (c.c) bilə bilər. Nisbi mənada qeyblə bağlı bilgilər də vardır ki, bunlar isə Allahın (c.c) icazə verdiyi ölçüdə insanlar tərəfindən də bilinə bilər.
Elmi olmayanlar üçün qeyb hökmündə olan məlumatlar elmi olanlar üçün qeyb hesab edilməz. Məhz bu qəbildən bilgilərə nisbi qeyb deyilir. Mələklərin bilib insanların bimədiyi, ya da insanlardan bir qisminin bilib digərlərinin bilmədiyi məlumatları buna misal göstərə bilərik. Etiqadla əlaqəli, həmçinin varlığı və mahiyyəti ilə bağlı əqli və nəqli dəlilləri olan, lakin hisslərlə dərk oluna bilməyən məsələlər də qeybi məlumatlara daxildir. İslam dini insanın qeyb aləminə olan marağını təmin edəcək əsas məlumatları Peyğəmbər (s.ə.s) vasitəsilə bildirmiş, bu məlumatlara inanmağı imanın əsası etmişdir.
Bununla belə, İslam dini insanın qeyb aləmi ilə bağlı maraq və xəyal dünyasının Peyğəmbərlərin bildirdikləri ilə məhdudlaşmayacağını, insanların vəhyin qeyb aləmindən xəbər verdiyindən kənarda başqa məlumatların da axtarışına düşəcəyini nəzərə alaraq bəzi prinsiplər ortaya qoymuşdur. Onlardan biri budur ki, qeybi Allahdan (c.c) başqa heç kəs bilə bilməz. Bu prinsip gələcəkdən xəbər verdiklərini iddia edən şəxslərdən insanları çəkindirmək, qeybdən xəbər gətirdiklərini söyləyən falçı, sehrbaz və s. kimi tiplərdən insanları uzaqlaşdırmaq üçündür. Çünki qeybi bilmək iddiası dini baxımdan düzgün deyil, insanların cəhalət və zəifliklərindən istifadə etməkdir və buna inanmaq, belə insanlardan kömək istəmək İslam əqidəsinə ziddir.
Lakin məlum bir həqiqətdir ki, cəmiyyətimizdə qeybdən xəbər verdiyini deyən, hətta bunu açıq şəkildə iddia edən şəxslər din haqqında kifayət qədər məlumatı olmayan, maddi və ya mənəvi sıxıntı və ehtiyac içindəki kütlələri amansızcasına istismar edirlər. Ekstrasens və ya falçıların yanına gedən, onlardan mədət uman insanların təhsil səviyyələrinin, sosial durumlarının cəmiyyətin orta səviyyəsindən xeyli yuxarı olması onu göstərir ki, problem müasir elmi biliklərin yoxluğunda deyil, həqiqi dini bilik və şüurun olmamasından qaynaqlanır.
Məlumdur ki, bu cür tendesiyalar qərb ölkələrində də kifayət qədər çoxdur. Bunun qarşısını almağın yeganə yolu İslam dinini düzgün öyrənmək və öyrətməkdir. Dinin varlıq aləmi, dünya, ölüm və axirətlə bağlı izahları insanları bu cür özlərinə köməyi olmayan tiplərin qapısına getməkdən, onlardan mədət ummaqdan qoruyacaq qədər güclüdür.
Qeyd: Yazının hazırlanmasında “Diyanet Vakfı İlmihali”
əsərindən istifadə edilmişdir.