Səsyazan milyarder


İsraildə səfirliyimizin açılışı çox alqışlanası hadisədir. Biz bu səfirliyi çoxdan açmalıydıq. Necə deyərlər, dünyanın düzgün tərəfində durmaq lazımdır. İndiyə qədər onlarla mənasız, beş qəpiklik dəyəri olmayan dövlətlərdə səfirliklər açmışıq. O cümlədən, İran, Rusiya, Fransa kimi de-fakto Azərbaycana qarşı düşmənçilik edən dövlətlərdə elçiliyimiz var idi, həmişə açıq və ya örtülü şəkildə bizə dəstək verən İsraildə isə yox idi. Yəqin ki, bunun günahkarlarından biri keçmiş xarici işlər naziri Elmar Məmmədyarov idi (suç keçisi axtarmağa çox vaxtımız yoxdur, əlimizə birinci bu keçdi).
Lakin səfirliyimizin Yerusəlimdə açılması ilə İsraildə etiraz aksiyalarının başlanması maraqlı təsadüfdür. Camaat hər gün mitinq eləyir, hətta arada parlamentin binasına girmişdilər. Düzdür, onlar səfirlik açmağımıza etiraz etmirlər, məqsəd hansısa məhkəmə islahatına qarşı çıxmaqdır. Yerli hökumət məhkəmələr haqda qanunda nəyisə dəyişdirmək fikrindədir, heç bilmirəm nədən söhbət gedir.
Dünyada belə qəribə ərazilər var. Camaat doğru-düzgün məhkəmə, hakim tapmır, bunlar isə islahata etiraz edir.
Hərçənd ola bilər ki, İsraildə etiraz aksiyalarına Azərbaycanın dolayısı ilə təsiri olmuşdur. Axı biz demokratik dövlətik! İndi demokratiyamızdan bir neçə damcı səfirlik formasında İsrailə sıçrayıbdır, xalq ayağa qalxmışdır. Gözləyək. Əgər yaxın günlərdə “Yerusəlim Post” qəzeti “Azərbaycan İsrailə demokratiya ixrac elədi” başlığı atmasa, sakitləşərik. Əks halda, gül kimi münasibətlərimizə mitinq ləkəsi düşmək üzrədir.
Hərçənd bizi də çox qınamaq olmaz. Xasiyyətimiz belədir, nə edəsən. İnsan kimi millətlər, dövlətlər də xasiyyətini çətinliklə dəyişir. İndiyəcən dəfələrlə Amerikadan, Avropadan-zaddan Azərbaycana müraciətlər edilib, “Demokratiyanızı bir az azaldın, bizim üçün çox çətindir” söyləmişlər, lakin bizim əyləcimiz tutmur.
İnsan xasiyyəti demişkən... Bizim Rusiyada varlanmış bir həmyerlimiz var. Göyçaylı Fərhad Əhmədov. Qardaşımızın pulunu balta kəsmir, rəsmən milyarderdir, sağ olsun, arada gəldi Göyçayda nar festivalı-filan düzəltdi, bir-iki zavoda maya qoydu, yaxşı araqlar buraxır, inşallah, orucluq qurtarsın içərsiniz. Ancaq bunun başı qalmaqaldan açılmır. Gah boşadığı arvadı London məhkəməsinə verib neçə yüz milyon dollarını qapazladı, gah səs yazısına görə az qalmışdı zibilə düşsün.
Bu səs yazısı mövzusu xüsusən maraqlıdır. Bir ordu zabitimizin səs yazısı yayılmışdı, orada çox qalmaqallı mövzular var idi, dedilər bunu Fərhad müəllim yazıya alıb, sonra da efirə buraxıb. Nə niyyətlə, orası qaranlıq qaldı. Buna görə Fərhad müəllimi əlaqədar orqanlara aparıb yüngülvari qıdıqlamışdılar, şükür, o iş qansız-qadasız bitdi. Ya da ola bilər səsi sonra çıxsın. Hər halda, atəşkəs imzalandı.
İndi isə Fərhad müəllimin rusiyalı bir artistlə söhbətinin səs yazısı ortaya çıxıb. Orada bu iki kişi Rusiya prezidenti Putini ortaya qoyub, ağ yuyub, qara səriblər. Hamımızı zibilə salıb, başı xarabdır, axırı çatıb və sairə. Təsəvvür elə, ərinməyib oturub sayıblar ki, həmin söhbətdə Fərhad müəllim və həmsöhbəti təkcə bir ədəbsiz rus sözünü (b hərfi ilə başlayır, bizim dildə qarşılığı yoxdur) 157 dəfə işlədiblər.
Əlbəttə, mən söhbətin stenoqramını oxudum, çox gözəl müzakirədir, hələ Putin haqda bəlkə az deyiblər. Sadəcə, adamın dalağı sancır ki, ayə, necə olur, qısa müddətdə içində Fərhad müəllim olan azı 2 söhbətin gizli səs yazısı yayılır? Bunu başqaları edir, yoxsa Fərhad müəllim özü bütün söhbətlərə diktafonla gedir?
Vaxtilə bizdə bir vəkil var idi, hamının səsini yazmışdı. Axırda qızışıb özünün də səsini yazdı, tutdular. Bilənlər bilir kimdən bəhs edirəm, bilməyənlərə də salam olsun.
Tarix: 28-03-2023, 11:10
Xəbəri paylaş





Xəbər lenti