“Vəhşi Klara” haqda nələri bilirik? - 8 Martın banisinin şəxsi həyatı, sevgi romanları...


1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində İlk Beynəlxalq Qadınlar Yığıncağında (Beynəlxalq Sosialist Qadınlar Konfransı) Almaniya İctimai Demokrat Partiyası liderlərindən Klara Setkin 8 martın Dünya Qadınlar Günü kimi qeyd olunması təklifini verdi və təklif qəbul edildi.
Beynəlxalq Qadınlar Günü ideyasının müəllifi olan bu xanım inqilab ideyalarının qorunmasında kompromisə getməməsinə və sərt xasiyyətinə görə "Vəhşi Klara" ləqəbini alıb. Lakin sosializmin qələbəsi onun yeganə arzusu deyildi. "Qadın məsələsinin" həllində radikallığı ilə seçilən aktivist xanım azad sevgi uğrunda mübarizə apararaq, bu ideyaları öz həyatında da yaşayır.
Klara Eysner gəncliyində romantik yazıçıların əsərlərini oxuyur, sevimli şairlərinin şeirlərini əzbərdən bilirdi. İlk dəfə o, təhsil alarkən aşiq olur. Seçdiyi şəxs məşhur aktyor idi, hansı ki, Klaranın mövcudluğundan çətin ki xəbəri vardı. Leypsiqdə özəl pedaqoji məktəbin müəllimləri ümid edirdilər ki, onların məzunu 18 yaşlı Klara Eysner müəllimlik sənəti ilə məşğul olacaq. Amma məktəbi bitirdikdən sonra qız Sosial Demokrat Partiyasına qoşulur və aktiv siyasi fəaliyyətlə məşğul olmağa başlayır. Valideynləri hadisələrin bu cür dönüşündən dəhşət içində idilər, hətta onu ev dustağı etmək istəyirdilər, lakin qız "ipə-sapa yatmırdı". Həmin vaxt o, Odessadan olan mühacir, bərabərlik və qardaşlıq ideyalarını təlqin edən Osip Setkinin təsiri altına düşmüşdü.
Hər ikisi inqilabi mübarizəyə aludə olmuş, sosializm haqqında arzularını bölüşür, gizli toplantılar və mitinqlərə baş çəkirdilər. Əvvəlcə yalnız dostluq onları birləşdirirdi, tezliklə isə Osip ona sevgi etirafı edir. 1880-ci ildə Osipi Almaniyadan sürgün edirlər və 23 yaşlı aktivist xanım da ölkədən getməyi qərara alır. O, sevgilisi ilə Fransada məskunlaşmaq istəyirdi, lakin ona Avstriya və İsveçrədə partiya tapşırıqlarını yerinə yetirmək tapşırıldı. Yalnız 2 ildən sonra Klara Parisə gedə bilir.
Onlar heç vaxt rəsmi nikahda olmayıblar, amma Klara Osipin soyadını götürür və ondan iki uşaq dünyaya gətirir. Onların maddi vəziyyəti çox mürəkkəb idi, ona görə də Klaraya 3 işdə çalışmaq lazım gəlirdi, amma o çətinliklər qarşısında heç vaxt təslim olmadı. Çox keçmir ki, Klara qadın işləri üzrə təşkilat yaradır və bəyan edir: "Bu vaxta qədər qadın ailədə tabeçilikdə idi. Halbuki, kişi və qadın bir-birini qarşılıqlı surətdə zənginləşdirən bərabər hüquqlara malik olmalıdırlar. Ər də, arvad da uşaqların tərbiyəsində eyni cavabdehlik daşıyırlar". Beləliklə 1910-cu il martın 8-i Klara Setkin Beynəlxalq Qadınlar Gününü təsis etməyi təklif edir.
Klaranın 32 yaşı olanda Osip qəflətən vərəmdən dünyasını dəyişir və qadın uşaqlarla birlikdə Almaniyaya qayıtmaq qərarına gəlir. Vətənində o, cinslərin hüquqlarının bərabərliyi uğrunda mübarizəsini davam etdirir və qadınlar üçün nəzərdə tutulan sosial demokrat qəzetinin redaktoru olur. 36 yaşında aktivist xanım 18 yaşlı rəssam Georq Sundellə rastlaşır və ona dəlicəsinə aşiq olur. Onlar evlənirlər və təxminən 20 il birlikdə yaşayırlar. Sonradan Georq qonşu cavan qıza vurularaq Klaranı tərk edir.
1907-ci ildə Klaranın 22 yaşlı oğlu anasının tərəfdaşı Roza Lüksemburq ilə evlənmək istədiyini bildirir. Roza Klaranın oğlundan 15 yaş böyük idi. Bu təklifdən Klara çox narazı olsa da, etirazını bildirə bilmir, çünki uğrunda mübarizə apardığı ideyalar məhz bu kimi olaylarda susmaq üçün idi.
Almaniyada kommunist partiyası və onun ideyaları qadağan olunandan sonra Klara Setkin SSRİ-yə köçür və ömrünün qalan hissəsini orada keçirir. 1933-cü ildə dünyasını dəyişir. Onu yandırırlar, külünü isə Qızıl Meydanda Kreml divarında bir qutuya yerləşdirirlər.
Milli.Az
Tarix: 8-03-2023, 10:46
Xəbəri paylaş





Xəbər lenti