Martın 9-da Naxçıvan Universitetində "Bloggerlik və incəsənət" mövzusunda seminar keçirilib. Universitet media ilə bağlı sahədə çıxış etmək üçün dəvət etdiyi spiker rəqqasə Oksana Rəsulova olub. Oksana Rəsulovanı universitetə şəxsən rektorun özü Anar Kazımov dəvət edibmiş. Oksana sosial şəbəkə hesabında bildirib ki, əslində universitetə “Həmsöhbət” layihəsi çərçivəsində dəvət edilib və bu görüşdən çox pozitiv enerji alıb. Burası əla. Bəs görəsən saat yarım mühazirəyə qulaq asan tələbələr nə alıblar? Bu sualın cavabı açıq qalır.
Oksana xanımın universitetdə mühazirəsi birmənalı qarşılanmayıb. Tənqid edənlərin sayı məmnun olanların sayından qat-qat çox olub.
Oksana Rəsulova bir rəqqasə olaraq karyerasında irəliləyiş etmiş, müəyyən səviyyəyə çatmış ola bilər. Amma ölkədə bloggerlikdən də, incəsənətdən də, danışacaq çoxlu sayda mütəxəssis, peşəkar ola – ola niyə məhz Oksana Rəsulova dəvət edilirdi? Universitet bu dəvətlə tələbələrinin dünyagörüşünə hansı töhfələri vermək istəyirdi?
Ali təhsil müəssisəsindəki böyük pedaqoji heyətin, alim və professorların qarşısında çıxış edən Oksana xanım onlara nəyi öyrətdi? Tələbələrə yaradıcılıq, söz azadlığı verilib deyə düşünəsi olsaq, auditoriyaya yığılmış tələbələrin uniformada olduqlarını görmək bu düşüncəni alt-üst edir. Ali məktəbdə uniforma məcburiyyəti tələbələrə böyük azadlığın verilməməsinin xəbərçisidir.
Yanlış anlaşılmasın, iradımız Oksana Rəsulovanın şəxsinə qarşı deyil, sadəcə universitet auditoriyasında mühazirə deyəcək, seminar keçəcək şəxsin akademik göstəriciləri, təqdim edəcəyi elmi bilgilər olmalıdır.
Pozitiv enerji, sənət təqdimatından söhbət gedəndə, səhnəyə incəsənət adamlarını, bu sahədə dərs deyən peşəkarları dəvət eləmək olar, o cümlədən Oksana Rəsulovanı. Amma... Amması odur ki, bu mövzuda dərs demək üçün daha peşəkar adamlar var və nəyə görəsə yada da düşmürlər.
Universitet rəhbərliyi Oksana Rəsulovanin sənətinin pərəstişkarıdırsa, bunu başqa formada təzahür etdirə bilərdi. Onun şərəfinə ziyafət verə, çıxış etdiyi səhnələrə böyük gül buketləri göndərə, proqramlarına sponsorluq edə bilərdi, amma universiteti və tələbələri öz şəxsi mülkü saymamalıydı. Əgər hər populyar adamın o auditoriyaya çıxıb əlinə mikrofon almasına şərait yaradılırsa, populyarlıq bu haqqı verirsə, belə çıxır ki, sabah o səhnəyə söyüşləri ilə sosial şəbəkələrdə populyarlıq qazanmış Ləman, Bayram Nurlu və “Daqqılı” da çıxacaq.
İlhamə HƏKİMOĞLU //lent.az//
Tarix: 11-03-2023, 08:01