"Xalq özünü dəyişmədikcə Allah da onun vəziyyətini dəyişməz...”-İlahi qanun...
"Bu ilahi qanun, ilk növbədə, Allahın mükafat və ya cəzalarının bizim öz əməllərimizdən birbaşa asılılığını nəzərdə tutur..." "Hansı istiqamətdə dəyişəcəyiksə, Allahın bizimlə bağlı iradəsi də eyni istiqamətdə təcəlli edəcək..." "Sizdən sözünü gizlədən də, onu açıq deyəndə, gecənin qoynunda gizlənən də, gündüz aşkar gəzib dolanan da (Allah üçün) eynidir. (Allah kimin nə etdiyini bilir. Heç bir şey Ondan gizli qalmaz). İnsan üçün) onu öndən və arxadan təqib edənlər (mələklər) vardır. Onu (insanı) Allahın əmri ilə qoruyurlar. Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz. Əgər Allah hər hansı bir qövmə bir pislik yetirmək istəsə, onun qarşısı heç cür alına bilməz və Ondan başqa onların heç bir hamisi də olmaz (Qurani-Kərim, Rəd surəsi, 10-11-ci ayələr).
Bu ayələr insanların daim ilahi nəzarət altında olduqlarından xəbər verir. Nəyisə açıq desək də, qəlbimizdə gizlətsək də, gündüzün işığında və ya gecənin qaranlığında gizlətdiyimiz hər şey nəzarət altındadır və qeydə alınır. Yəni heç bir şey Allahın elmindən kənarda qalmaz. Biz buna ürəkdən inanmalı və bu inancdan özümüzə nəzarət mexanizmi kimi istifadə etməliyik. Ancaq bu mexanizmin düzgün işləməsi və bizə faydalı müsbət nəticələr verməsi üçün bir an belə unutmamalıyıq ki, Uca Allah bizim hər bir əməlimizə, hətta bütün niyyətlərimizə nəzarət edir. Şəxsi və ictimai həyatımızda səhvlərimizi vaxtında dərk edib özümüzü tez bir zamanda müsbət istiqamətə dəyişdirməyimiz bu mexanizmin varlığını daim beynimizdə hiss etməyimizdən asılıdır. Yuxarıdakı ayələr Rəbbimizin sonsuz qanununu da xatırladır: “Xalq özünü dəyişmədikcə Allah da onun vəziyyətini dəyişməz”. Bu ilahi qanun, ilk növbədə, Allahın mükafat və ya cəzalarının bizim öz əməllərimizdən birbaşa asılılığını nəzərdə tutur. Və bu, bizim üzərimizə böyük məsuliyyət qoyur: biz mütəmadi olaraq özümüzə nəzarət etməli, lazım gələrsə, düşüncələrimizdə və hərəkətlərimizdə müəyyən düzəlişlər etməliyik. Amma bu öhdəliyimizi unudub eyni vəziyyətdə qalmağa davam etsək, bu, onun nəticələri ilə razılaşmağımız deməkdir. Haqqında danışdığımız bu asılılığı əks mənada da başa düşmək olar. Yəni insan yaxşı əxlaqi keyfiyyətlərini və qəlbin gözəl xüsusiyyətlərini itirənə qədər, o vaxta qədər Allah da bunun müqabilində onu dəyişmədən nemətlərlə mükafatlandırmağa davam edəcəkdir (bax: Ənfal, 8:53). Dəyişikliklər həm müsbət, həm də mənfi istiqamətdə baş verə bilər. Hansı istiqamətdə dəyişəcəyiksə, Allahın bizimlə bağlı iradəsi də eyni istiqamətdə təcəlli edəcək. Buna görə də müsbət keyfiyyətlərimizi saxlamağa və yalnız yaxşılığa doğru dəyişməyə çalışmaq lazımdır. Ayədə qeyd olunan dəyişikliklər təkcə axirətdə gələcək dinc həyatımızla bağlı hərəkətlərimizə aid deyil. Onlara həyatı bütün istiqamətlərdə yaxşılaşdırmaq üçün bütün fəaliyyətlərimiz daxildir. Biz dünyada həyatın bütün sahələrində, elmi bilik və texnologiyadan tutmuş mədəniyyət və incəsənətə qədər böyük dəyişikliklərin şahidi oluruq. İslam cəmiyyətinin digər dünya mədəniyyətlərindən geri qalmasının səbəbi odur ki, ümmətimiz hələ də elm, texnologiya, iqtisadiyyat və digər sahələrdə ətrafımızda baş verən dəyişikliklərə sadəcə seyrçi qalır. Baxmayaraq ki, sahib olduğumuz müqəddəs dəyərlər tərəqqiyə maneə deyil. Əksinə, İslam bizi öz inkişafımızın zəruriliyi barədə xəbərdar edir. Məsələn, Peyğəmbərimiz (S.A.V.) asudə vaxt haqda insanların dəyərini anlamadığı çox əhəmiyyətli bir yaxşılıq kimi danışmışdır. (Buxari, “Köləlikdən qurtuluş kitabı”, 1). O, həmçinin xəbərdarlıq edib ki, biz hər gün dəyişib inkişaf etməliyik: “Bir-birinə bənzər iki günü olan zərər görər” (Xətib Bağdadi “İqtidai-İlmi-Əmələ”, 122).
"İslam-Today" Tərcümə və təqdim etdi:
Sultan Laçın
Tarix: 10-03-2023, 20:49