Deputatlar oruc tutacaqlarmı? – “Ramazan ayı nə vaxt başlayır ki?” - SORĞU


Müsəlmanların müqəddəs ayı Ramazanın başlamasına sayılı günlər qalıb.
 
Pravda.az Milli Məclisin deputatları arasında Ramazan ayında oruc tutub-tutmayacaqları ilə bağlı sorğu keçirib.
 
Məlahət İbrahimqızı deyib ki, Ramazan adı “Qurani-Kərim”də keçən iki bayramdan biridir:

“Kim özünü müsəlman hesab edirsə, sağlamdırsa, ciddi problemi yoxdursa, səfərdə deyilsə, Allah tərəfindən həmin müsəlmanın oruc tutması buyurulub. Kiminsə oruc tutmasının, namaz qılmasının başqasına dəxli yoxdur. Bu, Allahla öz qulu arasında olan məsələdir. Kimsə oruc tutursa, oruc tutmayandan üstünlüyünün olub-olmadığını Allah bilir. Yaxud kimsə namaz qılır, başqa biri qılmır, bunları Allah bilir. Yəni hər kəs öz borcuna cavabdehdir. Allahın bildiyinin milyardda birini belə, bilmirik. Amma mən Ramazan ayında oruc tuturam. Məqsədim təbliğ etmək deyil. Düşünürəm ki, Allah buyurursa, sağlamamsa, heç bir sıxıntım yoxdursa, səfərdə deyiləmsə, niyə oruc tutmayım? Allah yaratdığı bəndəsinə ziyanlı bir şey tapşırmaz. Bəzən deyirlər, tibb elmi sübut edib ki, oruc bədənə çox xeyirlidir. Təbii ki, tibb alimləri çalışıb, bir şey ortaya çıxarıblar. Amma Allah deyirsə, bunu sübut etməyə ehtiyac yoxdur. Allah deyibsə, bitdi. Onun dediyinə şübhə ilə baxmamalıyıq. Allah buyurub, istəyirsən tut, istəyirsən tutma. Mən tuturam...”
 
Cavanşir Paşazadə də oruc tutacağını deyib:

“Allahın izni ilə çalışacağam imkanım daxilində bütün Ramazanı oruc tutum. Çox sevə-sevə tuturam”.
 
Aqil Abbas, ümumiyyətlə, oruc tutmadığını bildirib:

“Ramazan ayı nə vaxt başlayır ki? Mən oruc tutmuram, ona görə də bilmirəm. Xalqımız, millətimiz üçün uğurlu olsun. Allah oruc tutanların orucunu qəbul eləsin. Qurban kəsənlərin qurbanı bayram olsun. Nə bilim... Heç vaxt oruc tutmamışam. Bir gün elə-belə maraq üçün tutdum. Gördüm tuta bilərəm, amma tutmadım. Çünki mən orda-burda, rayonda oluram. Necə oruc tuta bilərəm?”
 
Tahir Rzayev də Aqil Abbas kimi oruc tutmayanlardandır:

“Din xadimlərinə, müqəddəs bayramlarımıza çox böyük ehtiramım var. Yaxşı dindarlarımızı, İslami dəyərləri təbliğ edən dindarları yüksək qiymətləndirirəm. Əlbəttə, Ramazan bayramının, oruc tutmağın mahiyyətini, əxlaqi dəyərlərini qiymətləndirənləri də özümə yaxın insanlar hesab edirəm. Ancaq oruc tutmaq üçün ona hazır olmaq lazımdır. Mən hələ ki buna hazır deyiləm. Çünki insan oruc tutmaq üçün vaxtını düzgün bölməli, müəyyən çətinliklərə tab gətirməli, tələblərə əməl etməlidir. İnsan fiziki cəhətdən tam sağlam olmalıdır ki, ac qaldığı müddətdə səhhətində problem yaranmasın. Ona görə də indiyə kimi oruc tutmamışam. Ancaq bu bayramı yüksək qiymətləndirirəm. Oruc tutanlara da sağlamlıq arzulayıram, Allah tutduqları orucu qəbul eləsin”.
 
Tahir Kərimli də oruc tutmayacaq:

“Xəstəliyim buna imkan vermir. Amma ailə üzvlərimin, yaxın qohumlarımın arasında oruc tutanlar var...”
 
Fazil Mustafa isə belə suallara cavab verməyi doğru hesab etmir:

“İnsan oruc tutur, ya tutmur, bunu hansısa imtiyaz, fərqləndirici məsələ kimi görmək yanlışdır. Hərənin inancı özünə aiddir. Bunu açıqlamaq doğru deyil”.
 
Ceyhun Məmmədov oruc tutacağını qeyd edib:

“Hər il olduğu kimi oruc tutacağam. Artıq neçə müddətdir, mən də oruc tuturam. Hesab edirəm, hər bir müsəlman oruc tutmalıdır. Ramazan İslamda müqəddəs aylardan biridir. Bu ayda müəyyən işlər var ki, hər il əməl etməyə çalışıram. Bütün oruc tutanlara oruclarının qəbul edilməsini arzulayıram. Allah qəbul eləsin, bu mübarək ayda dövlətimizi, xalqımızı qorusun”.
 
Razi Nurullayev sorğuya belə cavab verib:

“Allah qismət etsin ki, oruc tuta bilim. Bəli, oruc tutacağam”.
 
Elman Nəsirov isə “İlin çox fəsli oruc tuturam” deyib.

Naqif Həmzəyev də tez-tez oruc tutduğunu deyib:

“Demək olar, hər gün oruc tuturam. Xüsusi qida rasionum var. Amma çalışacam ki, Ramazanda oruc tutum”.
 
Arzu Nağıyev isə əvvəllər oruc tutduğunu bildirib:

“Sonra iş və həyat tərzimlə əlaqədar fasilə verdim. Bu il çalışacağam oruc tutam...”
 
Azər Badamov hər il Ramazan ayında oruc tutuğunu deyib:

“Qarşıdan gələn Ramazan ayında da oruc tutmağa çalışacağam. Allah hər kəsin orucunu qəbul eləsin!”
Tarix: 18-03-2023, 09:50
Xəbəri paylaş





Xəbər lenti