Youtube kanalında Ara Aslanyanın istifadəçi “Van və Taroni” adlı erməni instrumental musiqisini paylaşıb. Həmin musiqi azərbaycanlı sosial media istifadəçilərinə də tanışdır. Uzun müddətdir sosial mediada “Elçibəy havası” kimi təqdim olunan musiqi ilə bağlı müxtəlif versiyalar səslənir. Hətta bir müddət Əbülfəz Elçibəyin iştirak etdiyi toy mərasimində çəkilmiş rəqs görüntüləri “Elçibəy erməni mahnısına rəqs etdi” başlığı ilə paylaşılıb. Bir çox istifadəçilər düşünürdülər ki, kimlərsə erməni mahnısını Elçibəyin rəqs videosuna əlavə edib və onun “erməni rəqsi” oynaması haqda təəssürat yaradıblar. Bəzi istifadəçilər isə “erməni rəqsi” olmasını iddia edərək, sözügedən videonun silinməli olduğunu bildiriblər.
Bəs həqiqət necədir: doğrudanmı səslənən musiqi erməni mahnısıdır?
Publika.az xəbər verir ki, Faktyoxla Lab. mahnının mənbəyini axtarıb taparaq, əsl həqiqəti ortaya çıxardıb.
İlk olaraq axar.az saytında mövzu ilə bağlı maraqlı araşdırma aparıldığını qeyd etməliyik. Həmin araşdırmada Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli bəzi suallara aydınlıq gətirib.
Biz bu araşdırmanı bir az da dərinləşdirdik. Araşdırmalarımız zamanı, rəqsin Türkiyənin Van vilayətində “Toyçular yarcan” adı ilə məşhur olduğunu və oynanılması ilə yanaşı sözləri ilə bərabər də oxunduğunu da müəyyənləşdirdik. Məlumdur ki, toyçular toylarda şadlıq evinə (toy evinə) gələn qonaqlara deyilir. Adətə görə, “toyçu” dediyimiz qonaqlar oğlan evindən qız evinə xına yaxmaq üçün gedirlər. “Basalya” adlanan bu adət-ənənəyə görə toya gələn qohum-qonşu zurna və nağara sədaları ilə evdən çıxırlar. Bu arada halay rəqsləri ifa olunur, bayatılar deyilir, xalq mahnıları oxunur. Həmin xalq mahnılarından və rəqslərindən olan “Toyçular yarcan” rəqsinin hekayəsi Vanın Mollaqasım kəndindən olan Tanqo Ağanın yaratdığı düşünülür. Toya ifaçı kimi dəvət olunan Tanqo Ağa ayağa qalxar, dəsmalı götürər və ifaçılar haqqında olan xalq mahnısını oxuyub, oynayarmış. (mənbə)
Mütəxəssislərin fikrincə iki dəfə təkrar olunan sözlərdən ibarət olan mahnı bəzən qarışıq, bəzən də kişilər və qadınlardan ibarət ayrı- ayrı qruplar tərəfindən ifa olunur.
Araşdırmalarımız zamanı o da məlum oldu ki, rəqsin yarandığı Mollaqasım kəndinin əhalisi Azərbaycan xanlıqlarından biri olan Maku xanlığının tərkibindəki Kürəsünni (və ya Kürəsünni, Kürəsünnü, Kürəsinli) kəndindən gələn oğuz türklərindən ibarət olub. Oğuzların Çepni tayfasından olan Kürəsünni tayfaları coğrafiyasındakı icmalardan fərqli olaraq sünni məzhəbinə tapınıblar. Bu tayfa, Birinci Dünya Müharibəsi illərində bölgənin Rusiya tərəfindən işğalından (və ermənilərin silahlandırılmasından) çox əziyyət çəkib, itkilər veriblər. Bu gün Kürəsünnilərin böyük əksəriyyəti Cənubi Azərbaycanda Urmiyə, Türkiyənin Van bölgəsinə səpələnərək yaşayırlar.
