"Onlar üçün biz hamımız Sorosun marionetləri, satqınları və Qərbin törəməsiyik" - Arşakyan
“Mən və bütün tanışlarım Marqarita və bənzərlərinin Rusiyaya tabe olan dövlətdən çıxmağa çalışan Ermənistana münasibətindən ikrah hissi keçiririk. Onlar üçün biz hamımız Sorosun marionetləri, satqınları və Qərbin əlavələriyik”.KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Tevos Arşakyanın məqaləsində yer alıb: “Rusiyada ən böyük erməni icması fəaliyyət göstərir. Amma Rusiyadakı diasporumuzun içində öz kökünü çoxdan unudub ermənidən çox ruslaşanlar var. Üstəlik, onlar Rusiyanın imperiya ambisiyalarına xidmət etməkdən məmnundurlar. Onların adları ölkəmizdə yaxşı tanınır. Bunlar Ara Abrahamyan, Sergey Kurqinyan, Semyon Baqdasarov, Karen Şaxnazarov, Marqo Simonyan və Tiqran Keosayandır. Marqot da yuxarıda adları çəkilən erməni soyadlı, lakin rus ruhlu şəxslər kimi uzun illərdir Ermənistanın Rusiyaya birləşdirilməsinin vacibliyini təbliğ edir. Eyni zamanda, Rusiya kanallarının təbliğat tok-şoularından əl çəkməyən bu quldur Ermənistanın maraqları ilə praktiki olaraq alver edir. Açığı, bu şəxslər artıq özlərini xalqımızın bir hissəsi hesab etmirlər. Onlar tamamilə ruslaşdırılıb. Və ona görə də, Ermənistanla Qərb arasında istənilən əlaqə ən dəhşətli cinayət hesab olunur. Onlar üçün biz hamımız Sorosun marionetləri, satqınları, Qərbin törəməsiyik. Sonda saysız-hesabsız əsassız ittihamlardan yorulan Ermənistan hakimiyyəti hələ ötən ilin oktyabrında Marqo da daxil olmaqla bir sıra Rusiya ermənilərini persona non qrata elan edib”, – Arşakyan vurğulayıb.
“Təbii ki, bu qadağa bir sıra rusiyalı ermənilərin anti-erməni siyasətinə gecikmiş reaksiyasıdır. Amma onu Ermənistan vətəndaşları dəstəkləyib və başa düşüb. Hərçənd Nikol Paşinyan ölkəyə giriş qadağasının səbəbini izah etməyə vaxt tapmamış Simonyan baş naziri təhqir edib. Sitat: O, Rusiyaya nifrət edir və Putini aldadır, o, namussuz, vicdansız zibil parçasıdır. Onsuz da Ermənistana getmirdim və həyatımda cəmi iki dəfə orada olmuşam: 25 yaşında müdirimlə işgüzar səfərdə, 35 yaşında Tiqranla”, – Simonyan qəzəbli şəkildə deyib. Əgər Ermənistana getməyəcəkdinizsə, niyə bu qədər həyəcanlanırdınız? Siz bir rusun çəkməsini yalamağa hazırsınız, amma bizə nifrət edirsiniz. Çünki biz bunu istəmirik. Bu gün Ermənistanın və erməni xalqının taleyi və gələcəyi həll olunur. Və indi hərəkət etdiyimiz yol gələcəyimizi müəyyən edəcək”, – deyə Arşakyan fikirlərini tamamlayıb.
Tarix: 19-03-2023, 08:57