Xarici universitetlərdə rektor olmuş Azərbaycan alimləri -MARAQLI

Xarici universitetlərdə rektor  olmuş  Azərbaycan alimləri -MARAQLI
 
 
Ölkə xaricində çalışan alimlərimizin bir çox bilik və bacarıqları sayəsində işlədikləri universitetlərdə böyük etimada layiq görülüblər. İstər qonşu ölkələrdə, istərsə Avropa və ABŞ-da bir çox alimlərimiz laboratoriya müdiri, elmi mərkəz rəhbəri, kafedra müdiri, dekan, prorektor, hətta rektor vəzifələrinə layiq görülüblər.
 
SİAM.AZ Moderator.az-a istinadən ölkə xaricində rektor səviyyəsinə qədər yüksələn alimlərin bir qismini təqdim edir:
 
 
Heydər İmanov
 
1944-cü ildə Qubadlı rayonunda anadan olub. 1961-ci ildə Bakıda Yerli Sənaye Texnoloji Texnikumunu (indiki Bakı Idarəetmə və Texnoloji Kolleci) bitirib. 1962-ci ildə Sankt Peterburq Lensovet adına Texnologiya İnstitutunda “Keramika və odadavamlı materialların kimyəvi texnologiyası” ixtisası üzrə təhsil almağa başlamış, institutu bitirdikdən sonra, 1966-1976-ci illərdə “Uran” istehsalat birliyində elmi işçi, 1976-1980-ci illərdə  “Elektrokeramika” birliyində direktor,   1980-1985-ci illərdə Leninqraddakı fayans istehsalı üzrə təcrübə zavodunda və Ümumittifaq farfor-fayans sənayesinin ETİ-da direktor vəzifələrində çalışıb.
1993-cü ildə yenidən Sankt-Peterburqa qayıdan Heydər İmanov buradakı “Farfor” (1993-1996-cı illər) zavodunun, eyni vaxtda həm də Kornilovdakı farfor zavodunun Baş direktoru vəzifəsində çalışıb.
1996-2003-cü illərdə “Elektrokeramika”  QSC-nin prezidenti, 2003-cü ildən isə direktorlar şurasının sədri vəzifəsini icra etməyə başlayıb.
Heydər İmanov texnika elmləri doktoru, Rusiya Təhsil Akademiyasının üzvüdür. Alim 50-dən çox elmi işin müəllifidir. 2004-cü ildən Sankt-Peterburq Smolnı Universitetində fəaliyyətə başlayan akademik Heydər İmanov hal-hazırda həmin universitetin rektorudur.
 
İmran Əkbərov
 
1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. 1975-ci ildə Azərbaycan Politexnik İnstitutuna qəbul olunsa da respublika rəhbərliyinin göndərişi ilə ali təhsilini Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunda davam etdirib. İnstitutdan sonra 1987-ci ilədək dəmiryolu sistemində işləyib. 1987-ci ildə doğma instituta qayıdıb, pedoqoji və elmi fəaliyyətə başlayıb. İstehsalatın idarə edilməsi kafedrasında idarəetmə sahəsi fənlərini tədris edib. 
Son illər Rusiyanın cənub zonasında olan bir sıra ali məktəblərin birləşməsi nəticəsində yaradılmış Cənubi Rusiya Universitetinin rektorudur. Rusiya üzrə ilk özəl ali məktəb lisenziyası alan universitet Krasnodar, Rostov, Stavropol, Volqoqrad, Vladiqafqaz şəhərlərini əhatə edir. Təhsil ocağının 25 mindən artıq tələbəsi, 5 min nəfərlik professor-müəllim heyəti vardır.
 
Fəxrəddin Abdullayev  
 
Hazırda Türkiyədə  Mersin Universitetinin professoru olan   riyaziyyatçı alim bir müddət adıçəkiləm təhsil ocağının rektoru vəzifəsində çalışıb.
Fəxrəddin Abdullayev Mersin Universitetinin xarci ölkə universitetləri ilə əməkdaşlığına böyük töhfələr verib. O, çoxsaylı beynəlxalq riyazi konfransların təşəbbüskarı və təşkilatçısıdır. Alim Ukrayna EA Riyaziyyat İnstitutu ilə elmi əlaqələrin təşkilinə görə 2002-ci ildə Ukrayna EA-nın M.V.Ostroqradski adına qızıl medalı ilə təltif edilmişdir. “Yaxınlaşma və interpolyasiya nəzəriyyəsində müasir metodlar” sahəsində silsilə işlərinə görə 2007-ci ildə Ukrayna EA-nın N.M.Krılov adına mükafatı, 2009-cu ildə isə N.N.Boqolyubov adına qızıl medalı ilə təltif edilib.
 
Professor Abdullayevin rəhbərliyi ilə 10 namizədlik və 8 doktorluq dissertasiyası müdafiə edilib. Onun 150-dən çox elmi işi dünyanın bir sıra ölkələrinin elmi jurnallarında dərc olunub.
 
Azərbaycanlı alim 2006-2010-cu illərdə Mersin Universiteti nəzdində Mersin Texniki Məktəbinin direktoru, 2008-2011-ci illərdə Mersin Universitetinin Təbiətşünaslıq və ədəbiyyat fakültəsinin dekanı, 2010-cu ildə universitetinin rektoru vəzifələrində çalışıb. Hazırda Riyaziyyat bölümünün müdiridir.
 
Aygün Əttar
 
Qardaş Türkiyədə çox yaxşı tanınan professor Aygün Attar  prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvüdür. 2012-2016-cı ildə  Giresun Universitetinin rektoru vəzifəsində çalışıb. Professor Aygün Əttar ixtisasca tarixçidir, indiki Bakı Dövlət Universitetini bitirmiş, Rusiya Elmlər Akademiysının tarix şöbəsində doktorluq müdafiə edib. Oksford Universitetinin Sokrat mükafatına layiq görülüb.
 
5 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilib.
Tarix: 12-03-2023, 08:55
Xəbəri paylaş





Xəbər lenti