Yenidən qayıdaq mahnıya. Mahnının sözlərinə diqqət yetirilərsə bir çox mətləblərə aydınlıq gətirmək mümkün olur. “Toyçular Yarcan” mahnısının bir bəndində deyilir:
Evleri Yol Üstüdür,
Toycular Yar Can,
Kemeri Bel Üstüdür.
Kolunda Mercan.
Her Dem Gidem O Yâre,
Ben Sana Hayran,
Goy Desinler Dostudur
Oy Aman Aman.
Bəstəkar Səid Rüstəmovun bəstələdiyi, lakin zamanla xalq mahnısı kimi sevilən, xalq artisti Sara Qədimovanın səsləndirdiyi “Yar haralısan?!” mahnısında bənzər sözlərdən istifadə edilməkdədir:
Evləri yol üstədir, yol üstədir,
Tüfəngi qol üstədir, qol üstəfir.
Gedirəm görüşünə, sevgilim yol üstədir,
Sevgilim yol üstədir, yar haralısan?
Həmçinin, Kərkükdən, Şərqi Anadoluya, ordan da Azərbaycana kimi geniş bir ərazidə tanınan məşhur “Ay Cəmo, ay Cəmilə” mahnısında da tamamilə oxşar bənd mövcuddur:
Evləri yol üstədi Kəməri bel üstədi Çox gəlib keçmə burdan Deyərlər ki, dostudu Ay Cəmo, ay Cəmo Ay Cəmilə, Cəmilə
İndi isə gəlin, internetdə mövcud olan “Toyçular Yarcan” mahnısının erməni versiyalarına diqqət yetirək. “Kürd tarixi, toplum, mədəniyyəti” adlı youtube kanalı nədənsə “Toyçular Yarcan” halayını ermənilərin “Köçəri” halayı kimi təqdim edir və onun Türkiyənin Ərzincan və Adıyaman regionlarında oynanan “Kürd payəsi” halayı ilə oxşar olduğunu iddia edirlər. Halbuki, “Toyçular yarcan” halayı sözlü olaraq “TRT”-nin arxivinə 1977-ci ildə Soner Özbilen və Yaşar Topçamın səsləndirməsi ilə qeydə alınıb.
“Zülal trio”nun erməni dilində səsləndirdiyi “Gatser im şugen” (“Mən bazara getdim”) yeddi il öncə, Şahiya Stranan adlı müəllifin kürd dilində səsləndirdiyi “Porzerina mın” (“Canım sarısaçlım”) isə təqribən on iki il öncə qeydə alındığı məlum olur.
Ara Aslanyanın “Van və Taroni” adı ilə təqdim etdiyi mahnı isə oğurluq olmaqla yanaşı, həm də torpaq iddiasını nümayiş etdirən təbliğat vasitəsidir. Belə ki, rəqsə verilən “Van və Taroni” adı Türkiyənin hazırki “Van-Muş” düzənliklərinə verdikləri addan götürülüb. Ermənilər hər zaman bu ərazilərə iddialı olublar. Amma hər nə qədər ermənilər bu rəqsin onlara aid olduğunu iddia etsələr də, improvizə rəqs sayılan “Van və Taroni” youtube sosial şəbəkəsinə on il bundan əvvəl yerləşdirilib.
Bir də “Kürd tarixi, toplum, mədəniyyəti” adlı youtube kanalının bağlı olduğu “Bitlis Düşüncə və çalışma” qrupu da tez-tez həyata keçirdikləri tədbirlərdə, həmçinin qrupun rəsmi veb səhifəsində kürd və erməni xalqlarının yaxınlığından bəhs edir, Türkiyənin cənubi–şərqində ermənilərə qarşı soyqırım həyata keçirilməsi ilə bağlı əsassız iddialarla çıxış edərək ermənilərdən zavallı millət obrazı düzəltməyə çalışırlar.
“Kürd tarixi, toplum, mədəniyyəti” adlı youtube kanalı sahibi, qatı ermənipərəst mövqeyi ilə seçilən kürd əsilli Nimetullah Atal vasitəsilə Güney Azərbaycandan köçən Azərbaycan türklərinin bəstələdikləri “Toyçular Yarcan” halayını ermənilərin “Köçəri halayı” kimi təqdim edir və bunun kürdlərin də oynadığı “Kürd payəsi” rəqsi ilə eyni olduğunu bildirir. Amma maraqlıdır ki, Ərzincan–Adıyaman bölgəsində oynanıldığı iddia edilən həmin halaya “Bitlis Düşüncə və çalışma” qrupuna aid sosial media hesablarından başqa heç bir yerdə rast gəlmədik.
Mövzu ilə bağlı əlaqə saxladığımız Türkiyənin rəqs mütəxəssislərindən biri olan Dr.Derya Akdemir bildirib ki, bu musiqini bir quruluş olaraq araşdırdığımız zaman, onu yallı (halay) qrupuna aid olduğunu görə bilərik. Musiqinin dilini bilən insanlar bu musiqinin hansı xalqa, hansı mədəniyyətə aid olduğunu həmin dəqiqə anlayırlar: “Bu rəqs ilk dəfə Azərbaycan musiqiçiləri tərəfindən toy, nişan və sünnət mərasimlərində ifa olunub. Əslində bir çox ölkədə millətçi hərəkatların yayılması ilə ortaq türk kimliyini mənimsəyərək ortaq mədəni irsə çevrilmiş bir rəqsdən bəs edirik.
Yallının çıxışı Azərbaycandan başlayıb. Bu yallı 6/8 ritmli yallıdır. 6/8 - lik ritmlər isə bütün dünyada tanınan Azərbaycan musiqisinin, milli kimliyinin açarıdır. Bildiyimiz kimi, bir qrup azərbaycanlı musiqiçi Vanda toyda iştirak edir və orada çıxış edirlər. Səsləndirdikləri musiqi xalq tərəfindən sevilir və Türkiyədə yayılır. “Van oyun havası” adı ilə anılır.
“Qardaşlıq dastanı” rəqs topluluğunun sənət rejissoru Sərhad Turak bildirib ki, rəqsin musiqisi və özü Van bölgəsində türkmən əsilli vətəndaşlarımızın ifa etdiyi və oynadığı bir rəqsdir. Və bu musiqinin sözlərinə baxsanız, təmiz türkcə yazılıb, “Toy” sözü məsələn, qurultay, məclis, toy deməkdir. Məsələn, "Mən" sözü kimi. Dediyim kimi, çünki bu, bizim öz musiqimiz və rəqsimizdir: “Van bölgəsində, sərhədə yaxın olan Ermənistanda da həmin rəqs musiqisi səsləndiyi üçün bu musiqidən təsirlənmiş və toyçular digər tamaşalarımızı, musiqilərimizi ifa etdikləri kimi bizim musiqimizi də ifa ediblər və indi də ondan istifadə edirlər. Nəticədə, bizim buradan götürməli olduğumuz dərs mədəniyyətimizi qorumalı olmağımızdır. Əks halda, bölgəyə yaxın olan digər xalqlar bizim mədəniyyətimizə sahib çıxacaqlar”.
Göründüyü kimi
- “Toyçular Yarcan” rəqs havası Güney Azərbaycandan Vana köçən soydaşlarımızın bəstələdiyi rəqs havasıdır,
- Həmin rəqsin erməni rəqsləri ilə qətiyyən əlaqəsi yoxdur,
- Erməni və kürd musiqiçiləri bu rəqsi özününküləşdirməyə cəhd etsələr də, “Toyçular yarcan” adı ilə bilinən rəqs hələ öz orijinallığını qoruyub saxlamaqdadır,